Bia.Az

RAMİZ MEHDİYEV DƏ YOXDUR Kİ...

KÖŞƏ YAZARLARI
 20-08-2020, 20:41     1 337

Aygün MURADXANLI

Ali təhsil müəssisələrində Azərbaycan tarixi fənni üzrə dərs saatlarının azaldılması bu tədris ilinin söhbəti deyil. Səbəblər haqqında heç bir tutarlı izah olmadan son 4-5 ildə universitetlər dərs saatlarını yarıdan da çox azaldıblar. İndi tarix fakültəsində illik dərs saatları 210, digər fakültələrdə isə 60 saatdır. 5-6 il öncə isə bu rəqəmlər 500, 400 arasında idi. Ancaq Bakı buxtasına “yarış” üçün gələn Rusiya donanması gəmilərinin heyətləri qarşısında “Qaytağı” oynamaq əmri kimi tarix fənnini azaltmaq əmrini də heç kim üzərinə götürmür. Professor-müəllim heyəti üsyan edir, Təhsil Nazirliyi deyir, narahatlığa əsas yoxdur.

Bizcə, var... Tarix bir millətin yaddaşı, keçmişidir. O yaddaş millətin bugününə nizam verdiyi kimi, gələcəyini də şəkilləndirir. Dostunu, düşmənini, hədəflərini, səhvlərini, doğrularını unutmağa qoymur. Bir milləti tarixindən qoparmaq onun bütün mirasını özgələrə peşkəş etməkdir və heç bir şübhə yoxdur ki, bu gün Azərbaycanın gələcəyini quracaq kadrların yaddaşsız, tarixsiz yetişdirilməsi planlı, düşünülmüş siyasətdir, məqsəd millətin dövlət düşüncəsinin formalaşmasına mane olmaq, beləliklə Azərbaycan dövlətini zəiflətməkdir.
1920-ci ildə Rusiya imperiyası Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdən qısa zaman sonra tariximiz saxtalaşdırılmağa başladı. Bizi aid olduğumuz etnosdan qoparıb sovet tarixində “azərbaycanlı” adı ilə qeydiyyata aldılar. Türk kimliyimiz kimi, dilimizin də adı dəyişdirildi. Özümüz azərbaycanlı, dilimiz Azərbaycan dili oldu. 1930-cu illərdən öncə heç bir qaynaqda nə bu adda millət, nə dil var – tam ermənilərin istədiləri kimi. Bizi soyumuzdan, kökümüzdən, tariximizdən belə ayırdılar. 70 il gerçəklərdən uzaq tutulduq, yaratdığımız dövlətlərin adını belə bilmədik, ərazisini tanımadıq. Stalin dönəmindən o yana bir tarix əsərində “azərbaycanlılar” sözü keçən bir cümələyə rast gələ bilməzsiniz. “Yoxuq”...
Qafqazı türklərdən “təmizləmədən” ona tam sahib olmağın mümkünsüzlüyünü gözəl bilən Şura hökuməti bunun üçün ermənilərdən qədim, yerli xalq düzəltməyi seçdi. Azərbaycan ərazilərindəki alban məbədləri erməni kilsələri elan edildi, türklərin xristianlıq, yəhudilik dönəmlərində nə abidələri var, erməni tarixinə pərçimləndi. Sonuc ortadadır – ermənilər ərazilərimizdə biri tanınan, biri tanınmayan iki dövlət qurub, biz isə öz torpaqlarımızla həmsərhədik.
Azərbaycan Kremlin işğalı altında olanda, deyirdik, tariximizi ruslar saxtalaşdırır, bizi keçmişimizi öyrənməyə qoymur, bəs, indi kimdir gənc Azərbaycan vətəndaşlarını keçmişimizə buraxmayan? Ramiz Mehdiyev də vəzifədə deyil, çar Nikolaydan bu yana başımıza gətirilən bütün bəlalar üçün bütün suçları onun üzərinə ataq…
Ali məktəblərin tarix fakültələrində Azərbaycan tarixi dərslərinin 210 saata endirilməsi yalnız və yalnız milltimizə düşmən olanların maraqlarına cavab verə bilər. Biz sağlam – dövlətinə, millətinə sahib vətəndaş yetişdirmək istəyiriksə, tarix fənninin saatlarını nəinki azaltmalı, ikiqat artırmalıyıq. Çünki keçmişini bilməyən heç bir xalq gələcəyinə hakim ola bilməz.



Sovet işğalından müstəqilliyimizin bərpasına qədər olan dönəmdə elm sahələri içərisində ən ağır zərbə tarix elminə dəyib. Tarix elminin bugününə baxanda aydın görünür ki, onu hələ də saxta sovet tarixinin qəliblərindən qurtarmaq mümkün olmayıb. Bu vəzifə yeni tarixçi nəslinin üzərinə düşür. İndiki şərtlərlə yetişdirilən tarixçilərin bu vəzifənin öhdəsindən gələcəyi böyük sual altındadır. Səthi biliklər üzərində qurulan tədris bizə olsa-olsa tariximizi daha yaxşı unutmağı vəd edə bilər.
Biz Azərbaycanda güclü dövlət təfəkkürü olan vətəndaş yetişdirmək istəyiriksə, buna tariximizin dərindən öyrənilməsindən deyil də, nədən başlamalıyıq? Yeni qaydalara əsasən tarix fakültəsi istisna olmaqla digər fakültələrdə Azərbaycan tarixi 1918-ci ildən bu yana tədris olunacaq. Bu nə absurd qərardır? Necə ola bilər ki, ali təhsil diplomu alan şəxs ölkəsinin, dövlətini tarixi haqqında yalnız orta məktəb səviyyəsində bilsin? Bu qərarı verənlərin özləri kimi ekolunu bitirib?
Dünya üzrə tarix fənninə ən çox saat ayıran Böyük Britaniya universitetləridir. Söhbət həm tarix, həm də digər fakültələrdən gedir. Türkiyə, Rusiya, Fransa, Almaniya, Yaponiya, Çin, ABŞ, İran... eləcə də az inkişaf etmiş, buna baxmayaraq tarixinə sahib çıxan ölkələrin universitetləri tarixin tədrisinə geniş yer ayırır, tarixi dönəm-dönəm tələbələrin – millətin yaddaşına köçürür, gələcəyi bugündən kodlaşdırır.
Bizdə nə edirlər? Ermənilər üçün yeni işğal torpaqları hazırlayırlar?скачать dle 12.1