Bia.Az

Putinin Ermənistanı qorxutduğu “Vaşinqton variantı” masada - nələr baş verəcək...

Gündəm
 2-05-2023, 11:22     224

Azərbaycan-Ermənistan sülh danışıqlarında, deyəsən, beynəlxalq oyunçular hərəkətə keçmək qərarı verib. Artıq Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün anonsu verilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Rusiya ərazisində Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə dair razılaşma artıq var, tarix daha sonra açıqlanacaq. Maraqlısı budur ki, Rusiya məhz Vaşinqtonun ev sahibliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının bir araya gəlməsi xəbərindən sonra tələsik açıqlama verdi. Hələ görüşün vaxtı və məkanı barədə anlaşma olmadığı halda, təşəbbüskarlıq nümunəsi göstərməyin özü də Rusiyanın narahatlığından qaynaqlanır. Şimal qonşumuz qəfildən bölgə ilə bağlı təşəbbüslərin əldən çıxacağından ehtiyatlanır. Bundan əvvəl Fransa XİN rəhbəri Kolonna hər iki ölkə liderinin iyunun 1-də Moldovada görüşünün baş tuta biləcəyini elan edib. Ukrayna cəbhəsindəki canlı itkilərinin sayı 200 minə çatan Rusiya isə belə bir durumda çıxılmaza düşüb, amma yenə də qafqazlardan əl götürmək niyyətində olmadığını nümayiş etdirir, hətta Ermənistanın Alagöz poliqonunda təlimlərindən də qalmır.

Ötən həftəsonu İrəvanda olan Fransa XİN başçısı Ketrin Kolonnanın Azərbaycan və Ermənistan rəhbərlərinin iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində bir araya gələ biləcəklərini elan etməsindən sonra aprelin 30-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ-a getdilər. Rəsmi məlumata görə, Vaşinqtonda onlar arasında Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üçün müzakirələrin növbəti raundu baş tutacaq. Aprelin 29-da ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan baş naziri arasında telefon danışığı olub. Öz növbəsində erməni mediası keçən həftə hakimiyyətdəki mənbələrinə istinadla yazıb ki, ABŞ Ermənistana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantının təsdiq edilməsi üçün təzyiq edir. İddialara görə, sülh sazişinin layihəsini bu yaxınlarda ABŞ Dövlət katibinin müavini Erika Olson Baş nazir Paşinyana təqdim edib. Məlumatda bildirilir ki, sülh sazişi layihəsinin təfərrüatı haqda bilgi yoxdur, ancaq Ermənistanın maraqlarına “cavab vermədiyi” təxmin edilir.

Aprelin 30-da isə ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. President.az-ın məlumatına görə, telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib. Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.

Göründüyü kimi, prinsipial mövqe növbəti dəfə ABŞ rəsmisinin nəzərinə çatdırılıb və bundan sonrakı danışıqlar yalnız bu çərçivəni əhatə edə bilər. Lakin bu da var ki, hələ də Qərb və Rusiya arasında maraqlar toqquşması davam edir. Qeyd edilən gəlişmələr, xüsusən də ABŞ-ın diplomatik fəallığı nədən xəbər verir, saat əqrəbləri harada tutuşdurulacaq: Moskvada, yoxsa Vaşinqtonda? İndi də may ayında sülh imzalanacağı iddiası var. Gerçəkdənmi bu ay sülh müqaviləsinin imzalanması yönündə ciddi dönüş ola bilər?

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC
 Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması regionda süni gərginliyi azaltmaqla yanaşı, real sülh şansını da xeyli artırıb: “Ona görə də böyük dövlətlər yenidən Qafqazda kimin daha çox sülh tərəfdarı olmasının sərgiləndiyi yarışmaya başlayıblar. Bizə isə yarışma lazım deyil, çünki yarışmaya çıxanların çəkilib qıraqda durmaları regionda sülhün əldə edilməsinə daha böyük töhfə verərdi. Amma necə deyərlər: nə varsa, odur. Qonşularımız çətirsiz ötüşə bilmirlər. Hətta moderatorların təşkil etdikləri danışıqlarda belə, yanlarında, məsələn, Makron kimi yandaş arzulayırlar. Azərbaycan da haylara və onlara geosiyasi alət gözündə baxanlara bizi guya sülh danşıqlarına hazır olmamaqda günahlandırmağa bəhanə verməmək üçün nəticəsizliyini öncədən bildiyi halda belə, ondan imtina etmir. Ona görə də Azərbaycanın xarici işlər naziri Vaşinqtonun da, Moskvanın da təşkil edəcəyi danışıqlara qatılacaq”. S.Alıyev əlavə etdi ki, onda olan məlumata görə, Vaşinqton mayın axırına yüksək səviyyəli görüş planlaşdırır ki, xarici işlər nazirlərinin bu səfərləri ona hazırlıq məqsədilə təşkil edilə bilər: “Eyni zamanda rəsmi İrəvan ABŞ-ın Ermənistanı Azərbaycanın torpaq bütünlüyünü tanımağa, "A" deyən Paşinyanı “B”-ni də dilə gətirməyə səsləməsi haqda informasiya sızdırıb. Orada qərbdəkilərin belə olan halda, Qarabağdakı hayların təhlükəsizliyinin təminini öz üzərlərinə götürəcəklərini vəd etdikləri də əksini tapıb". Deputat dövlət başçımızın qətiyyətli siyasətindən və bu məsələdə sərgilədiyi prinsipial mövqeyindən də bəhs etdi: “Cənab İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasındakı dünənki (srağagünki-red.) telefon danışığında dövlət başçımızın növbəti dəfə Qarabağ bölgəsində yaşayan hayların hüquqlarının "Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı"nı vurğulaması bir tərəfdən yuxarıda deyilənlərin həqiqət ola biləcəyini, digər tərəfdən isə bunun bizim üçün heç bir önəm kəsb etmədiyini gösətirir. Yəni vətəndaşlığımızı qəbul edəcək hay dillilərlə kim maraqlanır-maraqlansın fərqi yoxdur, digər Azərbaycan vətəndaşları necə, onlar da elə, bu ölkədə rahat yaşayacaqlar". S.Alıyev bir məqama da xüsusi diqqət yönəltməyi vacib saydı: “Yeri gəlmişkən, verilən açıqlamadan belə anlaşılır ki, Blinken fransuz həmkarı Kolonnasayaq anormalcasına olmasa da, Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasından narahatlıqlarını dilə gətirib və cavabını da alıb. Prezident İlham Əliyev bildirib ki, bu məntəqənin qurulması “Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib”. Açığı, qərbdəkilərin də, elə Ermənistan rəhbərliyinin də bizim öz torpağımızda sərhəd-buraxılış məntəqəsi qurmamızdan narazlıqlarını dilə gətirmələrini mən “blef” sayıram. Əgər onlar hayların Rusiyanın boyunduruğundan qurtarmasını istəyirlərsə, əksinə, buna görə Azərbaycana təşəkkür etməlidirlər. Çünki hətta paytaxtlarının hava limanında belə, ora gələnləri başqa ölkənin sərhədçiləri qarşılayan Ermənistana Azərbaycan növbəti dəfə göstərdi ki, öz suverenliyini necə təmin etmək olar. Sadəcə, bunun üçün siyasi iradə, qətiyyət, bəli, bir də ləyaqət lazımdır".


İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov öncə qeyd etdi ki, 2023-cü ildə Ermənistan və Azərbaycan arasında diplomatik sahədə ciddi irəliləyiş əldə olunmayıb: “Əksinə, regionda sülhə və təhlükəsizliyə zərbə vuran çoxlu hadisələr yaşamışıq. Qərblə Rusiyanın qlobal müstəvidə savaş apardığı bir məqamda belə görünür ki, okeanın o tayındakı strateqləri Cənubi Qafqazda təhlükəsizlik sisteminin və mexanizmlərinin qurulması daha çox narahat edir. Bu xüsusda qeyd edək ki, artıq Vaşinqtonda XİN rəhbərləri səviyyəsində görüş keçirilib və ABŞ dövlət katibi Entoni Blinken Bakıya zəng vurub”. İ.Hüseynov qeyd etdi ki, nazirlər səviyyəsində növbəti görüşün Moskvada keçirilməsi gözlənilir: “Kişinyovda isə Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasında mühüm görüş keçiriləcək. Belə görünür ki, ABŞ tərəfi Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsinin razılaşdırılmasında maraqlıdır və bu yöndə müəyyən təzyiqlər də göstərir. Əsas məsələ bundan ibarətdir ki, ərazi bütövlüyü və suverenlik məsələsi prinsipial və ardıcıl şəkildə sənəddə öz əksini tapsın. Digər tərəfdən, qeyd edək ki, Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini formalaşdırması həm Bakının əlini diplomatik masada möhkəmləndirir, həm də zəmin üzərində mövqeyimiz güclənir. Bununla da nümayiş olunur ki, bizim ərazimizdə konstitusiyamız, suveren haqlarımız və qanunvericiliyimiz qüvvədə olacaq”. Politoloq əmindir ki, Rusiya, ABŞ və Fransanın bəyanatları da hazırkı reallığı dəyişə bilməz: “Ümid edirəm ki, sülh müqaviləsi Azərbaycanın diqtəsi və şərtləri ilə reallaşacaq. Məhz bu səbəbdən sülhdən qorxan və çəkinən İrəvanda artıq çaşqınlıq içindədirlər”.

Bu yerdə Rusiyanın ABŞ-ın vasitəçiliyinə dözümsüzlüyünü təsdiqləyən olayı xatırladaq. 2022-ci ilin 31 oktyabrında “Valday” klubunun ekspertləri ilə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin faktiki olaraq “kart”ları açmışdı və Ermənistanı qorxutmağa çalışmışdı. Sitat: “Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa variantını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Və Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar. Əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ hansısa xüsusiyyətə malikdir və xüsusiyyət nəzərə alınmalıdır, o zaman belə də mümkündür. Sözsüz ki, Azərbaycanla razılışmaq lazımdır. Elə eləmək lazımdır ki, bu razılıq Azərbaycan üçün də məqbul olsun. Bu, çox çətin, birbaşa desək, ağır məsələdir”.
Belə...//Musavat.com//скачать dle 12.1