Bia.Az

Sabahın xeyir, Ruhlar şəhəri! – FOTOLAR

Gündəm
 3-02-2024, 17:34     208

Azərbaycanda rəsmi səfərdə olan Beynəlxalq Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Qarabağa səfər etmək və azad olunmuş ərazilərdəki vəziyyəti öz gözləri ilə görmək istədiyini bildirmişdi.

Baş katibi müşaiyət etmək üçün onunla birlikdə Ağdama getdim. Bərdədən  Ağdama aparan yeni salınmış güzgü kimi asfalt yol  bizi sürətlə  mənzil başına yaxınlaşdırırdı. Avtomobilin pəncərəsindən Ağdərənin başı qarlı dağlarını seyr edə-edə  Ağdam yolu ilə irəliləmək nə qədər xoş təəssürat yaradırdısa tezliklə çatacağımız ünvanda görəcəyimiz səhnələri təsəvvür etmək də bir o qədər cansıxıcı idi. Azad olunmuş ərazilərə əvvəlki səfərlərim zamanı yaşadığım mənəvi sarsıntılar səfərlərdən sonra da uzun müddət ruhumu tərk etməmişdi. Bu dəfəki Ağdam səfərimizin də sıxıntıları artıq yolda ikən hiss olunmaqdaydı. Yer kürəsinin bu füsunkar guşəsində təbiətin yaratdığı ecazkar gözəlliklərlə son 30 ildə  burada baş verənləri bir arada görmək təbiətlə harmoniyada yaşamaq üçün doğulmuş insanın şüurunu zorlayır. Belə səhnələrin yaşatdığı sarsıntıları və mənəvi iztirabları unutmaq asan deyil. Yol bizi dağılmış evlərin, binaların qum-kəsəyindən  qalaqlanmış xırda təpələrin arası ilə “cəhənnəm”in mərkəzinə gərib çıxardı.
Şəhərin nə vaxtsa öz gözəlliyi və səliqə-sahmanı ilə göz oxşadığı, indi isə  atom bombardmanının Xirosimada yaratdığı müdhiş xarabalığı xatırladan mərkəzində bizi Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev qarşıladı. Ruhlar şəhərinə xoş gəlmisiniz! İngilis dilində səlis danışan Faiq bəy  bizi salamladıqdan dərhal sonra Ağdamın tarixi ilə bağlı təqdimatına başladı. Nə zamansa mərkəzi küçə hesab olunan daşlı-torpaqlı yollarla addımlaya-addımlaya Xan nəslinin dəfn olunduğu, lakin 2 əsrdən çox rahat uyuya bilmədiyi qəbiristanlığa çatdıq. Əsrlər boyu öz əməlləri ilə Qarabağa şöhrət gətirmiş bu tarixi şəxsiyyətlərin taleyi barədə verilən məlumatlar bir zamanlar bu şəhərin Qafqaz siyasətində oynadığı  mühüm rolu dərindən anlamaq üçün çox faydalı idi.  Faiq Hacıyev bu yerlərin tarixi rəsmlərini, sovet dövrünün təsvirlərini və işğaldan sonrakı ilk fotolarını müqayisə edə-edə şəhərin yaşadığı keşməkeşli ağrılı-acılı taleyini gözlərimiz önündə sərgiləyirdi.  Xan qəbiristanlığında gəzişdikcə burada uyuyanların sevinən ruhlarını təsəvvür edirdim. Yaratdıqları səltənətin varislərinin ata-baba yurdlarını özlərinə qaytardığına və onu ulu babalarının adına layiq şəkildə yenidən qurub yaşatdıqlarına görə sevinirdi ruhlar. Ağdamın bir neçə məhəlləsində əksi yalnız sovet dövrünün fotolarında qalmış məhşur binaların qalıqları önünə getdik. Bəzilərinin bir divarı, bəzilərinin isə yalnız bünövrəsi qalmış bu binalar vaxtilə uşaqların şən çığırtıları, ailələrin gündəlik hüzurlu həyatı, Ağdamlıların bir-biri ilə xoş görüşləri, dost söhbətləri  ilə dolubmuş. İndi isə divar qalıqlarının  yıpranmış səthi ilə dərin hüznlü göz yaşları axır. Bu torpağın canına minlərlə insanın qanı hopub. Üzərində addımladıqca qəflətən vəhşətlə üzləşməyin doğurduğu insan hıçqırıqları eşidilir. Bu torpaqlar şad-xürrəm həyatın gözlənilməz  bir anında qarşıya çıxan ölüm dəhşətini, namərd gülləsi ilə can verən günahsız insanların son nəfəsini yaşadır özündə. Burada ayağını yerə basmağa da qorxursan. Birdən elə burada, sənin ayaq basdığın yerdə bir körpə anasının qucağında parçalanıb, fəryad edən ananın acı göz yaşları al qanına qarışaraq elə bu torpağa tökülüb… Bu yaralar nə zamansa sağalacaqmı ?!
Faiq Hacıyevin təqdimatından təsirlənmiş  Martin uçulmuş bir binanın həyətində mənə tərəf əyilərək sakit bir səslə soruşdu:  “- Bu torpaqdan bir daş götürüb özümlə apara bilərəmmi?”
Gözlənilməz sula qarşı sual dolu nəzərlərlə baxdığımı görəndə əyilib yerdən müxtəlif ölçülü bir neçə daş götürdü.  Daşları sığallayaraq təmizləyib cibinə qoyduqdan sonra sanki nədənsə çəkinirmiş kimi qulağıma pıçıldadı:  “-  Bu daşlar dünyada misli görünməmiş insan vəhşiliyinin şahidləridir. Mən onları öz ofisimdə sərgiləyib dünyanın bütün ölkələrindən gələn qonaqlarıma göstərmək istəyirəm.” Başımın hərəkəti ilə razılığımı bildirdim. Yer üzündə yaşayan bütün sivil  insanların eyni hissləri, eyni  duyğuları və həyəcanları  yaşadığına sevindim. Lakin ətrafımızda hökm sürən dəhşətli mənzərənin ağırlığından sevincim özünü büruzə verə bilmədi.
Ağdam şəhidlərinin qəbiristanlığı bizi bayraqlarla qarşılayır. Qəbirlərin çoxu hələ də üstü ot basmış çuxur kimi özünü nişan verir, doğmalarının gəlib onu tapmasını gözləyir. O çuxurlardan boylanan ruhların sifətində bir nigaranlıq var, görəsən mənimkilər sağdırlarmı, onlar da gələcəkmi?! Doğmalarının gəlib tapdığı, təmizlədiyi, sahmana saldığı qəbirlərin üstündən qürurla bizə baxan şəhid portretlərinin üzərində uğrunda canından keçdikləri üçrəngli bayraqlar dalğalanır. Şəhid sifətlərindən işıq saçan təbəssüm ölümə meydan oxuyan bir igidin qürurudur. Ölümü ilə ölməzliyə qovuşan şəhidlərimizin məğrur və əyilməz qüruru. Bu qüruru bütün Azərbaycanlılar yaşayır. Bu qəbirlər bütün Azərbaycanın doğma qəbirləridir. Hələlik qəbir üzərində sifətlərini görmədiyimiz şəhidlərimizin doğmaları bütün Azərbaycandır. Onlar mütləq gələcək və səni tapıb hamıya göstərəcəklər. Səninlə fəxr edəcəklər. Amma bu müqəddəs yer həmişə ruhlar şəhəri olaraq qalacaq. Bu qanlı torpağın üzərində uçuşan ruhlar heç zaman buranı tərk etməyəcəklər. İnsanlığın üzləşdiyi ən qəddar faciələrdən birinin şahidləri kimi. Onlar Ağdamda doğulan hər körpənin ruhuna qonacaq, onu ayıq saxlayacaq, bir daha bu faciələri yaşamamaq üçün həmişə onlarla birlikdə olacaqlar.   Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bir qədər aralıda dayanmadan hərəkət edən qaldırıcı kran qüllələri görünür. Faiq Hacıyev Ağdamda başlanmış və sürətlə aparılan tikinti-abadlıq işlərindən danışır. Artıq məktəb, xəstəxana və yaşayış binaları tikilməkdədir. Şəhərin gələcək sifətini canlandıran baş planda və ayrı-ayrı binaların memarlıq eskizlərində  xarabalıqlar üzərində ucaldılan gözəllik və rahatlıq məkanının ayrı-ayrı fraqmentlərini görürük. Bütün bunlar olacaq. Ağdamlılar da öz doğma yurdlarına qayıdacaq və ana torpaq üzərində sevgi- məhəbbətlə, qurmaq – yaratmaq, yeni xoşbəxt nəsillər yetişdirmək eşqi ilə yaşayacaqlar.
Batmaqda olan günəşin şəfəqləri yenicə tikilib üzlənmiş bir binanın divarları və pəncərə şüşələri üzərində əks olunaraq göy qurşağını xatırladan ecazkar rənglər yaradırdı. Bu Ağdamın gələcək rəngləridir. Şən, oynaq və göz qamaşdıran rənglər xoş hisslər yaradır. Ağdam bu rənglərin doğurduğu xoş duyğularla öz sabahına açılmaqdadır. Sabahın xeyirli olsun, Ruhlar şəhəri! Keçmişini isə unutmayacağıq.




 



Cavanşir Feyziyev
3 fevral 2024
Bakı – Ağdam – Bakıскачать dle 12.1