Bia.Az

Sirab şüşəsi ilə suvarılan ağac

KÖŞƏ YAZARLARI
 25-08-2020, 22:46     1 268

90-cı illərin isti yay günlərinin biri idi. Rusiyanın ucqar şəhərlərindən birində 17 yaşlı Samir gəzə-gəzə şəhər bazarının qarşısına gəlib çıxmışdı. Günlərdir davam edən aclıq və susuzluqdan yeriməyə taqəti qalmamışdı. Lakin oturmaqdan qorxaraq, zorla da olsa yeriyirdi. Oturacağı anda yuxulayacağını bilirdi. Küçədə yuxulamağın isə nə ilə nəticələndiyinin dəfələrlə şahidi olmuşdu. Son iki gün idi ki, yatmağa yer də tapmadığından skamyalarda 1-2 saat mürgüləyə bilmişdi. Bazara daxil olmaqda məqsədi bəlkə də bir möcüzə baş verəcəyinə olan inamı idi. O möcüzə isə ona yardım edəcək bir həmvətəninin qarşısına çıxması ola bilərdi. Samir bazarı xeyli gəzsə də, qarşısına tanıdığı kimsə çıxmamışdı. O, kor-peşman bazarın arxasında olan kafenin qarşısından keçərək küçəyə çıxmaq istədi. Elə bu an kafenin xidməti qapısı açıldı və ağ xalatlı aşpaz bayıra çıxaraq bir siqaret yandırıb, tüstülətməyə başladı. Samir getdikcə görmə və eşitmə qabiliyyətini də itirmək üzrə idi. Yox! onu qara basmırdı. Yan tərəfdən ağ bir işıq gəlirdi və həmin işıq onu səsləyirdi. Samir özünü toplayıb səs gələn tərəfə boylandı. Yanılmamışdı, ağ geyimli aşpaz rayondakı qonşuları Musa dayı idi.

"Bala, necəsən? Sən buralarda neynirsən? Hava yaman istidir, gəl bir Sirab açım iç", deyə Musa dayə səsləndi.
İlahi, doğrudanmı bu sözlər ona deyilirdi? Yəni bayaqdan arzuladığı möcüzə baş vermişdimi? Samir nə qədər çətin durumda olmuşdusa da, qürurunu hər zaman uca tutmağa çalışmışdı. Bu düşüncə ilə də Musa dayının təklifini dərhal qəbul etməyərək dedi: "Çox sağ olun Musa dayı, evə gedirəm". 

Bu sözlər qeyri-ixtiyari olaraq onun ağzından çıxmışdı. Hansı evə gedəcəkdi ki?!

Musa dayı bayaqdan əlində saxladığı siqareti yerə ataraq ona tərəf gəldi, qolundan tutaraq dedi: "Bala, çoxdandır məhəllədən heç kimi görmürdüm. Gəl, bir sudan, çaydan içib, söhbət edək.

Onlar beləcə kafeyə daxil oldular. Günorta vaxtı olmasına baxmayaraq, kafedə heç kim yox idi. Musa dayı bir stul çəkib, Samirə oturmasını işarə etdi və yaxınlıqda duran soyuducya tərəf getdi. Az sonra o əlində bir şüşə Sirabla qayıtdı.

Samir ikiqat təəccüb içində idi. Həm belə bir vaxtda qonşusu ilə rastlaşmasına, digər tərəfdən də uşaqlıqdan rayonda boş şüşələrini təhvil verərək alıb içdiyi Sirab suyunu ucqar bir şəhərdə görməsinə lap mat qalmışdı. Musa dayı deyəsən bunu hiss etmişdi.

Musa dayının, "Bala, bu su maşallah dünyanın çox yerinə gedib çıxıb. Lap elə bizim ayon camaatı kimi" sözlərinə hər ikisi gülüşdülər. 
Yadına düşdü ki, rayonda qonşuluqdakı ağsaqqllardan bir dəfə Sirab sözünün mənasını soruşmuşdu. Bala, “Sirab sirli su deməkdir” cavabını aldıqda sadəcə gülmüşdü. O, sirrin nədə olduğunu indi anlayırdı deyəsən. 

Samir özündən xəbərsiz halda susuzluqdan yanan ciyərini sərinlətmək üçün suyu şüşə ilə başına çəkib, birnəfəsə bitirdi və boş şüşəni masaya qoydu. Ancaq o anda Musa dayı stuldan qalxaraq mətbəxə keçmişdi. Az sonra mətbəxdən çıxan balacaboy ofisiant Samirin masasına yaxınlaşaraq, gətirdiyi padnosdan bir boşqab piti, çörək və salatı stola qoyaraq dedi:

"Musa dayı qəfil çıxmalı oldu. Yarım saata qayıdacaq. Dedi ki, Samir yeməyini yesin, məni gözləsin". 

Samir artıq heç bir şey eşitmirdi. Qarşısına qoyulan yeməyi yedikdən sonra gözlərinə işıq gəlməyə başladı. Bax o zaman onun beyni sanki öz fəliyyətini bərpa etdi. O artıq bayaqdan olanları düşünürdü. Bura necə gəlib çıxdığını, bir şüşə su, yemək göndərərək özü ortalıqda olmayan Musa dayını, bayaqdan tanıya bilmədiyi azərbaycanlı ofisiantı bir daha gözləri önündən keçirərək masadan qalxdı. Musa dayının üzünə baxa bilməyəcəkdi. O geri qayıtmadan kafedən ayrılmalı idi. Lakin onun bu dar günündə möcüzə kimi qarşısına çıxmış qonşusuna təşəkkür etmədən ayrılmağa da vicdanı yol vermirdi. Ofisianta tərəf dönərək, "Musa dayıya deyərsən Samir tələsirdi, dedi ki, süfrəsi hər zaman açıq olsun. Allah əvəzini versin" dedi və cəld kafedən ayrıldı.

Kafenin kiçik pəncərəsindən Samirin arxasınca boylanan Musa dayı ofisianta tərəf dönərək, "Bax, bala, Allah heç kimi aclıq və susuzluqla sınağa çəkməsin" dedi. O, daha sonra ocağın üstündə olan qazana tərəf addımladı.

Samir rayona qayıtmışdı. O, artıq ailə başçısı və özünə görə imkanı olan biri idi. Qohum əqrəba ilə bayramlaşdıqdan sonra qəbiristanlığa tərəf yol aldı. Rəhmətə getmiş qohumların məzarını Qurban bayramı ərəfəsində ziyarət etmək onlarda adət idi. 

Hava çox isti idi. Maşını olsa da, qəbiristanlığa piyada getməyə qərar verdi. Qədim qəbiristanlıqda çətinliklə də olsa qohumların məzarını tək-tək ziyarət etdi. Kol basmış məzar daşlarının arası ilə güclə irəliləyərək, qısa yoldan qəbiristanlığı tərk etməyə çalışdı. Qəfil gözü bir məzara sataşdı. Yox, yenəmi möcüzə! Qonşusu Musa dayı ona tərəf baxırdı. Baş daşının üzərində onun ayaqüstə rəsmi həkk olunmuşdu. Bu qədər illəri ev-eşiyindən ayrı qalan Samir onun rayona qayıtmasından da, vəfatından da xəbərsiz idi. Musa dayının məzarına yaxınlaşdı. Deyəsən, xeyli zamandır heç kim məzarı ziyarət etməmişdi. Dua oxuduqdan sonra sinə daşını təmizlədi. Ətrafa boylandı. Baş daşının arxasından cavan bir ağac boylanırdı. Lakin havanın istisindən və susuzluqdan boynunu bükmüşdü sanki. Samirin içindən su tapıb o tingin dibinə tökmək gəldi. Lakin yaxınlıqda su yox idi. Bulqadan su gətirmək üçün qab da yox idi. Kolları aralayıb nə isə tapmaq ümidi ilə baxdı. Açıq yaşıl rəngli bir şüşə sataşdı onun gözünə. Yox, yanılmamışdı - Sirab şüşəsi idi. Əyilərək şüşəni götürdü, cəld addımlarla girişdə olan bulağa doğru getdi. Bir neçə dəfə təkrarladı bu yolu. O ağacın dibi su ilə dolub daşsa da, Samir dayanmırdı. Bulağa doğru gedib-gəlməsinin sayını da itirmişdi. Lakin o, heç nə görmür və eşitmirdi. Qəfil yaxınlıqdan gələn səsdən diksindi. Başını çevirib baxanda Musa dayının böyük oğlunu tanıdı.

"Allah ölənlərinə rəhmət eləsin, qonşu", deyə oğlan Samirə təşəkkür etdi.

Samir heç nə deyə bilmədi. Sadəcə başını yellləyərək, köksünü ötürdü. Əlindəki Sirab şüşəsini qeyri-ixtiyari olaraq Musa dayının oğluna uzatdı və qəbiristanlıqdan evə qayıtdı. Musa dayı bu dəfə rahat idi. Çünki Samir həqiqətən də onun yanından ayrılıb evinə tələsirdi.скачать dle 12.1