Bia.Az

ABŞ-IN MÜSTƏQİLLİK İLİ VƏ ADAM SMİTİN "MİLLƏTLƏRİN SƏRVƏTİ"...

KÖŞƏ YAZARLARI
 8-07-2020, 23:27     1 107



Bu gün - 4 iyun ABŞ-ın müstəqillik günüdür. 244 il əvvəl "İstiqlal Bəyannaməsi" ilə siyasi yaddaşını fərqli çalar gətirdi. Fərqli siyasi ideologiya ilə dünyada cazibədar siyasi orbitini yaratmağa başladı.

Müstəqilliyinin başladığı tarix - 1776-cı il...

Həmin ilin dünyanın iqtisadi fikir tarixi baxımından başqa bir önəmli hadisə ilə də yaddaşlarda qalıb. İqtisadi liberalizmin "atası" sayılan Adam Smitin "Millətlərin sərvəti" əsəri 1776-cı ilin mart ayında Londonda çapdan çıxmışdı.

Smit bu əsəri ilə dünya şöhrəti qazanmış və iqtisad elminin atası səviyyəsinə yüksəlmişdir. Əsərdə irəli sürülmüş sosial, iqtisadi və siyasi problemlərin A.Smit təhlili tezliklə geniş oxucu kütləsini cəlb etdi və buna görə 1778-ci ildə kitab yenidən nəşr olundu.

Amerikada istiqlaliyyət müharibəsinin başa çatması və Avropada kapitalist münasibətlərinin püxtələşdirilməsinə doğru irəliləyişlər kitaba olan marağı yenidən artırmış oldu.

A.Smit öz kitabının üçüncü nəşri haqqında fikirləşməyə başladı. Beləliklə əsər 1784-cü ildə üçüncü dəfə nəşr olunur və Smit hər nəşrdə mətnlərin yaxşılaşdırılması üçün əlindən gələni edirdi. Bundan sonra kitab daha iki dəfə 1786 və 1789-cu illərdə nəşr olundu.

Kitabxanamda olan bu əsər nədənsə mənə ABŞ-ın siyasi müstəqilliyinin iqtisadi əsasları kimi düşüncəmdə assosasiya olunub. Bir dövlətin iqtisadi konsepsiya qədər nəhəng həcmi var - 700 səhifə.

Birinci kitabda – iqtisadi artımın əsas faktoru olan əmək bölgüsünə baxılır. Sonra müəllif istehsal olunan əmtəələrin və xidmətlərin dəyəri problemlərini araşdırır. Daha sonra kitabda əmək haqqı, kapitala mənfəət və rentanı əhatə edən bölgü nəzəriyyəsinin şərhi ilə başa çatır.

İkinci kitab - iqtisadi artım üçün zəruri olan kapital yığımına və bu yığımı təmin edən qənaətin əhəmiyyətinə həsr edilib.

Üçüncü kitabda bir qədər iqtisadi təhlildən uzaqlaşan müəllif müxtəlif xalqların rifaından bəhs edir, ictimai inkişafa dair görüşlərini şərh edir.

Dördüncü kitab – siyasi iqtisadın sistemləri haqqındadır. Burada siyasi iqtisadın tarixindən və tənqidindən bəhs edilir. Bu kitab özü doqquz fəsildən ibarətdir. Bunlardan səkkizi merkantilizmin tənqidinə, bir fəsil isə fiziokratlara həsr edilmişdi. Burada müəllif ilk olaraq azad mübadilənin zəruriliyinin nəzəri isbatını verir.

Beşinci kitab - ictimai maliyyəyə həsr edilmişdir. Dövlətin xərcləri barədə Smitin təhlili bu günə qədər liberal fikrin böyük nailiyyəti olaraq qalır. Bu kitabın birinci fəslində dövlət məsrəfləri, üçüncü fəsildə dövlət borcları nəzərdən keçirilir. A.Smit məhz bu beşinci kitabda konkret materiallar əsasında əsaslı iqtisadi problemlərə dair öz mülahizələrini bildirir. Məsələn, onun vergilər haqda mülahizəsi də diqqətə layiqdir. Smitə görə, dörd vergi prinsipi vardır: bərabərlik, aydınlıq, ödəmə rahatlığı və vergi toplanmasının iqtisadi bir formada aparılması.

Smit əsərdə millətlərin sərvətindən bəhs edərkən sərvətə primitiv düşüncə ilə yanaşmayıb. Sərvəti "ölü bir varidat" kimi iqtisad elminin predmetinə daxil etməyib, o, insanı, onun iqtisadi və mənəvi maraqlarını, həyat tərzini, davranış qaydalarını da araşdırmış və qiymətli fikirlər söyləmişdir.

İqtisad tarixində kitabı bu qədər oxunan bir başqa iqtisadçı yoxdur. Məşhur iqtisadçıların söylədiyi kimi A.Smitin bu kitabı "Liberalizmin incili" halına gəlmişdir. Smit özünün iqtisadi sistemini "Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat" əsərində yaratmışdır və onun bu əsəri "iqtisadi nəzəriyyə" (siyasi iqtisad) elmi tarixində çox mühüm rol oynamış iqtisadi tədqiqat əsəridir. Onun nəzəri irsi - elmin, iqtisadiyyatın və mədəniyyətin inkişafında indi də öz xidmətini göstərir və aktuallığını saxlayır. Əsərin nəşrindən iki yüz ildən artıq vaxt keçməsinə baxmayaraq indi də A.Smitin iqtisadi ideyaları dünyanın çox ölkələrində, habelə müstəqillik əldə etmiş və bazar iqtisadiyyatı quran Azərbaycanda da istifadə edilir.

Ona görə ABŞ-ın siyasi müstəqilliyindən istifadə edib, iqtisadi mövzudan danışdıq. Birdə ki, ABŞ sadəcə olaraq dünyanın siyasi gücü deyil. İqtisadi nəhəngdir. Dünya əhalisinin 5%-i təşkil edən ABŞ dünya iqtisadiyyatının 25%-i təşkil edir. Bunun iqtisadi mənası budur ki, bir amerikanlı dörd dünya vətəndaşı qədər istehlak edir.

Siyasi müstəqillikdən söz açdıq. Gəlib iqtisadi mülahizələrə çatdıq. İqtisadçılar üçün istənilən qeyri-iqtisadi mövzunun mütləq mənada bir və ya bir neçə iqtisadi aspekti var...

Unutmamlıyıq: siyasi müstəqilliyin təminatı iqtisadi müstəqillikdədir!

04. 07. 2020
скачать dle 12.1