Güney azərbaycanlıların müstəqil dövləti uzaqda deyil! - İstanbul Forumundan əsas gözlənti
“Güney Azərbaycan milli mücadiləsini Türkiyənin və türk dünyasının gündəmində tutmaq lazımdır. Aprelin 29-da İstanbulda keçiriləcək Güney Azərbaycan türklərinin 3-cü Beynəlxalq Forumu xüsusi əhəmiyyət daşıyır”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a Güney Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlu deyib.
O, az öncə Brüsseldə keçirilən “Azadlıq, Ədalət” yürüşündən sonra güneylilərin İstanbul forumunda da birlik nümayiş etdirəcəyinə inandığını bildirib: “Bu forumda hərəkatın güclənməsinə təsir edən mövzular müzakirə olunacaq. İranda başlayan son etirazlar müəyyən təzyiqlərdən sonra müvəqqəti dayanıb. Lakin yaxın günlərdə bu etirazların alovlanacağı gözlənilir. Güney Azərbaycan Milli Hərəkatı son 6-7 ay ərzində daha da püxtələşib”.
Onun sözlərinə görə, növbəti mərhələdə soydaşlarımızın mübarizəsi öz nəticəsini verməlidir. “Nəzərə almalıyıq ki, fars-molla rejimindən sonra şahçıların və mücahidlərin hakimiyyətə gəlməsi Güney Azərbaycanın yenidən əsarət altında qalması deməkdir. Bu əsarətdən qurtarmağın tək yolu müstəqil Güney Azərbaycan dövlətini qurmaqdır. Odur ki, Türkiyədə yaşayan və bu işə dəstək verən bizlər mücadiləmizi türk dünyasının diqqətinə çatdırmalı, milli fəallar və təşkilatlar arasındakı birliyi gücləndirməliyik. Bu barədə müzakirə aparmaq, rəy və təklifləri dəyərləndirmək üçün forumda bir araya gəlmək yaxşı nəticələr verə bilər”, - deyə o əlavə edib.
Məlumdur ki, Güney mövzusu, o sırada Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların hüquqları məsələsi artıq Azərbaycan dövlətinin də diqqətindədir. Bu barədə Prezident İlham Əliyev bir neçə dəfə danışıb, soydaşlarımızın elementar mədəni haqlarının belə pozulmasına sərt etiraz bildirib.
Sabir Rüstəmxanlı: “Güney Azərbaycanla bağlı proqram hazırlanmalıdır”
Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, son zamanlar Avropada, Türkiyədə belə tədbirlərin sayı artıb. S. Rüstəmxanlı DAK sədri kimi forumda iştirak edib-etməyəcəyi barədə dəqiq qərar vermədiyini qeyd etdi: “Bu cür tədbirlərin əhəmiyyəti olduqda böyükdür. Milli Məclisin son iclasında İran parlamentinin Azərbaycanın İsraildə səfirliyinin açılmasına etiraz bəyanatını müzakirə etdik. Halbuki İsraildə bir çox müsəlman ölkələrinin səfirlikləri var, İran heç zaman bununla bağlı etiraz etməyib. Ermənistanda konsulluq açan İrana biz heç nə deməmişik. İranın bizə etiraz etməyə haqqı yoxdur. Dünyanın bir sıra ölkələri İranda baş verən iğtişaşları, etirazları dəstəkləyiblər. Fəalların həbs olunması, öldürülməsi ciddi etiraza səbəb olub. Hətta təkliflər səslənir ki, İranın indiki rəhbərliyi bu cinayətlərə görə beynəlxalq məhkəməyə verilməlidir, insanlıq düşməni kimi cəzalandırılmalıdır.
Azərbaycan müstəqil dövlətdir, öz maraqlarını müdafiə etmək üçün istədiyi ölkədə səfirlik aça bilər. İran dost ölkə olsa idi, bəlkə də məsləhət almaq olardı. Təşkilata daxil olan bəzi ölkələr İranın İslam dinində yaratdığı ayrı-seçkiliyi, regionda yolverilməz hərəkətləri, terror əməllərini pisləyirlər. İran yekdilliklə qəbul olunan ölkə deyil. Mən təklif etdim ki, İran təşkilata müraciət etdiyi kimi, biz də müraciət edək. Bu müraciətnamə qəbul edildi. İranda insan haqları vəhşiliklə pozulur. Biz bunu BMT-nin İnsan Haqları Komissiyasına çıxarmalıyıq. Güney Azərbaycanlıların hüquqları daim gündəmdə olmalıdır. İranın vətəndaşlarına qarşı münasibətini bütün dünya görməlidir. O zaman İranın deməyə sözü qalmayacaq".
S.Rüstəmxanlı təşkilatlanmağın önəmini vurğuladı: “Güneylilər muxtariyyət, türk hakimiyyətinin bərpası, federativ dövlət qurulmasını yaxud Quzey Azərbaycana birləşməyi istəyirlər. Bunların hər biri məqbul sayıla bilər. Hesab edirəm ki, Güney Azərbaycanla bağlı proqram hazırlanmalıdır. İrandakı bütün inqilabları azərbaycanlılar ediblər. Sonda ən çox əziyyət çəkən, repressiyalara məruz qalanlar onlar olublar. Buna görə də bu dəfə daha fərqli taktika olmalıdır. İranın əsas məqsədlərindən biri türk varlığını məhv etməkdir. Dünyaya yayılmış güneyli azərbaycanlıların da təşkilatlanmasına ehtiyac var. Bütün bunlara baxmayaraq, İran bizim qonşumuzdur. Münasibətlərin savaş həddinə çatmasına yol vermək olmaz. Diplomatik yollarla istəyimizə nail olmalıyıq”.
Ceyhun Məmmədov: “Koordinasiyalı şəkildə strateji tədbirlər görməliyik”
Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, belə tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, bu gün bizim qarşımızda duran əsas məsələlərdən biri İranda yaşayan azərbaycanlıların mütəşəkkilliyinin təmin olunmasıdır: “Bu, çox önəmlidir. Azərbaycan tərəfi səy göstərməyə çalışmalıdır. Eyni zamanda, beynəlxalq hüquq çərçivəsində müvafiq addımların atılması da çox önəmlidir. Beynəlxalq münasibətlərdə azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı ciddi addımlar atılmalıdır. Koordinasiyalı şəkildə strateji tədbirlər görmək lazımdır. İnsan hüquq və azadlıqlarını təmin etməliyik. Birliyi, həmrəyliyi qorumağa çalışmalıyıq. Təşkilatlanma yüksək səviyyədə aparılmalıdır. Bu baxımdan sözügedən tədbirin əhəmiyyətini yüksək dəyərləndirirəm”.