Bia.Az

HEÇ VAXT GÖRMƏDİYİ FÜZULİ HƏSRƏTİ İLƏ BÖYÜDÜ, ARZUSUNA ÇATDI VƏ ŞƏHİD OLDU- FOTOLAR

Cəmiyyət
 11-12-2020, 14:57     496

…Hacıyevlər ailəsi doğma torpaqları Füzulidən 1993-cü ilin avqustunda köçkün düşərək Bakıda yazı və hesablama maşınlarının təcili təmiri zavodunda məskunlaşıblar. Toğrul 1997-ci ildə doğulub. Zavodun təmirsiz, kiçik otağında böyüyüb. Amma üzünü görmədiyi doğma el-obasının, Füzulinin həsrətini çəkib. Gec-tez torpaqların azad ediləcəyinə inanıb. Elə bu inamla da müharibənin ilk günlərindən cəbhəyə yollanıb. Oktyabrın 8-də Füzuli-Hadrud istiqamətində gedən döyüşlərdə şəhid olub.

 Virtualaz.org 23 yaşlı şəhid Toğrul Hacıyevin anası İlhamə Soltanova ilə söhbətləşib.
Qazi atanın şəhid övladı
Toğrulun atası Rüfət Hacıyev birinci Qarabağ savaşında döyüşüb, 1994-cü ilin qışında Horadiz əməliyyatında ağır yaralanıb. Ana deyir ki, iki övladını çətinliklə, amma vətənə, torpağa bağlı böyüdüblər.


“Qarabağ münaqişəsi başlayanda mən Xankəndindəki Pedaqoji İnstitutda təhsil alırdım. O gündən bu yana 30 illik müəllimlik təcrübəmdə daim tariximizi təbliğ etmişəm. Çünki bu illər ərzində bir çox çətinliklər gördük. Toğrul da şagirdim idi. Təkcə ana kimi deyil, həm də müəlliməsi kimi onunla qürur duyuram”- gözüyaşlı ana deyir.
“Çətin şəraitdə, amma ümidlə yaşadıq…”
Məcburi köçkün Ailə zavodun təmirsiz, taxta döşəməsi, pəncərəsi olmayan bir otağında 13 il yaşayıb. Ata fəhlə, ana müəllimə işləyib: “ Çətin günlər keçirdik, amma həmişə şükür etdik. Çünki bir-birimizə dəstək olmuşuq. 
Torpaqların azad ediləcəyinə inamımızı itirmədik. Toğrul uşaqkən geniş otaqlı evimizin olmasını arzulayırdı. Həmişə deyərdi ki, kaş kəndimizə köçəydik, evimizdə soyuducumuz, televizorumuz olardı. Sonradan, yəni 2004-cü ildə Sulutəpə qəsəbəsində torpaq alıb ev tikdirdik. 2009-cu ildə həmin evə köçdük, soyuducu da, televizor da aldıq. Toğrul şəhid olmadan kəndimizin azad edildiyini də bildi. Düşünürəm ki, balamın arzuları yerinə yetdi”.

Toğrul Bakıxanov qəsəbəsindəki Zəngilan rayon 18 saylı köçkün məktəbində təhsil alıb. Bununla yanaşı, qardaşlar musiqi məktəbinə gediblər. Toğrul tar, Ülvi kamança üzrə təhsil alıb. Toğrul təhsilini Rastropoviçlər adına 22 saylı məktəbdə davam etdirib. Müəllimləri bildiriblər ki, Toğrul gələcəyin sənətkarıdır, onu musiqidən ayırmaq olmaz. Məktəblərarası keçirilən tədbirlərdə qalib olub, diplomlar, fəxri fərmanlar qazanıb. 2013-cü ildə Türkiyədə keçirilən beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib,mükafat qazanıb.
Ana əlavə edir ki, oğlu uşaq flarmoniyasında ansamblın üzvü kimi də dəfələrlə müsabiqələrin qalibi olub. "Yüksək balla Azərbaycan Milli Konservatoriyasının xalq çarğıalətlər fakültəsinin tar şöbəsinə qəbul olub. Konservatoriyanı bitirən kimi hərbi xidmətə getmək istəyirdi. Dedi qayıdıb təhsilimi davam etdirərəm. Amma müəlliminin təkidi ilə magistraturaya sənəd qəbulunun son günündə sənədlərini təqdim etdi və qəbul oldu. Universiteti və magistraturiyanı əla qiymətlərlə bitirdi. Təhsil aldığı müddətdə Füzuli rayon musiqi məktəbində müəllim kimi işlədi", -anası deyir.
Xidmət etdiyi hərbi hissədə şəkli şərəf löhvəsinə vurulub
Toğrul 2020-ci il mayın 6-da hərbi xidmətə gedib. Anası bildirir ki, pandemiyaya görə çağırış yubandı. Bu səbəbdən Toğrul evdə özünə yer tapa bilmirdi. Xidmət etdiyi Qusardaki hərbi hissədə şəklini nümunəvi əsgər kimi şərəf lövhəsindən asıblar. Komandiri atasına deyib ki, canavar kimi oğul böyütmüsüz. “O qədər çətinlik görmüşdü ki, qorxmurdu, irəli atılırdı. Indi fikirləşirəm, bizi heç incitməyib. Digər uşaqlar kimi istəkləri olmadı. Allaha bağlı idi və hər uğuruna görə şükür edirdi",-şəhid anası qürurla sözlərinə davam edir.
Ana danışır ki, oğlu müharibənin ilk günü cəbhəyə gedib: "Zəng vurub dedi ki, cəbhəyə yola düşür. Elə sevinirdi, sanki toya, bayrama gedirlər. Hər gün zəng vururdu. Deyirdi ki, cəbhədə hər şey yaxşıdır, siz özünüzdən muğayat olun. Füzulinin kəndləri işğaldan azad edildikcə zəng vurub şad xəbəri özü bizə çatdırırdı. Döyüşçü yoldaşları deyirlər ki, Toğrul özünü irəli atırdı".


Döyüşdə yaralanıb və həkimə deyib ki, bu barədə bizə, atasına məlumat verməsinlər. Şəhid anası oğlu barədə söhbətə davam edib deyir: "O vəziyyətdə belə bizim narahat olmamağımızı düşünüb. Komandirə deyib ki, sağalacam, Şuşanı görmədən ölməyəcəm. Son nəfəsində də Füzulinin azad olunduğuna görə Allaha şükür edib. Dostları deyirlər ki, siz oğlunuzu, biz qardaşımızı, arxa-dayağımızı itirmişik. Bütün şəhidlər Vətənin oğludur, bu, mənə təsəlli verir".
Ananın Vətən uğrunda canından keçən igid oğlu barədə danışmağa çox sözü var, amma onu daha çox yormaq da istəmirik. Axı Vətən, bizlər hamımız bu qələbəyə görə Toğrul kimi igidlərlə yanaşı onların analarına da borcluyuq...скачать dle 12.1