Bia.Az

“Qarabağda müharibənin başlamasını Qərb istəyir” – Böhran Qrupunun hesabatının şifrəsi

Gündəm
 7-02-2023, 13:04     234

Beynəlxalq Böhran Qrupu bu həftə yaydığı hesabatda bildirib ki, Azərbaycan və Ermənistan bir-biri ilə üçüncü müharibəni başlamağa çox yaxındırlar.

Qeyd edək ki, qurumun məruzələrinin heç birində müharibənin baş verəcəyi proqnozlaşdırılmır. Sadəcə, müharibəni stimullaşdıran amillərin çox olduğu və müharibə ehtimalının daha böyük olduğu diqqətə çatdırılır.

Mövzunu Globalinfo.az-a şərh edən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, əslində Beynəlxalq Böhran Qrupu Azərbaycanı yaxşı tanıyır və illərdir hesabatlar verir:

“Yanvar ayındakı bu hesabatda müharibə ola biləcəyi ölkələr timsalında Azərbaycan-Ermənistan savaşının olma ehtimalının yüksək olduğu qeyd edilib. Məsələyə Qərb dairələri prizmasından baxsaq, 2020-ci ilin sentyabrında baş vermiş savaşdan Qərb daha çox istifadə etmiş oldu. Müharibənin nəticəsi olaraq Qərb bölgəyə inhisarlarını daxil etdi. Rusiya isə əslində Ermənistanın cəzalandırılması üçün prosesə göz yumsa belə nəticəsini əldə etmiş olmadı. Tutaq ki, Rusiya bölgədən çəkiləsi olsa, dərhal bölgədə güc nisbəti olaraq öz yerini tutatacaq ən əsas birlik və güc Azərbaycanla Türkiyədir. Buna indi Rusiya nə indi ciddi reaksiya verə bilmir, nə də bölgədən çəkilə bilmir, tam tərəddüd vəziyyətində qalıb”.

Əziz Əlibəyli
Ə.Əlibəyli hesab edir ki, xüsusilə son dəfə sentyabr ayındakı döyüşlərin analizi və beynəlxalq təsir imkanlarını nəzərdən keçirəndə görmək mümkündür ki, Qərb onun təkrar olunmasında daha çox maraqlıdır:
“İndiki məqamda isə gecikmədən çalışırlar ki, özlərinin hərbi varlıqlarını Ermənistanda elan etsinlər. Bəs Azərbaycan niyə bütövlükdə həm Rusiyanın, həm də Qərbin istədiyi müharibə versiyasını reallaşdırmaq istəyir? Çünki ümumiyyətlə Azərbaycan sülh müqaviləsi və Zəngəzur dəhlizinin həll edilməsinə yönəlik düşüncələr üzərində praqmatik siyasət aparır. Bunun üçün Orta dəhliz Zəngəzur dəhlizindən keçməlidir. Bütün dünyanın qlobal ticarətinin dövr etdiyi bir arealdan söhbət gedir. Rusiya isə Şimal-Cənub dəhlizi boyunca Hindistana qədər yeni bir ticarət yolunu açmağı reallaşdırır. Rusiyanın isti dənizlərlə bağlı Pyotrdan gələn nəzəriyyəsinin düşüncəsinin icrası ola bilər hansı ki, onun bir hissəsi kimi Suriya ərazisinə daxil olmağı da bacarıblar. Burada Rusiya da, Qərb də, Azərbaycan da, elə Ermənistanın özü də həmin savaşın olmasında maraqlı tərəf kimi görünür”.
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Beynəlxalq Böhran Qrupu müharibənin başa çatmasından sonra imzalanan sənədlərə, o cümlədən birgə bəyanatların mətnlərinə baxıb və bunu ərazidə baş verən proseslərlə üzləşdirir:
“Görünən odur ki, qalib tərəf olan Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, müharibədə məğlub olan və hazırda kifayət qədər zəif hərbi potensiala malik Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Müharibənin ola biləcəyi ehtimalını birgə bəyanatın yerinə yetirilməsinə zəmanət verən Rusiya da yüksək qiymətləndirir. Belə olan halda təbii ki, beynəlxalq təşkilatlar da müharibə ehtimalını yüksək dəyərləndirirlər.

Ədalət Verdiyev
Müharibə olmasa da, Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində Azərbaycanın məhz bu il ərzində müəyyən addımlar atacağını mümkün hesab edirəm. Çünki 3 il ərzində biz böyük səbir və təmkinlə Ermənistanın silahlılarının Qarabağdan çıxarılmasını, o ərazilərin minalanmasını dayandırmasını, sərhədlərin delimitasiyasına başlanmasını, Zəngəzur dəhlizinin açılmasını və nəhayət, sülh müqaviləsinin imzalanmasını gözlədik. Lakin bunların heç biri baş verməyincə, Ermənistan tərəfi müxtəlif üsullarla bu prosesləri uzatmağa çalışdı”.
Ekspert qeyd edib ki, Avropa İttifaqının artıq ikinci missiyası Ermənistan ərazisində yerləşdirilir və onların hansısa şərti sərhədlərə gətirilməsi prosesindən söhbət gedir/
“Halbuki bu sərhədlərin hələ dəqiq hardan keçdiyi barədə Azərbaycan sənəd imzalamayıb. Belə olan halda Ermənistan Aİ vasitəsilə bu prosesləri müəyyən qədər ləngitməyə çalışır. Azərbaycan isə inanmıram ki, buna səbir və təmkinlə yanaşsın. Ermənistan tərəfindən istənilən bir atəşkəs pozuntusu, yaxud hansısa bir təxribat, sonunda onun daha ciddi şəkildə cəzalanmasına gətirib çıxarar. Ermənistan ya üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirəcək, ya da il ərzində ola bilsin, hətta bir neçə dəfə çox ciddi şəkildə cəzalandırılacaq”.\Globalinfo.azскачать dle 12.1