Bia.Az

TƏDRİS MÜƏSSİSƏLƏRİNDƏ DƏRSLƏR NECƏ BƏRPA OLUNACAQ? - Nazir brifinq keçirdi + VİDEO

Cəmiyyət
 22-01-2021, 15:12     432

Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur. Hazırda təhsil naziri Emin Əmrullayev, ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlər üçün brifinq keçiriblər.

Tədbirdə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı son qərarlar açıqlanıb..
Təhsil müəssisələri mərhələli şəkildə bərpa olunacaq...
Bunu təhsil naziri Emin Əmrullayev deyib: "Təhsil müəssisələrində əyani tədrisin bərpası nazirliyin təkbaşına verəcəyi qərar deyil. Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeron ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək. İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq".
Əmrullayev bildirib ki, fevralın 1-dən sonrakı iki həftə ərzində V-IX siniflərin, o cümlədən peşə təhsili müəssisələrinin və ali təhsili müəssisələrinin qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarın verilməsi gözlənilir: "Bakı şəhərində Metropolitenin fəaliyyəti bərpa edilməyib. Növbəti mərhələdə bu qərar verilərsə V-IX siniflərin açılması daha məqsəduyğun olar. Xeyli sayda məktəb müəllimi və texniki heyət metrodan istifadə edir”.
Tədris həftədə 3 dəfə olacaq...
Təhsil naziri bildirib ki, dərslərin həftədə 3 dəfə açılması zərurətdən irəli gəlir. Pandemiya şəraitində ən vacib göstərici sıxlığın idarə olunmasıdır. O qeyd edib ki, sıxlıqlarla, sosial məsafələrlə bağlı vəziyyət yaxşılaşarsa, siniflərin ənənəvi formaya qayıtması ilə bağlı vəziyyət düzələr.
“Azərbaycanda şagird sayı 40 nəfər və daha çox olan siniflərin sayı 311-dir. Hibrid model yaradıcı təfəkkürün məhsulu deyil. Bir daha qeyd edirəm, vəziyyət yaxşılarsa, ənənəvi təhsilə keçid daha da sürətli olar. Azərbaycanda 85600 sinifdən 49 mini, 57 faizində şagird sayı 20 faizdən azdır.
Digər 20 min məktəbdə 21-25 nəfər arasındadır. Orta hesabla 80 faiz şagirdimiz sinifdə 25 və daha az uşaqla oturur. 40 nəfər və daha çox olan siniflərin sayı 311-dir ki, bu da 0, 4 faizdir. Bu siniflərdə 0,9 faiz şagird oxuyur. Bizim o siniflərdə ciddi problemimiz olacaq”,- o əlavə edib.
Ölkədə təhsil haqqı xeyli aşağıdır...
Nazir bildirib ki, bəzi hallarda təhsil haqqının ümumiyyətlə ləğv edilməsi və onların hamısının dövlət tərəfindən ödənilməsi təklif edilir. Əgər biz bu sistemə keçsək, bu, o, deməkdir ki, biz rəqabət şəraitindən imtina edirik. Bu gün ölkədəki 93100 nəfər tələbənin hər 100-dən 6-sı dövlət hesabına təhsil alır. Hazırda 1-ci kursda oxuyan tələbələrin 60 faizindən çoxunun dövlət hesabına təhsil alır. Bu, o deməkdir ki, onların təhsil haqqı problemi yoxdur.
"Amma təhsil haqqı problemi olan tələbələrimiz də var. Ölkədə təhsil haqqı vergi güzəştləri əsasında xeyli aşağıdır. Bakalavriat səviyyəsi üzrə təhsil haqqı orta hesabla 2500 manatdır. Bəzi regional müəssisələrdə bu məbləğ daha aşağıdır", - Əmrullayev qeyd edib.

Nazir qeyd edib ki, elektron dərsliklərdən istifadə sayı ötən illə müqayisədə 2 dəfə artıb, yəni şagirdlər 4 milyon dəfədən artıq bu dərsliklərə müraciət ediblər: “Təhsilin keyfiyyətinə gəldikdə isə problem və mənfi zədə sosial baxımdan daha aşağı təbəqələrə dəyir, yəni ucqar kəndlərdə yaşayan şagirdlər, tələbələr daha az dəstək görmüş olur. Təhsilin keyfiyyəti vəziyyətin davam etməsi fonunda müsbət olub desək, düz olmaz, amma yenə də bilik və bacarıqları qiymətləndirmədən sonra biləcəyik. Yaranan boşluqları necə doldura biləcəyimizi görəcəyik. Ən çox mənfi təsir ibtidai sinif və daha aşağı yaş təbəqələrinin sosial emosional vəziyyətlərinə olub. Eyni zamanda bunun aradan qaldırılması üçün daha dəqiq ölçmələrdən sonra dəqiq vəziyyətini biləcəyik. Müəllimlərin emosional vəziyyəti də çox önəmlidir. Müəllimlər ayrı otaqlarda dərs deyirdi, amma bu gün Təhsil Nazirliyi, valideyn daha yaxşı görür, ona görə də emosional baxımdan o qədər də rahat vəziyyət deyil. Güman edirik ki, bu dövr ərzində şagirdlərdə müstəqil öyrənmə bacarığında müəyyən irəliləyiş, müsbət dinamika olub. İKT bacarığı da hamı üçün irəliyə atılan addımdır”.
Təhsil Nazirliyi vaksinasiya olunacaq müəllimlərin siyahısını hazırlayıb...
Əmrullayev, 50 yaşdan yuxarı müəllimlərin könüllü vaksinasiyasının pandemiya ilə mübarizədə həyatımızı asanlaşdıracağını düşünür: " Bakı şəhəri üzrə 16698 , bölgələr üzrə 32 600-dən çox müəllimin vaksinasiyası gözlənilir".
Təhsil naziri əlavə edib ki, valideynlər uşaqlarını məktəblərə göndərməyə çəkinirlərsə, təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiri uşaq bağçalarının fəaliyyəti ilə bağlı da açıqlama verib. Bildirib ki, uşaq bağçalarının fevralın 15-dək açılacağına ümid edirlər. Ancaq hələ ki, bununla bağlı proqnoz vermək tezdir.
Məsuliyyət valideynlərin üzərinə düşəcək...
V. Yaqublu bildirib ki, əgər valideynlər fevralın 1-dən övladlarını məktəbə əyani təhsilə göndərməzsə, məsuliyyəti öz üzərinə götürür. Valideynlər onların teledərsləri izləməsini təmin etməlidirlər. Onlar şagirdlərin qiymətləndirmədə iştirakına zəmin yaradacaq.
Yoluxan şagirdlərin sayı...
Nazirin müşaviri isə deyib ki, yanvar ayının 1-də virusa yoluxan şagirdlərin sayı 20 nəfər idi, təhsil işçiləri arasında 5 nəfər olub. Sentyabrın 15-dən bu günə qədər şagirdlər arasında 14 758 nəfər koronavirusa yoluxub. Təhsil işçiləri arasında isə yoluxma sayı 7 090 olub. I-IV siniflərin arasında yoluxan şagirdlərin sayı 2 246 idi. Bu da ümumi virusa yoluxan şagirdlərin cəmi 15 faizidir. V-IX siniflərdə 4 411, X-XI 7525 olub. Bu da ümumi şagirdlərin 51faizidir.скачать dle 12.1