Azərbaycan Türkmənistan və Tacikistanla eyni sosial qrupda: vətəndaşın təməl "insan" ehtiyacları yetərsizdir...
Ölkədə əhalinin sosial təminatı yaxşı səviyyədə deyil. Hər şeydən əvvəl ciddi işsizlik var. Məvaciblərin, pensiyaların məbləği çox aşağıdır. İşləyən kəsimin yarıdan çoxu ayda heç 500 manat qazanmır. Sosial yardım almaq getdikcə lap çətinləşib. Həm pensiyaçıların, həm də sosial yardım alanların sayı mümkün qədər azaldılır.
Bizimyol.info xəbər verir ki, beynəlxalq hesabatlar da Azərbaycanda sosial mənzərənin ürəkaçan olmadığını ortaya qoyur. “Sosial Tərəqqi” indeksi ilə bağlı hesabat durumu daha yaxşı göstərir. Məlum olur ki, Azərbaycan əhalinin sosial təminatı baxımından postsovet məkanında autsayderlər qrupunda qərarlaşıb.
“Sosial Tərəqqi” qlobal hesabatını hazırlamaq üçün qiymətləndirmə 12 indikator əsasında 100 ballıq şkala üzrə aparılır. Burada 170 ölkənin göstəriciləri yer alır. Azərbaycan yeni hesabatda 62,67 balla 99-cu yerdə görünür. Keçən illə müqayisədə geriləmə var. Bir il əvvəl Azərbaycanın balı 63,06 olub.
Qiymətləndirmədə təməl insani ehtiyaclar, mənzil şəraiti, təhülkəsizlik, su və kanalizasiya təchizatı, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, baza təhsili, yüksək təhsil, ətraf mühitin keyfiyyəti, inklüziv inkişaf, hüquqlar, özünüfadə, azadlıqlar və seçim hüququ kimi amillər nəzərə alınıb.
Ölkələr səviyyələr üzrə 6 qrupa bölünüb. Azərbaycan 4-cü qrupda yer alıb. Postovet ölkələrindən yalnız Estoniyanı 1-ci qrupda görmək olur. Baltikyanı dövlət 18-ci pillədədir. 2-ci qrupda yer almış Litva 31-ci, Latviya 32-ci, Moldova 49-cu, Ermənistan 50-ci, Gürcüstan 52-ci mövqedədir. Ukrayna 59-cu, Belarus 61-ci, Qazaxıstan 63-cü, Rusiya 76-cı, Özbəkistan 81-ci, Qırğızıstan 86-cı yerdə olmaqla 3-cü qrupa düşüb. Azərbaycan postsovet ölkələrindən yalnız Türkmənistanı (104-cü yer) və Tacikistanı (116-cı yer) geridə qoyur.
İlk pillədə Danimarka qərarlaşıb. Norveç 2-ci, Finlandiya 3-cü, İslandiya 4-cü, İsveç 5-ci yerdədir. Gördüyünüz kimi, Şimali Avropa ölkələri sözün əsl mənasında sosial dövlət anlayışı ifadəsini doğruldur.
Azərbaycan sıralamada Qayana, Surinam, Vyetnam, İndoneziya, Filippin, Kuba, Albaniya, Dominikan Respublikasından geridə mövqe seçib.
Təəccüblənirikmi? Qətiyyən! Azərbaycan sosial dövlət ola bilməyib. Vətəndaş bir çox haqlarından məhrum qalıb. Bu ölkədə insanlar "dövlət"in "qayğı"sını hiss edirlərmi?. Elə buna görə də hesabatdakı yerimizə təəccüblənməməliyik.