Bia.Az

Nuru Paşanın Sabirabadın Bulduq kəndində Kürün sahilində gecələdiyi ev - Tarixi fakt açıqlandı

Cəmiyyət
 3-06-2022, 13:02     463

Kərbəlayı Nəcəfqulu bəy 1886-cı ildə Xudafərin körpüsündən keçərək Cənubi Azərbaycandan həmişəlik Şimali Azərbaycana daşınmış, 1888-ci ildə indiki Sabirabad rayonunun Kür çayının sahilində şəkildəki evi tikdirərək orada məskunlaşmışdır. 1918-ci ildə Nuru Paşanln məsləhəti ilə həmin kəndi "Bulduq" adlandırmışdır.


Moskvada yaşayan hüquqşünas Samir Kərimov ulu babası Kərbəlayi Nəcəfqulu bəy və onun qonağı olmuş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı tarixi faktlar açıqlamışdır.

"Bildiyiniz kimi, 1918-ci ildə Azərbaycanın bir çox bölgələrində erməni-bolşevik cinayətkar birliyi tərəfindən xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirilib.

Azərbaycanın igid oğulları torpaqlarımızı erməni, bolşevik və ingilis işğalçılarından azad etməklə yanaşı, 1918-ci ildə tarixə çox əlamətdar hadisələr həkk etdiriblər:
- Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında 28 may 1918-ci ildə Azərbaycanın Dövlət Müstəqilliyini elan ediblər;
- 15 sentyabr 2018-ci ildə Bakını düşmən qüvvələrdən azad edibər;
- Azərbaycan hökumətinin Bakıya köçürülməsinə, 7 dekabr 1918-ci ildə Azərbaycan Parlamentinin toplanmasına və müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına nail olublar.
Azərbaycanın və onun ürəyi olan Bakının düşməndən azad edilməsi Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəhbərliyi altında qəhrəman ogulladimizin qanı bahasına başa gəlib.
1918-ci ilin iyulunda Qafqaz İslam Ordusu Gəncə şəhərində 2 qrupa - şimal və cənub qrupuna bölünərək Bakı istiqamətində hərəkət edib, şəhər və kəndlərimizi ermənilərdən təmizləməyə başlayıblar".
"Kəndimizin adı "Bulduq" olacaq"

Samir Kərimov həmçinin bildirib ki, yaşı 100-dən çox olan kəndə "Bulduq" adının verilməsi Nuru Paşanın sözləri ilə əlaqəlidir:
"1918-ci ilin iyulunda Qafqaz İslam Ordusunun şimal və cənub qrupu Kürdəmir və Şamaxı ərazisini ermənilərdən azad etdikdən sonra, Nuru Paşa onu müşayiət edən əsgər və zabitlərlə birgə o bölgənin çox zəngin və imkanlı bəylərindən olan mənim ulu babam Kərbəlayı Nəcəfqulu bəyin qonagi olublar və babamin Kür çayının sahilində yerləşən evində bir gecə qalıb.

Səhər yeməyindən sonra durub gedərkən Nuru Paşa babama deyib: "Biz burda da olduq, kəndi türkümüzü bulduq". Kərbəlayı Nəcəfqulu bəy ağ atın belində öz çevrəsi ilə Nuru Paşanı yola salıb qayıtdıqdan sonra deyib ki, "qərarım qətidir, kəndimizin adı "Bulduq" olacaq".
Bulduq kəndi Sabirabad rayonunun Muğan bölgəsində, Kür çayinin sahilində yerləşir.

Kərbəlayı Nəcəfqulu bəyin həyat yoldaşı Gülzar xanım dünyasını 124 yaşında, 1960-cı ildə dəyişib. Kərbəlayı Nəcəfqulu bəyin 1886-cı ildə Xudafərin körpüsündən keçərək Cənubi Azərbaycandan həmişəlik Şimali Azərbaycana daşınmasını, 1888-ci ildə şəkildəki evi tikdirərək orada məskunlaşmasını və 1918-ci ildə həmin kəndi "Bulduq" adlandırmasını Gülzar xanım sağlığında ata-anama ətraflı danışıb".
Müsahibimiz tarixi faktdan danışarkən nənəsi Gülzar xanımın erməni vəhşiliyi barədə söylədiklərindən söz açıb.
"Ermənilər məscidlərə od vurub insanları diri-diri yandırırlarmış"

"Gülzar nənəm danışırmış ki, 1918-ci ildə Ağdaşda, Şamaxıda, Qubada, Salyanda və Azərbaycanın digər bölgələrindəki məscidlərdə kişilər namaz qılarkən, ermənilər qapıları arxadan bağlayıb, ibadətgahlara od vuraraq insanlari diri-diri yandırırlarmiş. Nuru Paşa və türk əsgərləri vaxtında köməyə gəlməsəymişlər, silahlandırılmış ermənilər silahsız azərbaycanlıları qırıb qurtaracaqmışlar.
Kərbəlayı Nəcəfqulu bəyin iki oğlu - Ağakərim və Abbas Qafqaz İslam Ordusunun tərkibində ermənilərə qarşı fədakarcasına vuruşublar. Ağakərim bəy Gəncədə şəhid olub, Abbas bəy isə Bakının azad edilməsindən sonra sağ qalsa da, 1920-ci ildə bolşeviklər tərəfindən həbs edilib və bir daha geri qayıtmayıb.

Ac bolşeviklər gələndə hər yerdə olduğu kimi, Kərbəlayı Nəcəfqulu bəyin də var-dövlətini əlindən alıblar. O zaman Kərbəlayı Nəcəfqulu bəy deyib ki, yalan və küləklə qurulan dövlət çox çəkməz, dağılar. 71 il sonra babamız Kərbəlayı Nəcəfqulu bəyin uzaqgörənliyinin şahidi olduq.
Gülzar nənə Sovet dönəmində Qərbi Azərbaycandan köçürülən qohum-əqrəbalarını Kərbəlayı Nəcəfqulu bəyin şəxsi torpaqlarında yerləşdirib və sonradan Bulduq kəndi daha da böyüyüb".
102 yaşlı Bulduq kəndi...

Samir Kərimov vurğulayıb ki, Nuru Paşanın qonaq olduğu ev indi də tarixi yer kimi qalır.

"Sonradan mənim babam Ağaşərif bəy Bakıya köçsə də, Bulduq kəndi ilə əlaqə kəsilməyib.

Türk generalı Nuru Paşanın Kür çayının sahilindəki Bulduq kəndində qonaq qalıb gecələdiyi evimizin 102 ildən çox yaşı var və həmin ev indi də qalır.

Bu il Şimalı Azərbaycanın ərazisində Xalq Cümhuriyyətinin qurulmasının və Bakının düşmən qüvvələrdən azad edilməsinin 102 ili tamam olub.
Kəndimizin tarixi dövlətimizin tarixi ilə bağlıdir. Ulu babam Kərbəlayı Nəcəfqulu bəy tərəfindən kəndimizə "Bulduq" adının verilməsinin 102 ili bu il tamam olur.

Buna görə də Kərbəlayı Nəcəfqulu bəy nəslinin davamçısı kimi bu tarixi faktı oxucularla bölüşməyi özümə borc bildim".

P.S. Bu günlərdə Bulduq kəndində olduq. Həmin evi bir daha fotoya aldıq. İndi həmin evdə Kərbalayi Nəcəfqulu bəyin nəticəsi Minayə Kərimova yaşayır….скачать dle 12.1