İcimizdə hələ də tükənməyən "KREML SEVDASI" - Hanı cəmiyyətimizin üzdə olan adamları...
Hamının səbirsizliklə gözlədiyi ABŞ -Rusiya dövlət başçılarının Alyaska görüşü nəhayət ki, baş tutdu. Bu görüşdə Rusiya - Ukrayna savaşı ilə bağlı hansısa ədalətli qərarın qəbul edilməsindən söhbət gedə bilməz. Əgər belə bir addım atılsaydı, görüşdən sonra hər iki tərəf bunu açıq şəkildə dilə gətirərdi. Amma görüşdə niyyətin Rusiya xarici işlər naziri Lavrov-Kələntəryanın əynindəki köynəyin sinəsinə yazılmış SSSR ifadəsindən o tərəfə keçməyəcəyi əvvəlcədən aydın idi. Bilirsiniz niyə? Çünki həm ABŞ, həm də Rusiya həyata bic doğulmuş uşaq təsiri bağışlayırlar. Bu gün onların hökmranlıq etdiyi ölkələrdə həmin torpaqların qanuni sahibləri olmuş xalqlar hakimiyyətdə deyil. Bir də ki, bu görüş ikinci dünya müharibəsi dövründə (1943)SSSRİ - ni almanların əlindən almaq üçün keçirilən Tehran Konfransını xatırlatdı. İndi də təxminən eyni oyun oynanır. Ukraynasız Ukraynanın taleyi həll olunur, dünya bazarında hökmranlıq edən Çinin zəiflədilməsi üçün Rusiya kartından istifadə olunur, Rusiya-Çin-İran münasibətləri gərginləşdirilir və rus faşizmi bölgənin jandarmı kimi həm Qərbin, həm də formalaşmaqda olan Türk birliyinin qarşısına qoyulur. Nəticədə rus İmperiyasını ömrü uzadılır. Bu mümkün olacaqmı? Zaman göstərər.
Əslində İngiltərə, Almaniya, Fransa kimi köklü dövlətlərin narahatlığına səbəb olan və onları Ukraynaya yaxınlaşdıran səbəb də yuxarıda qeyd etdiklərimizdən ibarətdir. Şübhəsiz, əvvəlki hökmlü dövrlərindən əsər-əlamət qalmayan, amma hamıdan güclü olduğu inkaredilməz olan ABŞ-ı bu məsələlərdə öz hərbi-siyasi və ticari istəkləri maraqlandırır. Yəni ABŞ üçün beynəlxalq insan haqları deyilən anlayış bütün istəklərdən öndə dayansaydı, indiki məqamda istilaçı rus cəlladı ilə üzbəüz oturmazdı. Soruşula bilər ki, bəs, Azərbaycan-Ermənistan münaqişəsinin aradan qaldırılmasında və sülhə çağırış məqsədlərində ABŞ səmimi deyilmi? Bilmək olmaz. Bir də ki, bu qanlı savaşın yaradıcısı və yüz illərdi idarə edəni də Rusiyadır. Onu burdan ayırıb daha böyük davalara yönəltmək olar. Hərçənd ki, ayaqda qalması üçün Kreml xuntasının ən ağır cinayətlərə yönəlməsi mümkündür. Nə isə.
Qaldı ki, Rusiya-Azərbaycan münasibətlərinə, bu lənətə gəlmişlər, bölgəyə özlərinin koloniyası kimi baxdıqları və həmişə belə düşündükləri üçün heç vaxt bizə normal münasibət bəsləməyiblər. Son dövrlərdə baş verənlər bunu bir daha təsdiqlədi. Amma etiraf etmək lazımdır ki, nə Rusiyada, nə də başqa ölkələrdə guya ölkənin və xalqın təmsilçisi olan diaspora təşkilatları heç bir iş görməyiblər. Hətta öz maraqları naminə azərbaycanlıların tapdalanmasına belə şərait yaradıblar.
İndi düşmənlər hər tərəfdən üstümüzə hədə-qorxu yağdırırlar. FSB-nin muzdlu politoloqları, jurnalistləri, deputatları hər gün Bakını “bombalayırlar.” Üzdəniraq Mixalkovdan tutmuş, ərə getmiş oğlunun doğacağını gözləyən Solovyevə qədər. Amma nədənsə cəmiyyətimizin üzdə olan adamları (siyasi, mədəni, elmi, ədəbi və hüquqi qurumları) müəyyən istisnaları nəzərə almazsaq, susmağa üstünlük veriblər. Deməli, bunların içində Kreml sevdası hələ tükənməyib…
Tanrı dövlətimizi və xalqımızı qorusun!
Elbariz Məmmədli,
şair-publisist








