Bia.Az

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi: Əliyev isə "hərbi delimitasiya" xəbərdarlığı etdi

Gündəm
 27-06-2022, 19:34     379

Rəsmi Bakı Azərbaycanın beynəlxalq hüquqla müəyyən edilmiş dövlət sərhədlərini ordunun vasitəsilə birtərəfli qaydada təyin etmək məcburiyyətində qala bilər... Azərbaycan və Ermənistan hələlik bir-birinin sərhədlərini, ərazi bütövlüyünü rəsmi sənəd imzalamaqla, tanımadıqları üçün rəsmi İrəvanın bu varianta qarşı siyasi etirazları hüquqi cəhətdən məntiqsiz xarakter daşıyacaq...

II Qarabağ savaşı Ermənistan üçün əsl geopolitik fəlakət oldu. 44 gün davam edən bu müharibə Ermənistanı "geopolitik quyu"nun dibinə yuvarlatdı. Və rəsmi İrəvan Ermənistanı hələ də həmin "quyu"dan çıxara bilməyib, yəqin ki, hələ uzun müddət də belə vəziyyət davam edəcək.

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında hərbi-siyasi qüvvələr nisbəti hələ savaşdan xeyli əvvəldən ciddi şəkildə dəyişmişdi. Rəsmi Bakı Azərbaycan ordusunu yenidən qurmuşdu, ən müasir hərbi texnika ilə silahlandırmışdı. Və Azərbaycan ordusu savaş ərəfəsində artıq dünyanın ən yüksək döyüş qabiliyyətli silahlı qüvvələri sırasına daxil olmuşdu.
Ermənistan ordusu isə son 30 il ərzində yerində satmışdı. Rəsmi İrəvan Kremlin hərbi-siyasi himayəsinə və Rusiyanın silah hədiyyələrinə arxayın olduğundan Ermənistan ordusunu məğlubedilməz hesab edirdi. Və nəticəsi də artıq göz qabağındadır.
II Qarabağ savaşında Azərbaycan ordusu cəmisi 44 gün ərzində ermənilərin məğlubedilməz hesab edib, haqqında miflər uydurduğu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. İndi Ermənistan ordusu demək olar ki, mövcud deyil. Onun əvəzində isə ən yaxşı halda, rəsmi İrəvanın ordu adlandırdığı özünümüdafiə dəstələri barədə danışmaq mümkündür. Ermənilərin yeni ordu qurmaq üçün maliyyə-iqtisadi resursları da yoxdur.
7ff049656426601f98065c04b0f658a6.jpg (177 KB)
Halbuki, rəsmi Bakı Azərbaycan ordusunu hazırda daha da gücləndirir. İndi Azərbaycan ordusunun NATO dövləti olan Türkiyə silahlı qüvvələrinin standartlarına uyğunlaşdırılması prosesində növbəti mərhələ başlayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni xüsusi təyinatlı "komandos" hərbi birlikləri yaradılır. Dünyanın ən müasir hərbi texnikası ilə təchiz edilir. Davamlı olaraq, hərbi təlimlər keçirilir.
Təbii ki, bütün bunlar onu göstərir ki, Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyünü durmadan artırır. Hazırda hətta Azərbaycanın hərbi qüdrəti Ermənistan üçün demək olar ki, əlçatmaz xarakter daşıyır. Belə vəziyyətdə Azərbaycan ilə hərbi-siyasi rəqabət Ermənistana yalnız yeni geopolitik fəlakətlər vəd edir.
Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamasında da Ermənistanın nəticə çıxarmalı olduğu ciddi mesajlar mövcuddur. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ordusunun ən müasir hərbi texnika ilə təchiz olunması prosesi davam edir: “Ən müasir silahların alınması üçün yeni kontraktlar imzalanıb. Bu kontraktlar artıq icra olunur. Yeni silahlar, ən müasir hərbi texnika Azərbaycana gətirilir və gətiriləcək”.
Hazırda Ermənistanı narahat edən, öz beynəlxalq himayədarlarından narazı salan əsas məsələlərdən biri də məhz budur. Rəsmi İrəvan Ermənistan ordusuna müasir silahlar alıb, onu yenidən qurmaq imkanlarından çox uzaqdır. Rusiya isə hazırda Ermənistana əvvəllər olduğundan fərqli, köhnə silahlar da hədiyyə edə bilmir. Çünki, Ukrayna savaşında çətin vəziyyətə düşən Rusiyanın özünün hətta sovet dövründən qalmış hərbi texnikaya belə, ciddi ehtiyacı var.
biden_imza_podpis_signing_170421.jpg (66 KB) 
Azərbaycan isə öz ordusu üçün ən müasir hərbi texnika almaq imkanlarından maksimum səviyyədə istifadə edir. Belə vəziyyətdə Ermənistanın Azərbaycana müqavimət göstərmək şansları qətiyyən real deyil. Zaman keçdikcəsə, Azərbaycanın Ermənistan üzərində əzici hərbi-siyasi üstünlüyü daha da artır. Və bu, rəsmi İrəvanın öz beynəlxalq himayədarlarına iradları ilə müşayiət olunur.
Maraqlıdır ki, hazırda həm rəsmi İrəvan, həm də ABŞ-da fəaliyyət göstərən erməni diasporu Ağ Evdən ciddi şəkildə narazıdır. Çünki ABŞ prezidenti Co Bayden Azərbaycana qarşı 907-ci düzəlişin hüquqi qüvvəsini növbəti dəfə bloklayıb. Yəni, ABŞ-ın Azərbaycana yönəlik hərbi dəstəyi və silah satışı qarşısında daha bir il ərzində hər hansı hüquqi əngəl olmayacaq. Və 2002-ci ildən üzübəri bütün ABŞ prezidentləri 907-ci düzəlişə münasibətdə eyni ənənəni təkrarlayırlar.
Halbuki, Ağ Ev sahibi Co Bayden də daxil olmaqla, prezidentliyə namizəd olarkən, onların hər birisi ABŞ-ın mövcud dövlət başçısından Azərbaycana hərbi yardım göstərilməməsini, 907-ci düzəlişin qüvvədə saxlanılmasını tələb edirlər. Ancaq hakimiyyətə gəldikdən sonra onlar həmin tələbləri unudurlar, erməni diasporunun israrlarına əhəmiyyət vermədən ənənəni davam etdirirlər. Bu isə o deməkdir ki, Ermənistan da, erməni diasporu da sadəcə, müvəqqəti istifadə edilən "siyasi alət"dən başqa bir şey deyil.
Prezident Co Baydenin 907-ci düzəlişlə bağlı bloklama qərarından sonra ABŞ-dakı erməni diasporu yenə hərəkətə keçib. Amerika Erməniləri Milli Komitəsi Ağ Ev sahibini "Azərbaycanın Ermənistana və "artsaxa" qarşı hərbi təzyiqlərinin davam etməsinə göz yummaqda" qınayıb. Və bütün bunlar yalnız Ermənistanın deyil, elə erməni diasporunun da nə qədər aciz durumda olduğunu göstərir.
4eef602d915bd5538b664b63d8cdbed8.jpg (94 KB)
Belə vəziyyətdə isə Ermənistanın Azərbaycandan gələn tələbələri yerinə yetirməkdən başqa çıxış yolu qalmır. Çünki, Ukrayna savaşına ilişib, qalmış Kreml indi Ermənistanı deyil, Rusiyanı xilas etmək barədə düşünmək məcburiyyətindədir. ABŞ və Qərb isə Rusiyanın dünya siyasət məkanından, o cümlədən də Cənubi Qafqazdan sıxışdırılmasına cəhd göstərir. Və bu prosesdə Ermənistandan elə bir ciddi gözlənti yoxdur.
Azərbaycan isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol almaqdadır. Eyni zamanda, Cənubi Qafqazın ən güclü ölkəsi olan Azərbaycan geopolitik proseslərdə ABŞ və Qərbin maraqlarının təmin edilməsi baxımından, Ermənistandan müqayisə edilməz səviyyədə daha önəmli tərəfdaşdır. Və Ağ Ev hazırda bu tərəfdaşlığa böyük əhəmiyyət verdiyini də qətiyyən gizlətmir.
Ona görə də, ordusu darmadağın edilmiş Ermənistanın özündən daha güclü Azərbaycanın səbrini sınağa çəkməsi əslində, olduqca təhlükəli və riskli geopolitik oyundur. Rəsmi İrəvanın belə oyunlar üçün hərbi-siyasi resursları demək olar ki, yoxdur. Və rəsmi Bakının səbri tükəndiyi mərhələdə Ermənistan növbəti geopolitik fəlakətlə üz-üzə qala bilər.
Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Ermənistana növbəti dəfə xəbərdarlıq edib. Azərbaycan lideri vurğulayıb ki, Ermənistana "köhnə taktika"nı təkrarlamaq imkanı verilməyəcək: “Əgər, Ermənistan sərhədlərin müəyyən edilməsi prosesində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.
6cf45b1a08e63e92827dc3d37fe1b894.jpg (157 KB)
Azərbaycan Prezidenti İlham Əliyev sərhəd bölgəsində mövcud olan ümumi vəziyyəti də xatırladıb. Dövlət başçısı bildirib ki, Azərbaycan ordusu indi bütün sərhəd boyunca yerləşib: "Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, ən müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq".
Göründüyü kimi, Ermənistan hələ öz ordusunu necə bərpa edəcəyi barədə düşünməyə belə, doğru-düzgün imkan tapmayıb. Azərbaycan isə öz sərhədlərinin hərbi qüvvələr ilə möhkəmləndirilməsi prosesini də yekunlaşdırıb. Və bu, rəsmi İrəvanın daha sürətli qərarlar qəbul etməsinin vacibliyini göstərir.
Məsələ ondadır ki, rəsmi Bakı Ermənistana beynəlxalq hüquq normaları ilə tanınmış sərhədlərin delimitasiyasını təklif edir. Bundan sonra isə hər iki ölkənin qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanıması və sülh sazişinin imzalanması ilə münasibətlər normallaşa bilər. Bu, hazırda Ermənistan üçün ən faydalı geopolitik modeldir.
Çünki, bu modelin Ermənistan üçün daha pis nəticələr verə biləcək alternativi də mövcuddur. Belə ki, rəsmi İrəvan delimitasiya prosesini uzadarsa, o zaman Azərbaycan "hərbi delimitasiya" variantına üstünlük verməli olacaq. Yəni, rəsmi Bakı Azərbaycanın beynəlxalq hüquqla müəyyən edilmiş dövlət sərhədlərini ordunun vasitəsilə birtərəfli qaydada təyin edəcək. Azərbaycan və Ermənistan hələlik bir-birinin sərhədlərini, ərazi bütövlüyünü rəsmi sənəd imzalamaqla, tanımadıqları üçün rəsmi İrəvanın bu varianta siyasi etirazları hüquqi cəhətdən məntiqsiz xarakter daşıyacaq./"Yeni Müsavat"скачать dle 12.1