Bia.Az

“AZƏRBAYCANA QARŞI SİSTEMLİ FƏALİYYƏT-TƏXRİBAT VAR” - “Bu üç dövlət bizim sahədə qazandığımız uğurların bir hissəsini masada geri verməyimizi istəyir"

Gündəm
 18-07-2021, 00:56     89

Oqtay Qasımov: “Ermənistan vəziyyəti gəginləşdirməklə Minsk Qrupunu aktivləşdirmək, Rusiya isə gəginlik və qeyri-müəyyənlik fonunda durumdan yararlanmaq istəyir”

“Erməni tərəfinin belə təxribat əməlləri imkan yaradır ki, sülhməramlıların nəzarəti altında olan ərazilərdə antiterror əməliyyatları keçirilsin

“Azərbaycana qarşı olan bu təxribatlar şəxsən Paşinyanın razılığı və qərarı ilə həyata keçirilir”

Son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsin sistematik pozulması müşahidə olunur. Eyni zamanda Qarabağdakı rus sülhməramlı missiyanın nəzarəti altında olan bölgələrdən erməni qanunsuz silahlı dəstələri Azərbaycan ordusunun mövqelərinə atəş açırlar. Sanki hansısa əl regionda vəziyyəti gərginləşdirmək və “bulanıq suda balıq tutmağa” hazırlaşır. Azərbaycan tərəfi Prezident səviyyəsində ortaya iradə qoyaraq lazım gəlsə qarşı tərəfə layiq olduğu cavabı verəcəyini xatırladıb.

“AzPolitika.info” regionda müşahidə olunan erməni təxribatlarının səbəbləri və əsas məqsədləri mövzusunu politoloq Oqtay Qasımovla müzakirə edib.

Müsahibəni təqdim edirik:

- Oqtay bəy, son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində, eləcə də Qarabağda rus sülhməramlıların səlahiyyət zonasına aid olan ərazilərdən Azərbaycan ordusunun mövqeləri atəşə tutulur. Ermənistan tərəfinin bu davranışlarını necə qiymətləndirmək olar, İrəvan bu addımla nəyə nail olmağa çalışır?
- Ermənistandan kənar bəlli qüvvələr var ki, onlar bölgədə sabitliyin bərqərar olmasında maraqlı deyillər. Xüsusən də II Qarabağ savaşının nəticələrini həzm etməkdə çətinlik çəkirlər. ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin Bakıdakı səfirlərinin Şuşa şəhərinə səfərdən imtina etmələri də əslində bu qəbildəndir. Eyni zamanda Ermənistan Baş nazirinin mətbuat xidmətinin açıqlamasında qeyd edilib ki, ABŞ dövlət katibi Antoni Blinkenlə Nikol Paşinyan arasında telefon danışığı olub və Paşinyanın Dağlıq Qarabağ probleminin həll olunmadığına dair fikrinə dövlət katibi müsbət reaksiya verib. Hər halda Ermənistan tərəfinin telefon müzakirəsinə dair açıqladığı məlumatdan belə nəticəyə gəlmək olar. Sözsüz ki, bunlar narahatlıq doğurmaqla yanaşı bizi diqqətli olmağa vadar edir.
Sərhəddə atəşkəsin pozulması, eləcə də Şuşa istiqamətində atəş açılmasına Ermənistan tərəfinin izahatı da anlaşılan deyil. Naxçıvan istiqamətində atəş açılmasının səbəbini doğru-dürüst ifadə edə bilmirlər. Şuşa istiqamətində isə erməni qanunsuz silahlı dəstələri tərəfindən atəşkəsin pozulmasına onların maraqlı “izahat”ı olub. Guya bu hansısa hədəfə doğru açılan atəşlər deyil. Burada daha çox məsuliyyət Rusiyanın üzərinə düşür. Çünki Rusiyanın Ermənistanda hərbi bazası var, Ermənistan dövlət siyasətinə güclü təsir imkanlarına malik olmaqla yanaşı sülhməramlı kimi yerləşdiyi Qarabağdakı erməni separatçılarına təsir imkanlarını saxlamaqdadır. Bu məsələlərdə Rusiyanın səssizliyi xüsusi diqqət çəkir. Görünür, bununla bağlı Rusiyadan müəyyən açıqlamalar tələb olunmalıdır. O cümlədən ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin fəaliyyətindən danışmağa dəyməz. Əslində Minsk Qrupundan imtina etməyin zamanı artıq çatıb.
- Şuşa və Naxçıvan istiqamətində atəşkəsin pozulduğu günü Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini, general Sergey İstrakov İrəvanda erməni hərbçiləri ilə danışıqlar aparıb. Bu iki məsələ arasında əlaqə varmı?
- Aydındır ki, Rusiyanın Ermənistanla ciddi müttəfilik əlaqələri var. Rusiyanın Ermənistanda hərbi bazaları var. Bununla bağlı Rusiyanın mövqeyini özü izah etməsi daha yaxşı olardı. Amma II Qarabağ savaşından sonra Rusiyanın Ermənistanda təsir imkanları ciddi şəkildə artdı. Erməni cəmiyyətində belə fikir formalaşdı ki, Rusiyasız Ermənistan dövlətinin mövcudluğu sual altındadır. Amma Ermənistan ordusunun yenidən qurulması, modernləşdirilməsi kimi cəfəng layihələrlə bağlı Rusiyanın niyyətləri anlaşılan deyil. Ən azından bu, Azərbaycan tərəfi üçün ciddi suallar doğurur və buna qarşı cəmiyyətimizdə böyük qəzəb hissi var. Rusiyaya mövqeyimizi açıq şəkildə bildirmək lazımdır. Yəni Rusiya bölgədə sülhün və sabitliyin bərqərar olmasını və 10 noyabrda imzalanan üçtərəfli sazişin müddəalarınin həyata keçməsini istəyib- istəməməsini açıq ortaya qoymalıdır. Mənə elə gəlir ki, Şuşa ətrafında baş verən atışma bizim açıq şəkildə suallar qaldırmağımıza imkan yaradır. Biz Rusiyadan soruşmalıyıq ki, Moskva qarantyor ölkə kimi öz qüvvələrini bölgədə yerləşdiribsə, Ermənistan silahlı qüvvələri niyə Qarabağdan çıxarılmayıb? Əslində isə üçtərəfli razılaşmanın 4-cü bəndinə görə də, sülhməramlılar bölgədə olan Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi ilə paralel olaraq bölgəyə yerləşməli idi. Deməli, orada qalan erməni silahlı qüvvələrinin məsuliyyəti tamamilə rus sülhməramlıların üzərindədir.
Rusiya bunun izahatını verməlidir. Nə üçün orada erməni qanunsuz silahlı birləşmələri və Ermənistan ordusunun birləşmələri qalıb, niyə onlar tərkisilah edilmir və bölgədən çıxarılmır, niyə Rusiya Prezidentinin də imza atdığı üçtərəfli bəyanatın şərtlərinə əməl edilmir? Əlbəttə, sənəddə kommunikasiyaların açılması və digər məsələlərə hələ toxunmuram. Bu gün bölgədə gərginləşməyə rəvac verən, atəşkəsin sistematik pozulmasının səbəbləri Moskva qarşısında qaldırılmalıdır. Fransa və digər buna bənzər ölkələrin mövqeyi prinsipcə aydındır. Hesab edirəm ki, Azərbaycan mövqeyini və ritorikasını sərtləşdirməlidir. Ermənistan və onun havadarları bilməlidir ki, Azərbaycana qarşı hər hansı revanş cədinin qarşısı alınacaq, həm də bu kimi hərəkətlərə sərt cavab veriləcək.
- Sizcə, indiki təxribatlara qarşı Azərbaycan ordusu sərt cavablar verməlidir, yoxsa qarşı tərəfin əsas niyyətinin nə olduğunu müəyyənləşdirənə qədər səbr nümayiş etdirməlidir?
- Hesab edirəm ki, əslində Azərbaycan ordusu buna cavab verir. Nəzərə alın ki, bunlar kiçik insidentlərdir. Amma hər hansı təhlükəli məqam yaranarsa, fikrimcə, Azərbaycan ordusu və siyasi rəhbərliyi konkret addım atmaqda tərəddüd etməyəcək. Mən buna inanıram və dövlət başçısının son bəyanatlarında, o cümlədən son açıqlamasında bu məqamlara toxunub. Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin bitmədiyini söyləyən tərəflər bunu izah etsinlər. Mən də hesab edirəm ki, əslində erməni tərəfinin belə təxribat əməlləri imkan yaradır ki, nəzarətimiz altında olmayan, sülhməramlıların nəzarəti altında olan ərazilərdə antiterror əməliyyatları keçirilsin. Əgər belə hallar davam edəcəksə, zənnimcə, bundan uyğun şəkildə istifadə edilməlidir. O cümlədən Ermənistan-Azərbaycan sərhədində yerləşən Qazax, Gədəbəy, Naxçıvan, Kəlbəcər istiqamətində belə təxribatları davam etdirəcəksə, biz sərhədlərimizin təhlükəsizliyi çərçivəsində daha qəti, ciddi və əsaslı addımlar atmalıyıq. Əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edirsə, sülh müqaviləsinə razılıq vermirsə, onda biz nə üçün Ermənistanın ərazi bütövlüyünə hörmət etməliyik?
Adekvat münasibətlər olmalı, Ermənistan anlamalıdır ki, daha Azərbaycanla belə zarafatlar keçməyəcək. Ermənistan havadarlarının dəstəyi ilə 30 ilə yaxın ərazilərimizi işğal altında saxlayıb, bu gün də revanşist və faşist düşüncəsinə üstünlük verir. Ələlxüsus, ABŞ, Rusiya və Frana səfirlərinin Şuşa şəhərinə səfərdən imtinasından sonra ermənilər öz aləmində xeyli ruhlanıblar, hesab edirlər ki, onlara işğalçılıq siyasətinə dəstək var. Amma onların belə istək və arzularının həyata keçməsi mümkün deyil.
- Həmin ölkələrin səfirlikləri açıq elan ediblər ki, Şuşaya səfər etməmələri ilə bağlı izahat vermək niyyətində deyillər...
- Əslində bunun tərcüməsi belədir ki, biz 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini dəstəkləmişik, Azərbaycan torpaqlarının işğal altında saxlanılması və orada törədilən vandalizmə şərik olmuşuq və bu gün də yaranan yeni reallığı qəbul etmirik. Fikrimcə, dediklərinin tərcüməsi bundan ibarətdir. Məncə, buna bizim adekvat münasibətimiz olmalı, Minsk Qrupundan imtina etməliyik. Əslində bu ölkələrin Qarabağ məsələsinə münasibətləri əvvəldən də bəlli olub. Çünki bu ölkələrin hər birinin işğalda öz payı var.

- Siz nəyi nəzərdə tutursunuz?
- 1988-ci ildə Ermənistanda zəlzələ olanda Fransadan təyyarələrlə humanitar yardım adı altında silah-sursat Ermənistana daşınıb. I Qarabağ savaşında Fransanın iştirakı və yardımı ilə Yaxın Şərqdən, ABŞ və Avropadan xeyli sayda terrorçular Qarabağa göndərilib və onlar Azərbaycana qarşı döyüşlərdə iştirak ediblər.
ABŞ-ın bu məsələdə mövqeyini unutmamışıq. 1992-ci ilin noyabrında Azərbaycana qarşı “Azadlığın dəstəklənməsi Aktı-907-ci düzəliş” qəbul edilib. Bu yeni müstəqillik qazanan və özlərinin etiraf etdiyi kimi, qərbyönümlü və anti-Rusiya meylli qüvvələrə qarşı addım oldu. Bu, Azərbaycana qarşı əslində arxadan vurulan xəyanətkar zərbə idi. O cümlədən 2016-cı ilin Aprel döyüşlərindən sonra bütün təmas xətti boyunca ABŞ-ın verdiyi çox güclü müşahidə kameraları yerləşdirilmişdi. Bu kameralar təxminən 80 kilometrə qədər uzaqlıqdakı əraziləri müşahidə altında saxlamaq imkanı verirdi.
Rusiyanın da bu məsələlərdə rolu və mövqeyi aydındır. Rusiya bu problemin yaradılmasının kökündə duran dövlətdir.
Mən demirəm ki, bu dövlətlərlə düşmənçilik edək, amma münasibətimizi də bu reallıqlar üzərində qurmalıyıq. Ehtimal edirəm ki, dövlət qurumları onlara suallar verir və buna cavab almağa çalışırlar. Ancaq biz cəmiyyət olaraq bu dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə münasibətinin nədən ibarət olmasına dair suallar verməliyik. Məsələn, bu üç ölkə illər əvvəl BMT-də Azərbaycanın ərazi bütövlüyünə dair səsvermədə bitərəf qalmışdılar. Az qala demək istəyirdilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanımırlar. Yəni belə bir durumdur və onlar indi Ermənistanı düşdüyü ağır formadan hansısa şəkildə xilas etmək istəyirlər. Bizim sahədə qazandığımız uğurların bir hissəsini masada geri verməyimizi istəyirlər. Əslində məsələnin görünən tərəfi budur. Mən hesab edirəm ki, Azərbaycanın həm hərbi qüdrəti, həm də Şuşa bəyannaməsindən irəli gələn Türkiyə ilə müttəfiqlik münasibətləri bu məsələdə xüsusi önəm daşıyacaq. Biz ölkəmizə qarşı yönələn təhlükələrin hər birinə cavab verməli, maraqlarımızı sona qədər gözləməliyik.
- İddialar var ki, Azərbaycana qarşı təxribatları Ermənistan ordusunda və hakimiyyət orqanlarında təmsil olunan Rusiyanın “beşinci kolonu” törədir. Onlar vəziyyəti gərginləşdirməklə həm öz mövqelərini qoruyub saxlayırlar, həm də Moskvaya “top” ötürürlər. Bu nə dərəcədə mümkündür?
- Paşinyan və ya bir başqa "yan"ın Azərbaycana münasibəti eynidir və dəyişməzdir. Onların içərisində ən demokratı Levon Ter-Petrosyan idi, amma torpalarımız onun dövründə işğal edilib. Yəni onların bu məsələdə fərqli fikirləri yoxdur. Paşinyanın bir il əvvəlki mövqeyini xatırlayın. Azərbaycana qarşı bəyanatlar, yekə-yekə açıqlamalar verirdi. Sadəcə olaraq 44 günlük savaşdan sonra məğlub olan və darmadağın olunan ölkənin başçısı kimi o reallıqları daha ciddi şəkildə dərk etməyə başladı və buna uyğun addımlar atmaq istədiyini nümayiş etdirdi. Ancaq bunda nə dərəcədə səmimidir, hansı həddə qədər addım atacağını, təəssüflər olsun ki, hələ görmürük. Aydındır ki, Ermənistanda Rusiyanın əlaltısı olan “beşinci kolon” var. Eləcə də Qərb tərəfindən dəstəklənən qüvvələr var. Onlar bölgədə sülhün yaranmasının əleyhdarıdır. Ola bilsin ki, orada hansısa məqamlarda özfəaliyyət ola bilər. Amma bu, indiki qədər ola bilməzdi.
Belə çıxır ki, Paşinyan orduya və dövlət qurumlarına nəzarət etmir? Mən bu iddiaları ciddi qəbul etmirəm. Paşinyan göstərdi ki, kifayət qədər dövlət orqanlarına nəzarət edir, bu orqalarda özünün kifayət qədər tərəfdarlarını yerləşdirib. Bu təxribatları III korpus komandanı Xaçaturovun və ya başqasının ayağına bağlamaq da ciddi iddia deyil. Burada Azərbaycana qarşı sistemli fəaliyyət-təxribat var. Bu həm Ermənistanın, həm də kənardan dəstəklənən qurumların birgə fəaliyyətidir. Onlar sadəcə bu addımlarla vəziyyəti gərginləşdirir, bölgədəki bəzi layihələrin həyata keçirilməsinin ləngidilməsinə çalışırlar. Aydındır ki, burada bəzi kənar qüvvələrin də fəaliyyəti və maraqları var. Paşinyanı bu məsələlərdən ayırmaq, başqalarının bu təxribatları etdiyini iddia etmək məntiqsizdir. Sadəcə olaraq Paşinyan pislərin içində yaxşı sayıla bilər, amma onun yaxşı biri olması haqda iddialar əsassızdır. Azərbaycana qarşı olan bu təxribatlar şəxsən Paşinyanın razılığı və qərarı ilə həyata keçirilir.
- Bütün bunları etməkdə Ermənistanın uduşu, qazancı nə olur?
- Ermənistanın məqsədi bəllidir. Vəziyyəti mümkün qədər gərginləşdirib məsələni beynəlmiləlləşdirmək istəyir. Fransa və digər ermənipərəst dövlətlərin timsalında Minsk Qrupunun fəaliyyətini aktivləşdirməkdən ibarətdir. Prinsipcə, üçtərəfli bəyanat atəşkəs rejiminin yaranmasına səbəb olsa da, ABŞ və Fransa tərəfindən xoşluqla qarşılanan hal deyil. Çünki nəticədə Fransa və ABŞ prosesdən kənarda qaldı.
- Əgər bu təxribatlar Rusiyanın təşəbbüsü ilə baş verirsə, Moskva burada hansı məqsəd güdür və Azərbaycanla bölüşə bilmədiyi nəyi var?
- Vəziyyət nə qədər mürəkkəb və gərgin olsa, Rusiyaya daha çox ehtiyac yaranır. Bu səbəbdən də Rusiya burada sabitliyin və sonra da sülhün yaranmasında maraqlı deyil. Çünki Rusiya Ermənistandakı hərbi varlığını artırıb, Azərbaycan ərazisində özünün sülhməramlılarını-hərbçilərini yerləşdirib. Sabah iki tərəf arasında əməkdaşlıq və anlaşma başlayacaqsa, sülh bərqərar olacaqsa, o zaman burada sülhməramlıya və ya hərbi bazalara ehtiyac qalmayacaq. Bu baxımdan bölgədə Rusiyaya gərginlik və qeyri-müəyyənlik lazımdır ki, burada ona ehtiyac olduğunu göstərsin və vəziyyətdən yararlansın.

BİA.AZ
скачать dle 12.1