Bia.Az

MİDA "sürəti", qiymət artımı ilə yadda qalan 2023-cü il əmlak bazarı... "Yaxın 5 ildə ucuzlaşma gözlənilir"

İqtisadiyyat
 31-12-2023, 13:48     282

Bu il bütün dünyada olduğu kimi Azərbaycanda da, müxtəlif sahələrdə bahalaşma, qiymət artımı müşahdiə edildi. Bu, qaçılmazdır. Çünki 2019-cu ildən başlayan və hələ də bitmək bilməyən pandemiya yaşadıq. İlk il çətin olsa da, buna da alışdıq. Ərzaq bahalaşdı, daşınmaz əmlak bahalaşdı. Azərbaycanın quru sərhədləri hələ də açılmayıb…

Bəs 2023-cü ildə daşınmaz əmlak bazarında hansı dəyişikliklər baş verdi?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ötən illərə nisbətən daşınmaz əmlak bazarında ən böyük qiymət artımı 2023-cü ildə baş verib. Belə ki, bəzi daşınmaz əmlaklar 30 faizə qədər bahalaşdı. Xüsusən, Bakı və digər böyük şəhərlərdə daşınmaz əmlakların qiyməti kəskin şəkildə artdı. Və artıq vətəndaşlar üçün nağd şəkildə ev almaq əlçatan deyil.
Elnur Fərzəliyev Elnur Fərzəliyev

2023-cü ildə əmlak bazarı nə ilə yadda qaldı?

2023-ci ildə ölkə başçısının tapşırığı ilə 50 minə yaxın çıxarışı olmayan qeyri-yaşayış obyektlərinə çıxarışların verilməsinə start verildi.
“Hal-hazırda da qeyri-yaşayış obyektləri olan vətəndaşlar müvafiq sənədlərin dövlət qurumuna təqdim edir və müəyyən yoxlanışdan sonra həmin qeyri-yaşayış obyektlərinə çıxarışlar verilir. Bu da təbii ki, vətəndaşların əmlaklarını dəyərləndirdi. Çünki çıxarışı olmayan əmlakla çıxarışı olan əmlak arasında böyük qiymət fərqləri var”-deyən ekspert bildirib ki, bu da əmlak bazarına çox müsbət təsir göstərib.
2023-cü ilin yadda qalan hadisələrdən biri də oktyabr ayının birindən çıxarışı olmayan fərdi yaşayış evlərinə kommunikasiya xətlərinin çəkilməsinin qadağan olunmasıdır.
“2023-cü ildə oktyabr ayının birinə qədər çıxarışı olmayan fərdi həyət evlərinə çəkilmiş qaz, su və işıq xətləri "toxunulmaz"dır. Həmin tarixdən sonra tikilmiş bütün həyət evlərinin çıxarışı yoxdursa, qaz, su, işıq, telefon, internet xətləri və digər xətlərin çəkilməsi qadağan olundu”-deyən ekspert vurğulayıb ki, bu da təbii ki, əmlak bazarında çıxarışı olmayan torpaqlara təlabatı azaltdı və onların qiymətinin enməsi ilə nəticələndi. Digər tərəfdən isə, çıxarışlı torpaq sahələrinə təlabat artdı və bu torpaq sahələrinin qiyməti bahalaşdı. Hal-hazırda paytaxt Bakı, Abşeronda ortalama 500 min çıxarışı olmayan fərdi həyət evi var. Ekspert hesab edir ki, bu addımın atılması həmin rəqəmlərin artmasının qarşısını almaq üçün nəzərdə tutulub. Yəni bundan sonra artıq vətəndaşlar çıxarışsız torpaqlarda əmlak tikmək istəməyəcəklər.
Elnur Fərzəliyev bildirib ki, 2023-cü ildə əmlak bazarında qiymət artımı ciddi şəkildə olsa da, ilin son 3 ayı ərzində - oktyabr, noyabr və dekabr aylarında əmlak bazarında ciddi müştəri qıtlığı müşahidə olunur.
“Əvvəlki illərin bu aylarında müştəri daha çox olurdu. Lakin qiymət artımı səbəbindən alıcı qüvvəsi azalır”-deyən ekspert bildirib ki, növbəti ildə də əmlak bazarında qiymət artımları gözlənilir. Çünki çoxmənzilli binaların inşası zamanı artıq qaydalar dəyişib. Əvvəllər olduğu kimi tikinti işləri aparmaq asan deyil. Torpaq sahələri çox bahadır. Daha çox pilot lahiyələr üzərindən bina inşası həyata keçirilir ki, bu da nəticədə əmlakın və yeni binalardakı mənzillərin maya dəyərinə öz təsirini göstərir.
Elnur Fərzəliyevin fikrincə, yaxın 5 il ərzində əmlak bazarında ciddi ucuzlaşma müşahidə olunacaq. Ekspert buna səbəb kimi işğaldan azad edilmiş ərazilərimizdə sürətli tikinti-bərpa işlərinin aparılmasını göstərir.
“Mərhələli şəkildə kənd və qəsəbələr, şəhərlər qurulur. İnsanlar mərhələli şəkildə öz yurd-yuvalarına geri göndərilir. 19-20 sentyabrda keçirilmiş lokal antiterror əməliyyatından sonra, həmin ərazilərdə separatçı erməni silahlı birləşmələri qalmadığına görə, tikinti-bərpa işləri sürətlə gedir. Yaxın illərdə köç daha da sürətlənəcək. Bu isə, paytaxtda insan sayının azalmasına səbəb olacaq. Həmin ərazilərdə kütləvi sürətdə yeni iş yerləri açılacaq. Hal-hazırda da azad olunmuş ərazilərimizdə ciddi çəkildə işçi qüvvəsinə ehtiyac duyulur və artıq iş axtaranların böyük əksəriyyəti Bakıya deyil, həmin ərazilərə üz tuturlar”-deyə ekspert əlavə edib.
Elnur Fərzəliyev vurğulayıb ki, 2023-cü ildə Xankəndində Qarabağ Universitetin açılması ilə bağlı qərar verildi. Digər yaşayış obyektləri açıldıqdan sonra təbii ki, həmin ərazilərə axın güclənəcək. Paytaxta gələnlərin sayında azalmalar müşahidə ediləcək.
“Bakı və Abşeron ərazisində məcburi köçkünlər üçün tikilmiş on minlərlə mənzillər var ki, o mənzillərdə məcburi köçkünlər yaşıyır. Onlar zamanla geri göndərildikcə, həmin mənzillər ucuz məbləğlərdə satışa çıxarılacaq. Bu səbəbdən də, əmlak bazarında qiymətlərdə enmələr qaçılmaz olacaq”-deyə ekspert bildirib.
P.S. Əgər pulunuz varsa, əmlak almağa tələsməyin və pulunuzu toplayın. Birneçə il sonra bəlkə də arzuladığınız evə qovuşa bilərsiniz…скачать dle 12.1