Bia.Az

"Azərbaycan və Türkiyənin qarşılıqlı tərəfdaşlığı gələcəkdə sosial və iqtisadi inkişafa yol açacaq"

Gündəm
 29-01-2024, 13:04     153

"İqtisadi sistemlər baxımından üç əsas sistem var. Biri "Azad Bazar İqtisadiyyatı", digəri Mərkəzləşdirilmiş "Planlı İqtisadi Sistem" və üçüncüsü "Qarışıq İqtisadi Sistem"dir. Azad Bazar İqtisadiyyatının ən mühüm nümayəndəsi ABŞ-dır. Mərkəzləşdirilmiş İqtisadi Sistemin ən mühüm nümayəndəsi isə bu gün üçün Kubadır. Rusiya və Çin keçmişdə bu sistemin mühüm nümayəndələri idi. Lakin indi onlar da qarışıq iqtisadi sistemə doğru gedirlər. Qarışıq İqtisadi sistemə misal olaraq Türkiyə, Almaniya və Fransa kimi ölkələr göstərilə bilər. Yəni bu sistemdə fundamental sahibkarlıq azadlığı mövcud olduğu halda, dövlət özəl sektorun edə bilmədiyi bəzi iqtisadi fəaliyyətləri öz üzərinə götürür".

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində, qarışıq iqtisadi sistemi həyata keçirən dövlətləri “sosial dövlət” adlandırmaq daha doğrudur. Başqa sözlə, azad sahibkarlıq rəqabət çərçivəsində ayrı-ayrı şəxslərin səmərəli işləmək və maksimum gəlir əldə etmək səylərini dəstəklədiyi halda, digər tərəfdən gücsüz olanların həyat təminatı dövlət tərəfindən təmin edilir.
Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud
 Kərəm Qarabulud

“Çox güman ki, gələcəkdə effektiv olacaq sistem “sosial dövlət” yanaşması olacaq. Xüsusilə, pandemiya prosesi müəyyən sektorların (xüsusən də təhsil və səhiyyə sisteminin) dövlət nəzarətində olmasının vacibliyini bütün dünyaya nümayiş etdirdi. 1991-ci ilə qədər SSRİ-nin tərkibində olan respublikalar indi “keçid iqtisadiyyatı” adlanır. Onlar həmçinin Mərkəzləşdirilmiş İqtisadi Sistemdən Qarışıq İqtisadi Sistemə keçidi yaşayırlar. Elə ölkələr var ki, Azərbaycan kimi bu prosesi çox sürətlə başa çatdırmağa çalışır, halbuki daha ləng irəliləyən ölkələr var”-deyə Kərəm Qarabulud qeyd edib. Onun sözlərinə görə, Türkiyə qarışıq iqtisadi sistem tətbiq edən ölkədir. Azərbaycan isə, bu sistemi öz dinamikasına uyğun inkişaf etdirməyə çalışan ölkədir. Hər iki ölkə üçün düzgün sistem həm azad sahibkarlığı artırmaq, həm də dövlətin “sosial dövlət” xarakterini gücləndirməkdir. Başqa sözlə, dövlət həm tənzimləyici, həm də istiqamətləndirici olmalı, eyni zamanda rəqabətli yanaşmanın səmərəliliyi artıran təsirini xüsusilə cəmiyyətə çatdırmalıdır. Bu üsulla sosial nizam təmin olunacaq və inkişaf prosesi sürətləndiriləcək.
“Türkiyə Osmanlı İmperatorluğundan bu yana bu inkişafları yaşayaraq indiki mərhələyə çatıb. Azərbaycan isə keçmişdə Mərkəzləşdirilmiş Planlı İqtisadi Sistemi yaşayıb və indi Azad Bazar İqtisadiyyatının qaydalarını öz sosial strukturuna uyğunlaşdırmağa çalışır. İki ölkənin qarşılıqlı tərəfdaşlığı və yardımı onların sosial inkişafında da özünü göstərəcək və gələcəkdə uğurlu nəticələr əldə edə biləcəklər”-deyə professor vurğulayıb.

P.S. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verdi. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən 1993-cü ildən həyata keçirilən məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi və iqtisadi böhranın aradan qaldırılmasına öz töhfəsini vermiş, Azərbaycanın bu istiqamətdə irəliləyişinə geniş yol açmışdı. Ölkədə ardıcıl olaraq aparılan islahatlar 90-cı illərin birinci yarısında müşahidə olunan iqtisadi geriliyi dayandırmış, inkişafın yeni mərhələsinə keçidi təmin etmişdi. Azərbaycan Respublikasında həyata keçirilən ardıcıl və sistemli iqtisadi islahatların mühüm nəticələrindən biri də dövlət əmlakının özəlləşdirilməsi yolu ilə iqtisadiyyatın inkişafı və əhalinin rifah halının yüksəldilməsi və inkişafı üçün əlverişli şəraitin yaradılması idi. Əmək haqlarının, pensiya və müavinətlərin artırılması, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən ardıcıl siyasət son illər ölkədə həyat səviyyəsinin xeyli yüksəlməsini təmin edib.
“Azərbaycanda bütün maliyyə-iqtisadi sektor aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir. İlk növbədə idarəetmə mexanizmlərini təkmilləşdirmək, şəffaflığı tam təmin etmək lazımdır. Beləliklə, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə və hələ də çox aşağı səviyyədə olmasına baxmayaraq, gəlirlərimiz artacaq və artmalıdır. Bu, təbii ki, gəlirlərimizə ciddi təsir edir. Ancaq inanıram ki, qeyri-neft sektorunun inkişafı sayəsində biz bu vəziyyətdən uğurla çıxa biləcəyik”... - bu barədə ölkə başçısı İlham Əliyev çıxışlarının birində qeyd edib.

Qısacası, Azərbaycan hələ yolun başındadır və irəliləyir…скачать dle 12.1