Bia.Az

Haqq ayaqyalın gəzir bu torpaqda... - YENİ ŞEİRLƏR

KÖŞƏ YAZARLARI
 17-08-2025, 01:21     2 232

DÜNYA

(Nəsimi irfanında)
Mənəm bu dünyanın əski güzgüsü,
sindirdılar baxdıqca,
çünki özlərini gördülər içimdə.
Kimi qorxdu,
kimi yandı,
kimi küfr dedi -
amma Tanrıdan danışdım mən.
Bədənim bir paltardı -
gördülər, yırtdılar.
Lakin ruhum paltarsız idi,
özə çatmış,
həqiqətdə qovuşmuşdu.
Ey dünya deyib özünə kral olan,
hanı o taxt, o tac?
Əcəl gəldi -
təxtini torpaq,
tacını daş etdi.
Bu dünya -
böyük bir sınaq deyil,
sənə özünü unutduran bir sehrdir.
Unudarsan - 
xar olarsan.
Xatırlarsan - 
nur olarsan.
Mən bir an doğuldum - 
sonsuzluğu içimdə tapdım.
Qopdu zaman,
çoxaldı bədənlər,
amma “mən” birdir,
və O’dur.
Ənəl-Həqq - deyən dil mənəm,
eşidən də O,
dönüb daş atan da O...
Mən bir ad idim,
səda oldum,
səda ikən- sırdaş oldum,
və Sirdən gəlib Sirrə getdim.
Sən də, ey dost,
bir gün dərini soy,
özündən keç,
və gör:
Nə cənnət arzulayan qalacaq,
nə cəhənnəmdən qorxan...
Qalan yalnız Hüsn olacaq - 
və Həqiqət.
Bədən torpaqdı - 
əmanətdir.
Amma surətə baxıb
məzmuna kor olan
nə bilir ki,
biz zatdan danışırıq...
Bu dünya - 
bir naxışdır Həqqin üzündə.
Sən bu naxışı oxusan,
özünü taparsan.
Özünü tapsan,
O’nu itirərsənmi?
Yox, dostum.
Çünki
Sən O’san, O Sənsən,
aradakı pərdə - nəfsindir.

"Sözünlə sükuta qarışan"
(Nazim Hikmətin ruhuna)

Sən getmədin,
ağac oldun,
kölgə oldun,
hələ də Gülhanə parkında
Allahın nəfəsi kimi
yarpaqlarda titrəyirsən…
Sən bir söz idin,
dənizə düşüb batmayan,
atəşə atılıb yanmayan,
rədd edilən, lakin
göy üzünə dua kimi qalxan...
Yas içində doğuldun sən,
amma heç kim sənin
gülümsəyən ağrını anlamadı.
Müqəddəs idi sənin sevgin –
çörək kimi bölünən,
su kimi paylaşan...
Ey, ruhu zindanda azad qalan adam,
biz səni anlayırıq indi,
çünki biz də bir az
susqun, bir az üsyankar,
bir az da sən olmuşuq bu əsrdə.
Üzün qadağan olundu,
adın silinmək istəndi —
amma sevənlər səni
ürəklə yazdı divarlara,
çünki sən sevgini
bir inanc kimi yaşadın.
Və inanc – susmaq deyil,
danışmaqdır,
ümid kimi
qırılmış dodaqlardan süzülməkdir.
Sən Allahı
bir sevgi qədər saf sandın,
bir qadının gözündə
cənnət gördün.
Bəlkə də elə buna görə
azadlıq sənin üçün
namazdan da əziz oldu.
İndi isə sən
bir yel kimisən,
gül yarpağına toxunan,
sözün altına sığınan,
ağac kökündə dua edən...
Sənin adınla başlayan
bir səssizliyi daşıyıram içimdə.
Ey ceviz ağacında şeirə çevrilmiş can,
biz səninlə
yer üzünü
bir az daha yaşana bilər etdik...
Mərhəmət olsun ruhuna,
sözün nurla dolsun,
və bil ki —
dahilər unudulmaz,
çünki onlar Allaha
bir addım daha yaxın yazanlardır.

Haqq ayaqyalın gəzir bu torpaqda...

Şair Elxas Comərdə

Bir nəfəslik işıq idik,
Qaranlığın qoynunda doğulmamış…
Sonra bir səs çağırdı bizi –
“Düş dünyaya,
Orda öyrənəcəksən
itirməyi…”
Biz ruh idik –
Saf, şəffaf, səsiz…
Sonra bədən gəldi,
Ad qoyduq adına: nəfs.
Nəfs gözlə gördü,
Ruh isə hisslə…
Nəfs istədi –
Daha çox, daha tez, daha hirsli.
Ruh isə gözləyirdi –
Səbir, sükut, səmimiyyət içində.
Dünya ikiyə bölündü o gündən:
Bir yanda işıq,
Bir yanda kölgə.
Haqq ayaqyalın gəzir bu torpaqda,
Zülm isə palazlı at minir.
Səssizlər daşlanır,
Qışqıranlar kürsüdə.
Kim haqq danışırsa –
O, “dəli” sayılır…
Əgər bu dünya ağıllılarınsa,
Niyə bu qədər qəbir var?
Əgər bura sevginin yeridirsə,
Niyə bu qədər nifrət böyüyür qəlblərdə?
Soruşuram səssizcə:
– “Ey ruh, haradasan?”
O cavab verir:
– “Susduğunda yanındayam…”
Əgər hamı görürsə zülmü,
Niyə heç kim dayanmır?
Əgər hər kəs bilir yalanı,
Niyə hamı susur?
Əgər dua edirsə hamı,
Kim eşidir o duaları?
Yollar var –
İçindən keçmədikcə
həqiqətini anlamazsan.
Könüllər var –
Qapısını döymədikcə
işığını görmməzsən.
Bu dünya –
bir xəyal qədər qısa,
bir əbədiyyət qədər dərindir.
Nəfs qışqırır: "Mən varam!"
Ruh pıçıldayır: "Sən yoxsan…"
Haqq, qardaş,
O – gözdə deyil,
O – vicdandadır.
Əgər içində bir titrəmə yoxdursa
bir uşağın göz yaşı üçün,
sən ölmüsən –
sadəcə, yeriyirsən…
Axtar, qardaşım…
Dünya səni aldadır –
amma ruh yalan danışmaz.
Qaranlıq gecələrdə
bir nur varsa,
bil ki, o – sənsən.
Çünki Haqq,
içimizdə gizlənib...
Sadəcə, onu eşidən
çox az qalıb.

Səni görmədən də...

Səni görmədən də
səni tanıyırdım –
ruhuma yazılmış
bir qədim dua tək,
bir ahəng, bir nida,
gözlərimi yandıran işıq idin sən...
Mən səni
ruhumun en dərin
sükut qatında dinlədim,
hər gecə səsin gəlirdi –
nə küləkdi, nə də nəğmə –
elə bil nəfəsindi,
məni yaşadan...
Sən mənə
özümü unutdurdun,
adımı, yolumu,
bir vaxtdan sonra
sənin varlığında itirdim məni...
Və nə gözəldi o itki,
nə şirinmiş yox olmaq,
səninlə dolub,
səndə ərimək...
İndi mən
sənsizliyə belə minnətdaram –
çünki sənsizlik də sənsən,
çünki səndən
qaçan yolların da
məkanı sənsən...
Ruhumdan axırsan,
sükutumda titrəyirsən,
və mən danışıram –
səninlə,
sənin dilində,
sənin adından…

Ədalət Qarabulud.скачать dle 12.1