Bia.Az

KREMLİN “VARDANYAN PLANI” – Abxaziya və Cənubi Osetiyada işlədi, Qarabağda baş tutacaqmı?

Gündəm
 5-10-2022, 16:41     38

Rusiya hakmiyyət dairələri bir müddət əvvəl Qarabağda strart verdikləri "Vardanyan planı"nın icrasını sürətləndiriblər. Oktyabrın 4-də Xankəndindəki qondarma rejimin başçısı Arayik Arutyunyan Rusiyadan "köçüb gələn" erməni milyarder Ruben Vardanyanı qəbul edib və ona "dövlət naziri" postu təklif edib.
Oliqarax bu il sentybarın 1-də Rusiya vətəndaşlığından imtina edib, Qarabağa köçdüyünü bəyan etmişdi. Artıq o zaman bəlli idi ki, Kreml bölgədəki maraqlarının bir hissəsinin icrasını uzun illər qoynunda bəsləyib varlandırdığı sadiq erməniyə həvalə edib.

Rusiya nəyə nail olmağa çalışır, Vardanyan Xankəndində nə edəcək? Bu suallara aydınlıq gətirmək üçün əvvəlcə Moskvanın maraqlarına və hazırkı situasiyaya nəzər salmağa ehtiyac var.
Məlumdur, Xakəndindəki separatçı rejimin əsas dayağı Rusiyadır. 44 günlük müharibənin mövcud şərtlər əsasında bitməsi, 10 noyabr üçtərəfli bəyanatının imzalanması məhz Kremlin tələbi idi. Nəticədə, Ermənistan məğlub olub Xankəndi üzərində hərbi-siyasi təsir rıçaqlarını itirsə də, Azərbaycana separatizmin kökünü kəsməyə imkan verilmədi. Müharibədən sonra onlar Rusiya ordusunun dəstəyi ilə Qarabağın təxminən 2800 kvadrat kilometr ərazisində mövcudluğunu saxlayıblar. Moskva onları bəsləməklə Cənubi Qafqazda hərbi-siyasi nüfuzunu qorumağa, Azərbaycana və Ermənistana təsir imkanlarını saxlamağa çalışır. 
Hazırda separatçı A.Arutyunyan və ətrafındakı dəstə bütün təlimatları, habelə maddi və siyasi dəstəyin bir hissəsini Rusiya hakimiyyət dairələrindən alır. Müharibədən sonra Rusiya separatçılardan Ermənistan hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə edib, amma nəticə əldə edə bilməyib. Habelə separatçıları qorumaqla Qərb ölkələrindəki güclü erməni lobbisinin və hakimiyyətlərinin loyal münasibətini avantaja çevirməyə çalışıb. 
Bir sözlə, Rusiya Cənubi Qafqazda ermənilərin əsas dayağı rolunu oynamaq istəyir, bu siyasətinə başlıca maneələrdən biri Ermənistanda inqilabla iqtidara gəlmiş, "ikili oynamağın" nəticə vermədiyini görərək, Qərbə üz çevirən Nikol Paşinyan hakimiyyətdir. Rusiyanın Ukraynadakı məğlubiyyəti regionda da geosiyasi balansın tədricən dəyişməsinə gətirib çıxarır. İşğalçılıq siyasətinə görə dünyada "izqoy" dövlətə çevrilərək dünya siyasi, iqtisadi sistemindən təcrid olunan ölkənin bölgə hegemonluğuna da ciddi risklər yaranıb. ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan münaqişəsini Moskvanın çoxillik nəzarətindən çıxarmaq istiqamətində fəallığı Kremldə qıcıq doğurur. 
Son aylarda Rusiya Xarici İşlər Nazirliyinin dəfələrlə Qərbi Moskvanın "sülh missiyasını" mənimsəməkdə ittiham etməsi bu narahatlığın bariz təsdiqidir. Bakı və İrəvan da Vaşinqtondan, Brüsseldən gələn təşəbbüslərə isti yanaşır, ötən bir il ərzində sülh danışıqlarının əksəriyyəti Qərbin egidası altında aparılıb. Doğrudur, hələ ki, nəticə yoxdur, Azərbaycan Ermənistana təzyiqləri artırıb, sərhəddə ermənilərin təxribatları, bunu nəticəsində qarşıdurmalar baş verir, amma ümumilikdə sülh prosesinə inam itməyib. 
Azərbaycan kifayət qədər konstruktiv mövqe sərgiləyir, Ermənistan hakimiyyəti isə tədricən sülh müqaviləsinə imza atmaqdan başqa çarə olmadığını anlamağa başlayıb.
Belə bir şəraitdə Moskva Qarabağda kəmərləri sıxmaq, buradakı separatçı rejimi daha möhkəm iplərlə özünə bağlamaq niyyətdindədir. Ruben Vardanyanın Xankəndinə gətirilməsi və "dövlət naziri" postu təklif olunması bu planın tərkib hissəsidir.
1968-ci ildə Ermənistanın paytaxtı İrəvanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, İtaliya, Fransa, Böyük Britaniya, ABŞ və Sinqapurda müxtəlif proqramlar üzrə təhsil alıb, kurslar keçib. Hazırda Rusiyanın daşınmaz əmlak, sənaye sektorunda böyük yatırımları var.

Vardanyandan necə istifadə edilə bilər?


Rusiya üçün ilk növbədə rejimin hazırkı rəhbərliyinin əvəzlənməsinə ehtiyac var. Arayik Arutyunyan, David Babayan və başqaları Azərbaycana qarşı ağır cinayətlərdə iştirak ediblər və Bakı tərəfindən İnterpol xətti ilə axtarışa veriliblər. Həmin şəxslərin erməni icmasında da nüfuzu kifayət qədər aşağıdır. Həm 44 günlük müharibədəki məğlubiyyət, həm də xarici yardımları mənimsəməklə kifayət qədər korrupsiyalaşmış bu dəstə dar qrupun maraqlarını ifadə edir. Onların Qərbdəki erməni lobbisi ilə də sıx münasibətləri var və bu, Moskvanın xoşuna gəlmir. 
Onu da qeyd edək ki, Paşinyan iqtidarı da Arayik və onun dəstəsinə düşmən, eks-prezident Robert Koçaryanın komandası kimi baxır və onların siyasi təqibi ilə məşğuldur.
Ruben Vardanyan isə tamamilə fərqli obrazdadır. Kifayət qədər varlı olması, Kreml rəhbərliyi ilə yaxın münasibətləri onun yaxşı imkanları kimi dəyərləndirilir. Rusiya Arutyunyanı onunla əvəzləməklə bir neçə planını həyata keçirmək istəyir:
- Həm Rusiyada, həm də Qərbdə mövcud olan erməni oliqarxlarının diqqətini Qarabağa cəlb etmək, bununla bölgəyə investisiya axınını təmin etməklə erməni köçünün qarşını almaq;
- Bölgə sərvətlərini (faydalı qazıntılar, mineral sular, turistik zonalar və s.) oliqarxlar arasında bölüşdürməklə onları və yaxın ətraflarını Qarabağa bağlamaq. 
Qeyd edək ki, bu siyasət Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələrində də həyata keçirilir. Əvvəlcə etnik abxazlar, osetinlər, daha sonra Rusiya kəşfiyyat və hərbi elitasının istefaya çıxan bir çox varlı nümayəndələri bu bölgədə torpaq sahələri almağa, villalar tikməyə, təsərrüfat sahələri qurmağa həvəsləndiriliblər. Hazırda bu bölgədə Rusiyaya sıx bağlı çoxsaylı "yerli sakinlər" yaşayır. Separatçı bölgələr artıq torpaqları mənimsəmiş insanların şəxsi əmlakına çevrilib və sabah təhlükə yarananda onu qorumaq uğrunda mübarizə aparacaqlar.
Qarabağla da bağlı təxminən eyni plan ola bilər. Əvvəlcə ermənilərin, daha sonra Kremlin "məsləhət bildiyi" şəxslərin Vardanyanın ətrafında mövqe tutub bölgəni mənimsəməyə çalışacaəı ehtimalı mövcuddur. Nəticədə, hələ ötən il "əsası" qoyulmuş erməni icmasının canlandırılması və lazım gələndə onlardan istifadə edilməsi əsas niyyətlərdn biri ola bilər.

Azərbaycan təbii ki, Kremlin bu planlarını rahat icra etməsinə imkan verməyəcək və ya verməməlidir. Qarabağın Rusiyanın müvəqqəti nəzarətində olan hissəsində ermənilərin qurub-yaratması, inkişaf etməsi bir halda mümkündür: Azərbaycanın şərtlərini qəbul edirlər və ölkə vətəndaşı kimi öz hüquqlarından yaralanırlar. Amma Ruben Vardyanın şəxsən özünün belə bir imkanı yoxdur. Məlumdur ki, 44 günlük müharibə zamanı erməni milyarder Azərbaycana qarşı bir sıra fəaliyyətlərdə iştirak edib. Həmin dövrdə onun Rusiya hərbi sənaye kompleksindən silahlar alıb qaçaq yolla Ermənistana göndərməsini xatırlatmaq kifayətdir.
Bu baş verməsə, bölgədəki müvəqqəti status-kvo tezliklə dəyişəcək və Qarabağdakı ermənilərin həyatında heç bir dəyişiklik baş verməyəcək. Separatçılar da, Ermənistan hakimiyyəti də etiraf edirlər ki, Azərbaycanla bağlılığı olmadan erməni icmasının ayaqda qalmaq imkanları yoxdur.
Təbii ki, rəsmi Bakı Ruben Vardanyanın ölkənin bir hissəsində rahat əyləşib Kremlin çirkli planlarını icra etməsinə göz yummayacaq, onun barəsində lazımi tədbirlər görüləcək. Rusiyanı Ukrayna müharibəsinin nəticələrindən dolayı gözləyən qaranlıq gələcək bir çox rus oliqarxalara dərs olduğu kimi elə Vardyan kimi əlaltılarına da siqnal olmalıdır. İşğal faktoru nəhəng imperiyanı çökdürürsə, Azərbaycanın bir hissəsində onun çürük uzantılarının nəyəsə nail olması qeyri-ciddir.

"AzPolitika.info"скачать dle 12.1