Bia.Az

"ƏN AZI 2-3 HƏFTƏLİK MƏKTƏBLƏR BAĞLANILMALIDIR" - "Artım bu şəkildə davam edərsə..."

Cəmiyyət
 4-02-2022, 15:25     271

Koronavirusa yoluxma sayı fevralın 2-də ilk dəfə Azərbaycanda 5 minlik həddi ötüb və xəstələnənlərin sayı dördrəqəmli (6600) olub, ölüm sayı da kəskin artıb (24). Fevralın 3-də də Azərbaycanda bu gün koronavirus infeksiyasına 6 113 yeni yoluxma faktı qeydə alınıb, 3 267 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd olunur ki, son sutkada 18 nəfər COVİD-19-dan dünyasını dəyişib.

Mütəxəssislərə görə, xəstələnənlərin sayı rəsmi rəqəmlərdən bir neçə dəfə çoxdur. Müşahidələr də bunu deməyə əsas verir. Xüsusilə paytaxt Bakıda insanların küçələrdə azaldığı müşahidə edilir. Tıxacların sayı da azalıb ki, bu da məktəblərin distant təhsilə keçməsi ilə əlaqələndirilir. Hazırda ölkə üzrə 3 məktəb distant təhsildədir, distant təhsilə keçən siniflərin sayı isə 203-dür. Fevralın ikinci yarısında yoluxmaların sayının 10 mindən daha artıq olacağı haqda gözləntilər var. Bu isə o deməkdir ki, daha pisinə hazır olmalıyıq...
""Omicron" virusunun yayılma dairəsinin geniş olmasını, yoluxma sayında ciddi artımı nəzərə alaraq ən azı 2-3 həftəlik məhz təhsil sahəsi üzrə qapadılmaya gedilməlidir”. Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki, ölkədə gündəlik yoluxma sayı 6 mini keçib. Ancaq ümumtəhsil müəssisələrində dərslər davam edir, heç bir önləyici tədbir alınmır: “Əvvəllər yenə də məktəblər iki həftəlik karantinə alınırdısa da, son vaxtlarda təhsil müəssisələrində yoluxma faktı qeydə alınmasına baxmayaraq, qapadılma yoxdur. Bəli, anlaşılandı ki, əhali vaksinasiya olunub və yüngül keçirir. Amma bəs axı ölənlər də var. 2-3 nəfər də deyil, 20 nəfərdən çox. Bu cür ziddiyyətli məqamların fərqində olan vətəndaş nə etsin?! İnansın ya şübhə ilə yanaşsın? Fikrimcə, ölkədə 2 milyondan çox təhsil sahəsinə bağlı olan şəxsləri təhlükəyə atmaq lazım deyil. Ən azı 2-3 həftəlik təhsil müəssisələrinin qapadılması vacibdir. Çünki, artım bu şəkildə davam edərsə, iki həftə sonra aktiv xəstə sayına görə xəstəxanalarda çarpayılar yetməyəcək”.

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı  musavat.com-a deyib: “Demək olar ki, hər yerdə yoluxma var. İndi 6 mindən yuxarı rəqəm yalnız yoluxanların bir hissəsini göstərir. Xəstəliyi keçirənlərin hamısı analiz vermir. Ailədə bir nəfər analiz verir, digərləri artıq vermirlər. Bəzi ailələrdə, ümumiyyətlə, analiz vermirlər. Onsuz da çox adam yoluxub. İndi fevral ayının ortalarını gözləyirik. Hələ ki yoluxma artmaqda davam edir. Ola bilsin, fevralın ortalarından azalmağa başlasın. Çünki yoluxanlar kifayət qədər çoxdur. Kollektiv immunitet formalaşandan sonra yoluxma sayı da azalmağa başlayacaq”.
İnfeksionist, “məktəblər yoluxmanın artmasına səbəb olur deyirlər, bağlanmalıdırmı” sualına da cavab verib: “Məktəblərin bağlanması məsələsi nazirliyin işidir. Amma bəlkə də bağlansa, yaxşı olar. 15-20 günlük bağlana bilər. Bağlanmasa da, onsuz da xəstə olanlar məktəbə getmir. Elə valideynlər var ki, sağlam uşağını da məktəbə buraxmır ki, yoluxma var. Məktəbin bağlı, ya da açıq olmasının çox da fərqi yoxdur”.
M.Əliyev qanda antitelin yoxlanaraq immun pasportu verilməsi məsələsinə də münasibət bildirib: “Qan analizinin verilməsi ilə sertifikatın əldə olunması məsələsini biz əslində qaldırmışdıq. Amma nəyə görəsə bu məsələyə gedilmədi. Bəlkə fikirləşdilər ki, burada da saxtakarlıq ola bilər. Dünya təcrübəsində də buna çox da həvəsli olmadılar. Ola bilər tək-tək ölkələrdə bu olsun. Bir məsələ də var. Qan analizləri bir az bahalı testlərdir. Dövlət tərəfindən bunun ödənməsi gündəmə gələ bilərdi. Amma biz onu da təklif vermişdik ki, insanlar öz pulu ilə qandan analizi versinlər. Amma nədənsə olmadı. Olsa daha yaxşı olardı”.
Həkim virusu keçirənlərin vaksin olunarsa, mənfi yan təsiri göstərib-göstərməməsinə də aydınlıq gətirib: “Peyvəndin vurulması zamanı onun yan təsirinin artması baş vermir. Əgər vaksinin yan təsiri yoxdursa, xəstəliyi keçirəndən sonra da elə bir yan təsiri olmayacaq. Bu, əks göstəriş deyil. Sadəcə olaraq, bunu vurdursanız, sizə heç bir faydası olmayacaq. İmmun sistemində yenidən aktivasiya olacaq. Bəzi alimlər bildirirlər ki, sağalandan sonra vaksini vurmaqla yenidən aktivasiya edirsiniz, buna görə əks reaksiya kimi immun sistemi düşür. Amma orqanizmdə pis nə isə baş verə bilər deyə bir şey yoxdur”.скачать dle 12.1