Bia.Az

“Bicbalalığın leqallaşdırılması-2”- BARƏMDƏKİ BÖHTAN İTTİHAMI

Cəmiyyət
 2-03-2024, 13:24     275

Məlum olduğu kimi, “Bicbalalığın leqallaşdırılması” (https://www.facebook.com/akram.hasanov.5/posts/pfbid0221QwyX9JnxgqGm6kiBS2Lj7nF8Y5F8uZKKs2oJBxAoCwGdChhS2QgPAkU8cCFWb6l) yazıma görə orada adı çəkilən həkim Öndər Tulumbacı məni ona böhtan atmaqda ittiham edib. Məsələ ilə əlaqədar mənə dost-tanışlar, mətbuat və vəkil həmkarlarım müraciət edir, təfərrüatları bilmək istəyirlər.
Əslində, bu iş barədə indiyədək yazmamağımın səbəbi (amma müraciət edən mətbuata açıqlama vermişəm) özümlə bağlı olması deyil. Səbəb odur ki, Tulumbacının şikayəti çox qeyri-ciddi (xeyli qrammatik səhv var, yazımın tarixini belə yanlış göstərib və s.), əsassız və hətta gülüncdür. Yəni heç diqqətə layiq deyil. Təbii, bu o demək deyil ki, məhkəmə prosesinə hazırlaşmıram. Əksinə, şikayət verildikdən sonra süni mayalanma sahəsini daha dərindən öyrənir, dəhşətə gəlir və problem üzrə araşdırmalarımı genişləndirmək əzmindəyəm.
İş üzrə Xətai rayon məhkəməsində (hakim Sülhanə Hacıyeva) 23 fevralda hazırlıq iclası olub. Tulumbacı özü iclasa gəlməmişdi. Vəkili gəlmişdi və böhtanın nədən ibarət olmasını normal izah edə də bilmədi. Heç şikayətdə də normal izah yoxdur. Baxış iclası sabah, yəni 1 mart saat 14.30-da olacaq. Görək, bəlkə bu dəfə nəhayət Tulumbacı özü gəlib anlaşılan bir şey dedi.
Şikayətin qısaca mahiyyəti ondan ibarətdir ki, guya sözügedən yazımla Tulumbacıya böhtan atmışam. Xatırladıram ki, böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqdır. Həmin yazımda qeyd edilən faktlar Ali Məhkəmənin ictimaiyyətə açıq olan və tərəfimdən dərc edilən Qərarından götürülüb. Onların doğru və ya yalan olmasına mən cavabdeh deyiləm. Bəli, yazımda mən Ali Məhkəmənin Qərarındakı mövqeyə mənfi münasibətimi bildirmişəm. Amma fikir bildirməklə böhtan atmaq mümkün deyil. Şikayətdə faktla fikir kateqoriyaları qarışıq salınıb. Bu, hüququn əlifbasıdır!
Qısaca xatırladıram ki, həmin Qərarda söhbət ondan gedir ki, iddiaçı olan kişi arvadının donordan süni mayalanmasına razılıq vermədiyini və Tulumbacı ilə arvadının onu aldatdığını bildirir. Tulumbacı ilə arvadı isə deyir ki, xeyr, kişinin yazılı razılığı olub. Lakin həmin razılıq məhkəməyə təqdim olunmayıb. Buna baxmayaraq, Ali Məhkəmə kişinin iddiasını rədd edib. O əsasla ki, razılığın olmadığını kişi özü sübut etməlidir və ümumiyyətlə belə razılıq olmadan donordan istifadə oluna bilməzdi. Yəni məhkəmə Tulumbacı ilə arvadı haqlı çıxarıb, mən də bunu olduğu kimi yazmışam.
Sadəcə mən məhkəmənin mövqeyini tənqid etmişəm. Çünki heç kəs etmədiyini sübut edə bilməz, bu absurddur. Ali Məhkəmənin analoji iş üzrə digər (17.04.2023-cü il tarixli 2(102)-1252/2023 saylı) qərarını da tapmışam. Orada klinika (həkimin adı göstərilməyib) məhkəməyə kişinin razılıq ərizəsini təqdim edib, lakin ekspertiza oradakı imzanın kişiyə məxsus olmadığını müəyyən edib. Buna görə də bu işdə qərar kişinin xeyrinə olub. Deməli, Ali Məhkəmə artıq fərqli mövqe sərgiləyib: sübutetmə yükü kişinin üzərində deyil və süni mayalanma onun razılığı olmadan həyata keçirilib.
Nə isə, qayıdaq Tulumbacıya. Şikayətdə özü mənə böhtan atıb. Yazıb ki, guya mən onu dələduzluqda ittiham etmişəm və yazmışam ki, “məhkəmə tərəfindən müəyyən səbəblərlə (maraqlandırma, rüşvət və s.)” müvafiq Qərar verilmişdir. Halbuki, mənim yazımda belə şeylər ümumiyyətlə yoxdur!
Tulumbacı şikayətdə yazır ki, guya mənim yazımdan sonra “hazırda gün ərzinə 100-lərlə olan pasiyent müraciətim demək olar ki əhəmiyyətli dərəcədə azalmışdır”. Başa düşdüyüm qədər, o, ümumən Ali Məhkəmənin qərarını ictimailəşdirdiyimdən narazıdır. Çünki guya nəticədə potensial müştəri bazası azalıb.
Lakin Qərarı ictimailəşdirmək mənim hüququmdur. Konkret bu halda isə vətəndaşlıq borcumdur. O cümlədən maarifləndimə kontekstində. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 3 aprel 2019-cu il tarixli 604 saylı Fərmanının preambula hissəsində deyilir ki, “məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı”dır. Şəffaflığı təmin etmək üçün biz hüquqşünaslar mühüm qərarlar haqda cəmiyyətə məlumat verməliyik. Mən də bunu etmişəm.
Süni mayalanma dövlətimiz, onun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Söhbət genofonddan gedir. Bu sahədə hazırda heç bir ciddi nəzarət yoxdur. Allah bilir, qadınlarımızın donorları kimlərdir. Onsuz da zəifləyən ailə institutu üçün nəzarətsiz (heç sənədləri sonradan tapmaq olmur!) böyük təhlükədir. Ümumiyyətlə, təsəvvür etmək çətindir ki, Azərbaycan kişisi arvadının başqasından hamilə qalmasına razılıq versin. Görəsən buna görəmi şəhidlərimiz canlarını qurban verdi ki, indi qadınlarımız naməlum kişilərdən uşaq doğsun?!
Cənab Prezident bu ilin fevralı 14-də keçirilmiş andiçmə mərasimində o cümlədən demişdir: “Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.” Bundan sonra demişdir: “Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir... Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq...”
Görəsən, donordan süni mayalanma nə dərəcədə milli-mənəvi dəyərlərimizə uyğundur? Bəli, mən bütövlükdə donor vasitəsilə uşağın doğulmasının əleyhinəyəm. Həmçinin ona görə ki, gələcəkdə qardaş və bacının evlənməsini istisna etmir, halbuki, həmin əməl qanunsuzdur. Bununla belə, qanunvericiliyimiz bu gün donorluğa imkan verirsə, burada ciddi qaydalar və nəzarət olmalıdır. Ən azı sənədləşdirmə işi qaydasında olmalıdır. Əks halda məhkəmələrdə belə təəccüblü işlər və qərarlar yenə də ola bilər.
Odur ki, hamını süni mayalanma məsələsi barədə mövqeyini ortaya qoymağa çağırır, bu sahəni ciddi ictimai nəzarət altına götürməyə səsləyirəm. İrəli!

Əkrəm Həsənov - Vəkilскачать dle 12.1