Bia.Az

SÖYƏN DƏ, SÖYDÜRƏNLƏR DƏ “BİZİMKİLƏRDİR”...

KÖŞƏ YAZARLARI
 13-08-2020, 19:54     1 298

Şəmsəddin ƏLİYEV


“Çalışın valideynlərinizi söyməyin!” Səhabələrindən biri soruşmuşdu: “Ya Rəsulullah! Axı, adam valideynini necə söyə bilər?...” 
Məhəmməd Peyğəmbər
Son günlər, bizi sevindirən və kədərləndirən məlumatlar belə deməyə əsas verir ki, şərəf və qürurları ilə öyünəcək vətənpərvər gənclərimiz var. Vətən uğrunda canlarını fəda edənlər ölməzdirlər, həmişə qəlblərdə yaşayacaqlar...
Hər bir azərbaycanlı,eləcə də bütün türk milləti kimi mən də narahatlıq keçirirəm. Sakit durmaq olmur. Yaşım “həddini aşsa” da ermənilərlə qarşı savaşda təkrar döyüşmək istəyirəm. Şahidi olmuşam, onlar meydanda qorxaqdırlar. Haqlı deyillər- ona görə. Biz cəsuruq - ona görə ki, haqlıyıq. Haqq zordan üstündür, yenə ona görə ki, Tanrı Haqqın tərəfindədir, haqsızın yox...
Xalq öz vətənpərvərlərini tanıdı. Cəmiyyətdəki mütəşəkkilliyin də şahidi olduq. Bu, xalqın birliyinin canlı təzahürü idi. İndiki halda bütün iddialardan uzaq durmalı, dövlətçiliyin və vətənin müdafiə qüdrəti uğrunda birlikdə addımlamalı, canımızdan keçməyə hazır olmalıyıq. Ancaq bütün bunlarla yanaşı, xaricdən söyüşlər və ya bəd dualar söyləmək isə düşmən dəyirmanına su tökməkdir. Diqqət edin! Söyənlər də, söydürənlər də bizimkilərdir... 
Burada ağıl sahibləri üçün düşünməyə əsas var... Niyəsini tapaq! Söyən də, söydürən də ümumi dərdimizdir. Çıxış yolu isə “Milli amnistiya”dan ibarətdir. Ötənləri yana-yana varaqlamayaq, imanımızı və inamımızı birlikdə qoruyaq...
Zamanında Peyğəmbərimiz söyləmişdi: “Çalışın valideynlərinizi söyməyin!” Səhabələrindən biri soruşmuşdu:
- a Rəsulallah! Adam valideynini necə söyə bilər?
- Sən “onu” söyərsən, “o” da qayıdıb səni söyəcək. Söyüş geri qayıdır! – cavabını vermişdi.
Bu mənada Rəbb kəlamlarının birində deyilir: “Ey insanlar! Kafirlərin tapındıqları bütləri söyməyin, alçaltmayın! Onlar da Məni söyərlər. Belə davranmaqdan və onlarla dostluqdan çəkinin!...”
İstinad etdiyim kəlamlarda hikmət var.
Kiçik bir ölkədə hamı bir-birini yaxşı tanıyır. Qisas almalı olduğumuz tərəf də bəlli -Ermənilər!
Üzümüz ağ olsun deyə, bu məqsədlə birləşməliyik! Başqa, bizi qane edəcək yol hələ ki, yoxdur. Harada olsaq. arxaya və yaxud hansı tərəfə - məğribə, məşriğə boylansaq gözümüzün qarşısında VƏTƏN dayanır. Bir də Ona, xisləti məlum vəhşi kimi dişlərini qıcamış ermənilər və havadarları!
Bu yaxınlarda televiziya xəbərlərində Bakı Nəqliyyat Agentliyinin işlənmiş avtomobil təkərlərinin yükləndiyi maşın karvanının cəbhə bölgəsinə göndərilməsi həvəslə reklam edilirdi. Təkərlərdən cəbhədə “brone vasitə” kimi istifadə olunacaq. Amma, bunun reklama ehtiyacı vardımı?...
Digər tərəfdən, vətən savaşının keçmiş komandiri kimi deyirəm: Ordu ilə bağlı informasiyaların yayılması bir qayda olaraq Müdafiə Nazirliyinin razılığı ilə baş tutmalıdır, Vaqif Dərgahlının münasibətini öyrənmədən bu xeyirxahlığı yaymaq ən azı etik qaydalara ziddir! Təkərlərin yükləndiyi maşın karvanlarına və yaxud, istehsal etdiyimiz və ya, ixrac olunan hərbi texnikaya aid informasiyaların ictimailəşməsi bizə ziyan gətirir. Müasir texnologiyaların, texnikanın inkişaf etdiyi bir vaxtda “brone təkərlərdən” istifadə artan müdafiə qüdrətimizlə uzlaşmır. Qənaətim belədir.
Bəziləri düşünə bilərlər ki, “bu da bir psixoloji güc və hədədir”. Yanlış yanaşmadır! Psixoloji güc Türkiyənin hücumun haradan gəlməsindən asılı olmayaraq, hərbi texnikası ilə yanımızda durmasıdır!
Bakı Nəqliyyat Agentliyinin paytaxtda nəqliyyatın problemləri, onun intellektual idarəsi, sürücü mədəniyyəti və s. ilə bağlı o qədər problemi var ki...
Rəvayət edirlər ki, qədim zamanlarda çinlilər məktub yazmaq üsuluna hindlilər, ingilislər və fransızlardan fərqli yanaşıblar. Onların məktubları əlifba ilə yox, simvollarla və yaxud müxtəlif şəkillərlə ifadə olunub. Öz yolları və həyata baxışları fərqli olub, yamsılamaqdan uzaq durublar. Məhz həmin dövrlərdə hakimiyyətə gələn Çjon sülaləsinin vaxtında (uzun illər hakimiyyətdə oldu) Çin dövlətinin yüksək nizam-intizama söykənən idarəçiliyi təşkil olundu. Çinin iki nəhəng filosofları- Konfutsiy və Lao-Tszı də bu dövrdə yaşamışdılar.
Niyə biz qədim Azərbaycana xas adətlərdən, üsul və vasitələrdən kənarda qalmaq istəyirik? Tarixdə ellinlərin və yunanların farslar üzərində qələbəsi də yunanlarla spartalıların birliyi nəticəsində başa gəlmişdi. Lakin fars ordusu məğlub olduqdan sonra afinalılar yenə spartalılarla çəkişməyə başladılar...
Yunanlar hara gedib və harada olublarsa formalaşmış vahid ideyaları da yanlarında olub... Ona görə müdrik şəxsləri də çoxdur və həmişəyaşardırlar!
Azərbaycan vətəndaşlarının, siyasi partiyaların və vətəndaş cəmiyyətinin əsas fəaliyyət istiqaməti də bir bayraq və vahid məqsəd uğrunda dövlətin ətrafında birləşməkdən keçir.

BİA.az

скачать dle 12.1