Bia.Az

Kremlin adamı danışdı: MDB-nin adını dəyişmək, ABŞ-ın “ayağını kəsmək”

Gündəm
 14-01-2022, 10:22     247

Duqin bildirib ki, artıq MDB-ni Avrasiya İttifaqı adlandırmaq vaxtı çatıb və bu iqtisadi deyil, geosiyasi ittifaqa bütün sovet məkanı daxil edilməlidir


Qazaxıstanda baş verən son hadisələrlə bağlı məqalə yazan Aleksandr Duqin bildirib ki, artıq MDB-ni Avrasiya İttifaqı adlandırmaq vaxtı çatıb və bu iqtisadi deyil, geosiyasi ittifaqa bütün sovet məkanı daxil edilməlidir. Sözlərinə davam edən Duqin qeyd edib ki, ABŞ-ın bu ərazidəki bütün təsirləri silinib atılmalıdır. Ukrayna ilə bağlı isə Duqin bildirib ki, ya Ukrayna liberal faşist rejimindən təmizlənməli, ya da Ukraynada iki dövlət formalaşmalıdır. Şərqdə Donbasdan Odessaya qədər Novorossiya, qərbdə isə Karpataltı ərazilərdə yeni siyasi quruluş yaradılmalıdır.
Qazaxıstanda baş verən hadisələr fonunda Kremlin ideoloqlarından biri kimi tanınan Duqinin bu açıqlamalarını necə dəyərləndirmək olar?  “ABŞ-ın bu ərazidəki bütün təsirləri silinib atılmalıdır” bəyanatı nə deməkdir? Bu açıqlamalar Kremlin ən yaxın zamanda yeni imperiya - Avrasiya imperiyasını reallaşdırmaq üçün əməliyyatlara başlaması haqda siqnal ola bilərmi?
Ceyhun Məmmədov: “Gənclərimiz İranda yox, Azərbaycanda dini təhsil alsınlar“
 Ceyhun Məmmədov
YAP-çı deputat Ceyhun Məmmədov bildirdi ki, hazırda region və dünyada çox ciddi proseslər gedir: “Dünya nizamının yenidən qurulmasına cəhdlər var. Eləcə də bir sıra dövlətlər çalışır ki, öz ətraflarında təhlükəsizlik sipərləri qursunlar. Rusiyada da mövcud olan bir sıra siyasətçilər, ayrı-ayrı ekspertlər zaman-zaman SSRİ-nin bərpası ilə bağlı müəyyən fikirlər irəli sürürlər. Hesab edirəm ki, artıq SSRİ tarix olub, o respublikalar 30 ildən çoxdur ki, müstəqildirlər. Sovetlərin bərpası hazırda real görünmür. Biz daha çox çalışmalıyıq ki, suveren, müstəqil ölkələr kimi keçmiş MDB ölkələri ilə qarışıqlı münasibətlərimizi quraq. Bizim burada digər istiqamətlərdə addımlarımızı atmağımız hazırkı mərhələdə çox ciddi şəkildə ölçülüb-biçilməlidir. Bu cür bəyanatlara reaksiyalarda maksimum dərəcədə həssas və diqqətli olmalıyıq. Hazırda bu proses mümkün görünmür. Qeyd etdiyim kimi, regionda çox ciddi proseslər gedir. Çalışmalıyıq ki, münasibətlərimiz və əlaqələrimizdə reallıqları nəzərə alaq”.
Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır - "İki  sahil"
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli “Yeni Müsavat”da çox vacib məqamlara aydınlıq gətirdi: “Rusiya SSRİ-nin yeni müasir formasını yaratmağa çalışır. Adının nə olmasından asılı olmayaraq, belə bir planı var və bunu gerçəkləşdirmək xətti yürüdülür. Qazaxıstan hadisələri bunun bariz nümunəsidir. Növbəti hədəfdə digər ölkələr var. Çox güman ki, bunun Qırğızıstan və Özbəkistan olma ehtimalı yüksəkdir. Bu formada da davam edəcək. Çünki qlobal savaşda Rusiya, Amerika və Çin arasında gedən mübarizə özünün son mərhələsinə doğru çatmaqdadır. Bu üç oyunçudan şübhəsiz ki, biri sonunda məğlubiyyətə məhkumdur. Bu istiqamətdə görünən odur ki, Birləşmiş Ştatların mövqeləri zəifləməkdədir. İndiki şərtlərlə bu qarşıdurmalardan qalib çıxması mümkünsüz görünür. Resursların uzaqlığı, müttəfiqlərinin təsir imkanlarına malik olmaması, eyni zamanda, Amerikaya qarşı Çin-Rusiya birgə əməkdaşlığı imkan vermir ki, həmin o gedişatda müəyyən addımlar ata bilsin. Onu da qeyd etmək lazımdır ki, Rusiya və Çin də bir-birinə qarşıdır. Bu isə sanki onu göstərir ki, üç oyunçudan ən güclüsünün ətrafında digər ikisi birləşib mübarizə aparacaqlar. Hadisələr Avrasiyada cərəyan etdiyi üçün Birləşmiş Ştatların təsir imkanları çox aşağı görünür. Bu təsir imkanlarının azaldığını biz Obama və Tramp dövrlərində gördük. Mövqelər bir-birinin ardınca Rusiya və Çinə təhvil verilməyə başladı. Belə bir kontekstdə Kreml üçün əlavə imkanlar açılır. Getdikcə keçmiş MDB ölkələrində təsir imkanları genişlənir. Düşünürəm ki, bu gedişatı diqqətlə izləyən, ən yaxşı oxuyan, qlobal mənzərədən tez nəticə çıxarmağı bacaran Azərbaycan prezidenti idi. Görürsüzmü, Qazaxıstan, bundan əvvəl də Gürcüstan və Ukraynanın başına gələnlərdən Azərbaycan necə sığortalanmağı bacardı. Türkiyə ilə hərbi müqaviləyə gedildi və gələcəkdə bu ssenarilərin təkrarlanmaması üçün Şuşa Bəyannaməsi əsas rol oynayacaq”.
Akif Nağı — Vikipediya
Akif Nağı 
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı vaxt itirmədən Türk Dövlətləri Təşkilatını gücləndirməyin vacibliyinə toxundu: “Duqinin qeyri-rəsmi Kreml sözçüsü olması ilə bağlı fikir reallıqdan uzaq deyil. Amma həm də xeyli şişirdilib. Bildiyimə görə, onun fikirlərini Rusiyada o qədər də ciddiyə almırlar. Hər halda, informasiya diqqətə alınmalıdır. Bu cür xəbərlər bizi gələcəklə bağlı daha ciddi düşünməyə vadar etməlidir. Necə deyərlər, ”düşünmək üçün informasiya" kimi baxmalıyıq. Rusiya rəhbərliyinin keçmiş müttəfiq respublikaları öz ətrafında cəmləşdirmək niyyəti hər kəsə bəllidir. Xeyli vaxtdır ki, Rusiya rəhbərliyi bunun üzərində düşünür, müxtəlif variantlar axtarır. Amma məsələ o qədər də asan görünmür. Rusiya hələlik niyyətlərini hərbi güclə həyata keçirməyə çalışır. Lakin özü də bilir ki, yalnız hərbi amillə bu ölkələri özünə tabe etdirmək mümkün deyil, iqtisadi imkanlar da olmalıdır. Bu iqtisadi, maliyyə imkanları isə Rusiyada yoxdur. Digər tərəfdən, müttəfiq respublikaların əksəriyyəti artıq ciddi siyasi və iqtisadi gücə malikdir, onları diz çökdürmək elə də asan deyil. Amma “SSRİ təhlükəsi”ni də heç bir halda yaddan çıxarmamalıyıq. Bu təhlükəyə qarşı iki istiqamətdə işlərimizi görməliyik. Birincisi, keçmiş müttəfiq respublikalarla əlaqələrimizi gücləndirməli, Kremlin niyyətlərinə qarşı birgə dayanmalıyıq. İkincisi və ən vacibi isə odur ki, Türk dövlətləri Birliyini ləngimədən gücləndirməliyik. Türk dövlətləri Təşkilatı tezliklə bütün xarici təhlükələrə qarşı “zirehli çətir”ə çevrilməlidir və çevriləcəkdir".скачать dle 12.1