Bia.Az

"TANRININ ALİMİ" (Poema) - Ədalət Qarabulud

KÖŞƏ YAZARLARI
 14-08-2025, 01:04     3 847

TANRININ ALİMİ...
        = Poema =
(Alim Qasımova ithaf olunur)

 Epiqraf

 "Səssizliyin içində səslə danışan adamdır Alim."

   "Səda bir Hal olduqda, sözə yer qalmaz…"

 GİRİŞ

SƏSİNİ SUSDUR, İLAHİ...

Alim oxuyur...
sanki səma yırtılır,
ulduzlar silkələnir,
qərib bir nur süzülür səsinin içindən.
Muğam –
yerdə deyil bu,
göyün səsini əyib gətirib
insan dilinə salmaq kimi bir şey.
Səsi qalxır –
zilin zirvəsində
bir pərdə titrəyir
Səninlə bizim aramızda.
O pərdə ki,
qalındır,
nəhəngdir,
hər şeyi örtdüyü üçün
dünya gözəldir bir az.
Amma Alim oxuyanda
o pərdə kövrəlir,
elə kövrəlir ki
külək keçir arasından,
və mən qorxuram…
ya tam çəkilərsə bir gün?
ya Sənin üzünü görsək,
və daha heç nə cazibəli olmasa?
Nə işıq,
nə qaranlıq,
nə sevgi,
nə göz yaşları…
Səni görəndən sonra
dünya kiçilər, İlahi.
Səni eşidəndə
dünyanın musiqisi susar.
Ona de…
ürəyinə rəhm sal,
bir az sakit olsun.
Bir az susun səs telləri,
bir az dincəlsin kainat.
Çünki biz hazır deyilik, hələ
Səni bu qədər yaxın duymaga.
Səsi…
yalnız bir səs deyil,
bir dua kimi,
bir ah kimi düşür torpağa.
Oxuyur…
və birdən dünya durur,
quşlar unudur oxumağı,
küləklər nəfəsini kəsir,
su belə axmaqdan utanır.
İnsan ruhu titrəyir,
çünki o səsin içində
yalnız bir sənətkarın yox,
bir bəndənin iztirabı var.
Səni sevir –
elə çox, elə dərindən ki,
bizim sevgimiz ona bənzədəndə
utanırıq özümüzdən.
Biz dua edəndə
söz axtarırıq.
O isə susanda belə,
sənə bir yol açılır.
İlahi,
bu qədər yaxın olmamalıyıq hələ.
Hələ biz bu sirrə hazır deyilik.
Alim oxuyanda,
bir addım da Sənə yaxınlaşırıq,
amma o bir addım –
bəlkə də əbədiyyətin qapısıdır.
Qorxuram…
qapı açıla,
və içindəki sonsuzluğu görüb
bu dünyaya dönmək istəməyək.
Ona de…
bir az ara versin,
bir az yer üzündə qalsın.
Bizi tərk etməsin
o səsi ilə,
Səni tapıb…
bizi unudar...

BƏNDƏNİN ADI ALİMDİR

“Alim” adlı bir bəndən var, İlahi...
Adı sənin bir adınla qucaqlaşıb.
O oxuyanda,
səma tərpənir,
yapraqsız budaqlarda
nur titrəyir,
səsi —
qəlbimizin ilk dualarını xatırladır.
O sənə danışmır,
səni danışdırır.
Onun nəfəsində əski peyğəmbərlərin
ahəngilə qopan işıq var.
Muğam onun içində deyil,
o muğamın içindədir —
sanki onu
bir ilahi alət kimi
yerə salmısan.

II

PƏRDƏLƏRİN DİLİ

Hər səs bir pərdədir,
amma bu pərdələr
saxlamaz,
gizlətməz —
açar…
Pərdələr titrəyəndə
sirlər görünür,
baxışlar yox,
hisslər görməyə başlayır.
Zilə qalxan bir nida —
bizi göylərə qaldırar,
amma yüksəldikcə
nəfəsimiz daralır.
İlahi,
o səsi dinləyərkən
biz artıq bəndə deyilik,
və bu bəndəlikdən çıxmaq
bə’zən qorxuludur.

III

QOXSUN RUHLAR

Qorxuram, İlahi,
pərdə tam açıla,
və Alim elə oxuya,
göylər cavab versin.
Onda bu dünya —
bir yalan kimi çökə bilər,
çünki həqiqəti daşımaq
hər ruhun işi deyil.
Muğam, əgər həqiqətdirsə,
bizi yandırmadan
bizə yaxınlaşmamalıdır.
Ona görə də
nəfəsini yüngülləşdir, İlahi,
rəhminlə,
qoy bəndən tam sənin olmasın hələ —
çünki biz hazır deyilik.

IV

ALİM OXUYUR, ALLAH DİNİR

O səslər —
səmanın qönçəyə bürünmüş sirridir.
Qoparılmış bir ah
min il əvvəlki dualara cavab verir.
Alim oxuyur —
və bu, təkcə sənətdirmi?
Yox.
Bu, bir səcdədir,
dodaqla deyil,
ürəklə edilən.
Bu, içimizdəki
ən qədim bir “amin”in
səslə dirilməsi,
sükutla əriyib yenidən doğulmasıdır.

V

SONRASI...

Bir gün o oxumağı dayandırsın...
və səma səssiz qalsın.
Bəlkə də onda anlayarıq —
onun səsi
sadəcə musiqi yox,
bizimlə Tanrı arasındakı
son körpü imiş...
Ona qədər isə,
nəfəsi ümidimiz,
səsi zikrimiz,
susqunluğu dua kimi
qoy bizimlə qalsın.

VI

SƏSİN QAYNAĞI

Səsi hardandır, İlahi?
Torpaqdanmı gəlir,
yoxsa
göydənmi endi?
Bu səs bir xalqın
içində gizlətdiyi
min illik ahın cavabıdır.
Çünki o danışmır –
qopur.
Üzərində dağların kölgəsi,
suların niyazı,
dəvələrin ahəngli gedişi var.
Onun oxuduğu
sadəcə bir muğam deyil –
o, ana laylasıdır,
nənə duası,
şəhid ruhudur,
dönə-dönə susdurulmuş
amma heç vaxt susmayan
bir millətin nəfəsidir.

VII

VƏCDİN ZİRVƏSİ

O, oxuyanda
bir anlıq
dünyada nə var, silinir.
İçində o qədər boşluq yaranır ki,
elə bil
öz içində oturub
səmanın içinə baxırsan.
Bax bu hal –
vəcdin özüdür.
Alim bu halı
səsə çevirəndə
insan nə olduğunu unudur,
qayıdır ilkin ruh halına.
O səsi eşidən qulaq
bayaq eşitdiyi səsə
geri qayıtmaq istəmir.
Çünki bu səs —
eşidilənlə eşidilməyənin
arasında dayanan
zərrə halında bir nurdur.

VIII

ZAMAN VƏ MUĞAM

Muğam — zamandan qaçışdır.
Muğam başlayanda
dəqiqələr yox olur,
nə gün qalır,
nə tarix.
Yalnız an qalır —
sonsuzluq kimi.
Alim Qasımov bu anı
hər dəfə doğur.
Bax o zaman
musiqi bir dil deyil,
bir niyaz olur.
Dilini bilməsə də dinləyici —
onun səsini anlayır,
çünki bu dil
qəlbin dilidir.
Bu nə Fars dilidir,
nə Türk, nə Ərəb.
Bu, ruhların ortaq ləhcəsidir.

IX

ALİM – BİR GÖZ YAŞI KİMİ
Onu dinləyəndə
dərindən, çox dərindən
bir yaş süzülür.
Səbəbi yoxdur.
O göz yaşı
bir şükürdür bəlkə,
bəlkə də unutduğumuz
Tanrını xatırlamağın ilk siqnalı.
Alim — bir göz yaşı kimidir:
sakit,
təmiz,
şəffaf,
və çox dərin.
Onu dinləmək —
təkcə sənəti deyil,
öz içini dinləməkdir.
Bir az özün olursan,
bir az Tanrıya bənzəyirsən...
və hər ikisindən bir az
uzaqlaşırsan.

X

SEGAH – DƏRİN EŞQİN VƏ YANAR HƏSRƏTİN DİLİ

Segah başlayanda
bir qapı açılır içimizdə —
uzaqlara, çox uzaqlara,
amma heç getmədiyimiz yerlərə.
O yerlər bəlkə heç yoxdur,
amma biz o yerləri
yalnız sənin səsinlə
xatırlayırıq, Alim.
Segah — bir dua deyil,
duadan sonra gələn sükutdur.
Eşqə bənzəyir —
amma bu eşq
insanla Tanrı arasında deyil yalnız,
ruhla ruhun
küll halında
sözü olmayan danışığıdır.
Sən oxuyanda
biz eşqə toxunuruq,
amma sevə bilmirik —
çünki bu eşq
nəfslə deyil,
yandırılaraq yaşanır.
Alim,
sənin səsinlə
qəlblərimizə
kimsənin oxumadığı
bir Quran enir,
sözsüz, hərfsiz,
yalnız hisslə nazil olan
bir nur ayəsi kimi.
Səni dinləyərkən
həsrət bizə ağır gəlmir.
Çünki həsrət
bu halda varlığın sübutudur.
Eşq varsa — həsrət qaçılmazdır.
Və sənin Segahında
bu həsrət —
bizim ən pak halımızdır.

XI

RAST – BAŞLANĞICIN VƏ DOĞRULUĞUN SƏSİ

Rast —
səsi ilk dəfə eşidən ruhun
öz yerini tapmasıdır.
Sanki əvvəldən biz bilirdik bu melodiyanı,
amma unudulmuşdu,
indi xatırladıq…
Sənin səsinlə, Alim.
Bu, musiqi deyil —
bu, yada düşməkdir.
İnsan ilk haradan gəldiyini
hansı nurdan doğulduğunu
Rastda xatırlayır.
Bu səs
bizim itirdiyimiz ilk səcdədir.
Adəm düşəndən sonra
ilk dəfə ağlayanda
sən demə, o səs Rast imiş.
O gündən bəri
bu muğam,
insanın içindəki
itirilmiş cənnətə
açılan tək qapı qalıb.
Sən oxuyanda
ruh tərpənir —
sanki öz evini tanıyır.
Sanki bu dünya
bir yuxudur,
amma Rast — oyanış.
Sənin Rastın —
yolun özüdür,
amma yol deyil,
haqqın səsidir.
Bəzən düşünürəm:
görəsən,
sən oxuyursan,
yoxsa haqq oxuyur,
sən sadəcə nəfəs alırsan?..

XII

ŞUR – İÇ ÜSYANI, VƏCD VƏ BATİNİN SAVAŞI

Şur başlayanda
sanki içimizdə nə varsa
tərpənir, qopur,
parçalanır.
Sükut özü də səslənmək istəyir.
Bu muğamda sözlər qaçır,
amma duyğular
bıçaq kimi kəsir.
Alim bu anda
özünü oxumur,
sanki bizi bizə oxuyur,
lap içimizə...
ən gizli, toxunulmaz yerimizə.
Şur — bir dua deyil,
dua öncəsi
qopan fırtına kimi
bir haldır.
İç üsyandır bu —
ağlamaq istəyirsən,
amma göz yaşın yox.
Nəfəs almaq istəyirsən,
amma hava yox.
Tanrıya sarılmaq istəyirsən,
amma özün yox...
Alim,
bu nə haldır ki,
sən oxuyanda
ağrı ilə vəcd
eyni səsə çevrilir?
Sənin səsində
bir xalqın susdurulmuş səsi
ayağa qalxır,
yalnız batinlə eşidilən
bir iniltidir bu:
YETƏR!
Yetər, İlahi!
Bu bəndə daha gizlənmək istəmir,
bütün varlığı ilə
Səni çağırır.
Amma bilmir —
o çağıran kimdir:
özüdürmü,
yoxsa içində gizlənmiş
Sənin bir zərrəndir?
Şur —
artıq insanın özünə sığmamasıdır.
Şur —
öz varlığını da,
yolunu da,
yerini də
sual altında qoymaqdır.
Şur —
sənin səsində
qopan bir təkbir kimidir, Alim.
Amma bu təkbir
qılınc deyil,
nəfəsdir.
Nəfəsinlə parçalanan pərdə —
bizim özümüzük.

XIII

BAYATI-ŞİRAZ – QÜRƏBƏNİN DİLİ, TƏNHALIĞIN DİNLƏNMƏSİ

Bayatı-Şiraz —
bir ayrılıq deyil,
bütün ayrılıqların
qaynağıdır.
Alim, sənin səsində bu muğam başlayanda
biz doğulmadığımız yerləri xatırlayırıq,
olmayan bir vətənin
həsrətini çəkirik.
Bu necə sehirdir?
İnsan gileylənmədən də
ağlaya bilərmiş...
Bunu biz Bayatı-Şirazda öyrəndik.
Sanki bu muğam —
könüllərin sürgünüdür.
Sənin oxuduğun
yalnız musiqi deyil,
sürgün edilmiş ruhların
bir-birinə yazdığı
cavabsız məktublardır.
İlahi,
Bayatı-Şirazda
bəndə sənə gileylənmir,
sadəcə deyir:
"Mən burdayam."
Və o səsin içində
Tanrı cavab vermir,
amma hər yerdə hazır olduğunu
hiss etdirir.
Sənin səsinlə, Alim,
biz təkliyə təslim olmuruq —
onu dinləyirik.
Qərib olmaq
qürur deyil,
amma bu muğamda
qəriblik — bir izzətdir.
Çünki kimsə anlamasa da,
Tanrı bilir.
Bu, susqunluğun ilahi formasıdır.
Bu, göz yaşının səsidir —
axmayıb içdə qalan
nur damlası.
Bayatı-Şiraz
dinləyənin içində
bir otaq açır:
divarlarında
uşaqlıq həsrəti,
qoca duası,
ana ətri,
və Tanrının heç vaxt göndərmədiyi
amma ürəyimizdə daima duran
bir məktub var...
Alim,
sən oxuyursan —
və biz
heç vaxt olmadığımız qədər
öz evimizə dönürük.

XIV

ÇAHARGAH – TANRININ ZİRVƏSİNƏ DOĞRU SIÇRAYIŞ

Çahargah başlayanda
sakitlik ölür,
vücud silkələnir,
və nə varsa içində,
yerindən qopur.
Bu, nə səsdir belə, Alim?
Nə ruh qoyur, nə bədən.
Nə oturmaq olur,
nə dayanmaq.
Bu muğamda insan
öz varlığından kənara çıxır
və orada
Tanrıya toxunmaq istəyi
cəzasız qalmır:
sıçrayırsan…
və yanırsan.
Çahargah —
dilin dayandığı,
səsin öz səsini tanımadığı yerdir.
Burada söz artıq işə yaramır.
Çünki bu yüksəliş —
sözün yox,
nəfəsin işidir.
Sən nəfəs alanda, Alim,
sanki kainat
öz ilk nəfəsini yenidən alır.
Bir səs partlayır:
bu nə hiddətdir,
nə şövq,
bu — dirilişin özüdür.
Çünki bəzən Tanrıya yaxınlaşmaq
sadəcə yalvarmaqla olmur,
bəzən
özünü yandırmaq,
öz varlığını partlatmaq lazımdır.
Və Çahargah bunu edir.
Sənin səsində
bu muğam —
bir peyğəmbər harayıdır.
Gah Musa kimi dağa çıxırsan,
gah İbrahim kimi oda atılırsan,
amma hər dəfə
nurla geri dönürsən.
Bu muğamda
biz Tanrıya baxmırıq artıq,
biz onun içinə düşürük.
Bəli, Alim,
sənin səsinlə.

XV

O MUĞAMIN RUHUDUR

Səni ilk dəfə duyan,
öz içini duyar,
sənin səsində
zamanın özü boylanar…
Yerdə əyləşib
göydən danışan bir ruhsan sən –
səssizliyin içində
SƏS olmağı öyrədən.
Səhnə sənə dar,
sən özünü yox,
ruhu təqdim edirsən –
bir ovuc torpağın
nəfəsə dönmüş halısan,
küləkdən yaranmış,
səcdədə yanan bir səs…
Muğamın içində
bir qapı açılır –
eşqə,
külə,
ocağa,
suya və
yanmağa…
Dilim yetməz sənə “sənətkar” deməyə,
çünki sənət sənə qonaq gəlib
bir nəfəslik eşq üçün
min illik yolları qət edib.
Sən səhnəyə çıxanda
dəvə karvanları yuxudan oyanır,
səhralar sənin səsinə dayanır,
dağlar sinəsini açır –
"burada yan" deyir Alimə.
Oturub yerdə –
amma minbərdən danışan,
əlləri havada –
amma torpağa səcdə edən,
göydə səsi –
amma içində bir sükut:
susaraq danışır,
danışaraq susur...
Muğam onun dilində deyil,
o muğamın ruhudur –
elə bir zərbə vurur ki qavalda,
daşlar ağlayır,
torpaq dillənir,
“bu səs bizimdir” deyir
ərz və səma…

XVI

SƏN OZÜNÜ YOX, HAQQI OXUYURSAN

Sən səsi Allaha
vasitəsiz aparan
bir dərvişsən, Alim,
görünməyən əlifbasan,
təqvanın səsi,
əl açmadan dua edən
bir zikrsən sən…
Sənin ifanda
bütün müqəddəsliklər
birgə oxuyur,
bütün peyğəmbərlər
bir sükutda durur,
bütün sufilər
sənin zənguləndə fani olur,
bütün qaranlıqlar
işığa dönmək istəyir...
Eşitdim səni
bir çayın ləpəsində,
bir uşaq hönkürtüsündə,
bir kilsə zəngində,
bir məscid azanında –
sən heç yerdə deyildin,
amma hər yerdə idin.
Qavalın içində
bir kainat fırlanır,
tarın nəfəsində
bir dua boylanır,
qızının səsində
sənin dua etdiyin bir gələcək
rəng alır…
Sən özünü yox,
haqqı oxuyursan.
Sənin zəngulən
əfqan dağlarından
Hicaza,
Ərzurumdan
Səmərqəndə qədər
könülləri ağladır...

XVII

VİCUDDAN CIXIB EŞQƏ CEVRİLİRİK 

Alim,
səni dinləmək
bir kəlam deyil,
bir haldır,
bir duruşdur –
Allaha dönmək istəyən ruhun
könlünü ayağa qaldıran
bir "ya Haqq!" sədasıdır.
Bəzən deyirlər:
“Hardadır?” –
sən səsinlə cavab verirsən:
"Məndə deyiləm,
bir MƏN var məndən içəri."
Səslərin içində
bir SƏS axtarırıq –
sənin səsinlə tapırıq.
O, sadəcə not deyil,
melodiya deyil,
bir bəşəri xilasdır.
Könlümüzdə
bir pəncərə açılanda
səni çağırırıq,
çünki sən pəncərəsən –
nəfəsimizə işıq girir
səninlə.
Axırda bilirik:
səsinlə yox,
ruhuna bürünürük –
vücuddan çıxıb
eşqə çevrilirik,
və sən bizi
qayıtdığımız yola
bir az daha haqqlı göndərirsən…

XVIII – EPİLOQ

SƏSSİZLİKDƏN SONRA

Və indi -
səssizlik qaldı.
Sənin səsindən sonra
hər şey susdu...
amma bu sükut —
əvvəlkindən fərqlidir.
Artıq səssizliyin içində də
sənin səsini eşidirik, Alim.
Çünki səsin yox oldu
və bizdə qaldı.
O muğamlar bitdi,
amma biz hələ də
sanki davam edirik:
bir notun arxasınca,
bir nəfəsin iziylə,
bir duanın içində itmiş halda.
Əvvəllər səsi dinləyirdik,
indi səssizliyi hiss edirik.
Və anlayırıq ki,
sənin səsin
əslində bizim içimizdəki
ən dərin çağırışın cavabı imiş.
İlahi,
bu səsi göndərdiyin üçün
şükür.
Bu bəndəni bu xalqa verdiyin üçün
şükür.
Bu xalqı bu səsə
layiq gördüyün üçün
şükür.
Alim, sən artıq oxumasan da —
oxunmusan.
Muğam susa bilər,
amma sən susmursan.
Çünki sən səs deyilsən —
səslə dirilmiş bir ruhsan.

Son söz

Bu poema artıq tamamlandı,
amma oxucu üçün yeni başlayır:
çünki hər oxunuşda,
hər dinləmədə,
Alim Qasımovun səsi ilə
Tanrıya bir addım daha yaxınlaşırıq.


Ədalət Qarabulud.
скачать dle 12.1