Bia.Az

"Sahibkarlar qazanc əldə etməyə başladıqları an, qəfildən həmin sahənin “sahiblər”i peyda olur" - FAKT BUDUR!

Cəmiyyət
 12-01-2024, 11:28     124

"Ölkədə azad sahibkarlığın, liberal iqtisadiyyatın təşviqi kompleks yanaşma tələb edir. Azad sahibkarlığa əngəl olan bir neçə əsas faktor var ki, diqqət bunlara fokuslanmalıdır: inhisarçılıq, biznes kreditlərinin faizlərinin yüksək olması, vergilərlə bağlı problemlər. Sahibkarların ən böyük arzusu rəqabətli biznes mühitində fəaliyyət göstərməkdir. Elə bir mühitdə ki, burada onların hüquqları tam qorunsun, fəaliyyətlərinə yersiz və əngəlləyici müdaxilələr edilməsin, inhisarçılıq, qiymətlərin süni manipulyasiyasına yol verilməsin. Azərbaycandakı hazırkı biznes mühitinə baxsaq görərik ki, xırda ticarət sahələrini çıxmaq şərtilə, ölkənin bütün biznes sektorları bəlli bir təbəqənin nəzarəti altındadır və bu sahəyə giriş hər kəsə nəsib deyil. Bu faktor ölkəmizdə ədalətli biznesin inkişafına mane olur. Hətta gəlirsiz hesab edilən bir sahəni öz zəhmətləri hesabına dirçəldən sahibkarlar təzəcə qazanc əldə etməyə başladıqları bir vaxtda, qəfildən həmin sahənin “sahibləri” peyda olur".
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova danışıb. O, bildirib ki, kiçik və orta sahibkarlığın inkişafı üçün ilk öncə ölkədə monopoliya aradan qaldırılmalıdır. Bundan əlavə, dövlət öz sərhədləri daxilindəki kiçik və orta miqyaslı müəssisələrə, ticarətçilərə, kəndli-fermerlərə, yeni iş yeri açmaq istəyən sahibkarlara, işini genişləndirərək ölkə xaricində müəssisə qurmaq istəyənlərə mümkün qədər dəstək göstərməlidir.

“Bu gün kommersiya banklarının təklif etdikləri kreditlərin əksəriyyəti istehlak kreditləridir. Ümumi kreditlərin 40%-ni məhz istehlak kreditləri təşkil edir, 10%-i mikrokreditlər, 4-5%-i isə aqrar kreditlərdir. Banklar biznes kreditlərinin daha yüksək risk qrupunda olduğunu əsas gətirərək, biznes kreditlərinin verilməsində maraqlı deyillər. İllər üzrə statistik göstəricilərə nəzər yetirsək, ümumiyyətlə biznes kreditlərinin artdığını görmək mümkün deyil. Bu da ölkədə investisiya prosesinin zəifləməsinə gətirib çıxaran əsas amildir. İlk növbədə maliyyə mənbələrinin sayının azlığı diqqəti cəlb edir, bu sahədə rəqabət demək olar ki, "yox" dərəcəsindədir. Əksər banklar biznes krediti heç vermir və ya prosesə fərdi yanaşırlar. Azərbaycan banklarının təqdim etdiyi biznes kreditlərinin həcminə və faiz dərəcələrinə nəzər yetirsək görərik ki, ən aşağı faiz dərəcəsi illik 16% (100.000-300.000 manat), ən yüksək faiz dərəcəsi illik 27% (2.000 manat) təşkil edir. Müddət isə bir qayda olaraq 36 aya qədərdir. Kommersiya bankları real sektorun maliyyələşdirilməsində maraqlı olmalıdır ki, istehsal da müəyyən qədər inkişaf etsin”-deyən ekspert hesab edir ki, belə problemlərdən çıxış yolu kimi, “interest free banking” sistemi nəzərdən keçirilməlidir.

Beynəlxalq arenada ənənəvi bank xidmətləri təqdim edən bir çox nüfuzlu beynəlxalq maliyyə qurumları var ki, “interest free banking” xidmətləri təklif edirlər. Məsələn, Türkiyədə “katılım bankçılığı” olaraq adlandırılan bu növ bankçılıq Türkiyənin bank sistemində üç bank növündən biri sayılır. Bu model bir növ investisiya bankı xüsusiyyətini daşısa da, fəaliyyət sistemi və fəlsəfəsi tam fərqlidir. Faizsiz maliyyə sisteminin bir sıra spekulyativ fəaliyyətlərə girişməməsi iqtisadi böhrandan daha az zərərlə çıxmasına zəmin yaradır. Məsələn, bank öz müştərisi olan sahibkara investisiya üçün ehtiyacı olan maliyyə dəstəyini tam olaraq təqdim edir. Daha sonra icra edilən biznes fəaliyyətindən əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunan nisbətdə bank və müştəri arasında pay bölgüsü həyata keçirilir.

Alimin fikrincə, azad sahibkarlığın inkişafının qarşısını alan bir digər əsas faktor da yersiz yoxlamalardır. Ümumiyyətlə, yoxlamalar zamanı yoxlayıcı orqanın səlahiyyətlərini aşması, eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılması və yoxlamalar zamanı normativ hüquqi aktların tələblərinin pozulması halları sayısızdır.

Sahibkara dəyən zərərə görə yoxlayıcı orqanın və onun vəzifəli şəxslərinin məsuliyyət daşıması, yoxlayıcı orqanların fəaliyyətinə nəzarətin o cümlədən, daxili nəzarətin həyata keçirilməsi, yoxlanılan bütün sahibkarlıq subyektlərinə eyni prizmadan yanaşılması vacibdir.

“Məlumat üçün onu da qeyd edim ki, hazırda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədədir ki, sahibkarların fəaliyyəti ilə bağlı yoxlamalar yalnız bu sözügedən qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparıla bilər”-deyə iqtisadçı vurğulayıb.
скачать dle 12.1