Bia.Az

Sənəd verilməyəcək evlər söküləcəkmi - məsuliyyət və kompensasiya məsələsi...

Cəmiyyət
 23-11-2023, 15:08     262

Ekspert: “10 minlərlə evin olduğu yaşayış massivi yaranıbsa, burada söhbət təkcə vətəndaş məsuliyyətsizliyindən gedə bilməz”
Uzun illərdir əsas problemlərdən biri kimi gündəmdə olan sənədsiz evlərlə bağlı məsələ hələ də öz həllini tapmayıb. Respublika üzrə qanunsuz tikililərin çox hissəsi Bakı və Abşeron yarımadasının payına düşür.

Musavat.com xəbər verir ki, ARB TV-nin efirində yayımlanan “Günə Son” verilişində sənədsiz evlərin taleyi ilə bağlı müzakirələr aparılıb.
Abşeron Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov bu barədə açıqlama verib: “Bir neçə il bundan qabaq sənədsiz evlərin siyahıya alınması ilə bağlı tapşırıq gəlmişdi, siyahını hazırlayıb Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil vermişik. Pandemiyadan əvvəlki dövrdə təxminən iyirmi altı, iyirmi yeddi minə yaxın sənədsiz ev vardı. Təsəvvür edin ki, Abşeron rayonunda iki yüz on beş min qeydiyyatda olan əhali var, lakin yeddi yüz minə yaxın insan yaşayır. Yüksək gərginlikli elektrik xətlərinin, qaz, işıq, su, dəmiryol xətlərinin və vulkanların mühafizə zolaqlarında yerləşən evlərə birmənalı olaraq, sənəd verilməyəcək”.

Qeyd edək ki, hazırda sənədsiz qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi prosesi gedir. Növbəti mərhələdə evlərlə bağlı oxşar addım atılacağı bildirilir. İcra hakimiyyəti rəsmisinin də sözlərindən bəlli olur ki, mühafizə zolaqlarında inşa edilən fərdi evlərə heç bir halda sənəd verilməyəcək.
Xatırladaq ki, oktyabr ayının 1-dən Şəhərsalma və Tikinti Məcəlləsinə bir sıra düzəlişlər edilib. Dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan və s. obyektlərin kommunal xidmətlərə qoşulması qadağandır.
Ekspert: “Dövlət elə bir şərait qurmaq istəyir ki, geri dönüş də maraqlı  olsun” - 07.02.2021, Sputnik Azərbaycan
Elnur Fərzəliyev
Əmlak eksperti Elnur Fərzəliyev “Yeni Müsavat” a bildirdi ki, çıxarış verilməyən evlərin hamısı təhlükəli ərazilərdə yerləşmir. Ekspertin fikrincə, ilk növbədə qadağan edilməyən ərazilərdə inşa edilən evlərə çıxarışlar verilməlidir: “Vətəndaşların kütləvi köçürülməsi prosesi başlasa, kompensasiyalar ödəniləcək. Bunun üçün qiymətləndirilmə aparılmalıdır. Məsələn, kommunal xətlərin yerinin dəyişdirilməsi daha ucuz olar, ya yaşayış massivlərinin sökülməsi? Bunu müəyyən etdikdən sonra qərar verilməlidir. Hələ ki monitorinq aparılmayıb.  Reallıq budur ki, vəziyyətin yaxşılaşması üçün addım atılmayıb. Əgər evlərin sayı azdırsa, hər hansı məsuliyyətdən söhbət gedə bilər. Lakin 10 minlərlə evin olduğu yaşayış massivi yaranıbsa, burada söhbət təkcə vətəndaş məsuliyyətsizliyindən gedə bilməz. Müvafiq dövlət qurumlarının məsuliyyətini gözardı etmək olmaz. Yaşamaq hüququ formalaşmış vətəndaşlara ya kompensasiya ödəyərək köçürmək, yaxud təhlükə törədə biləcək xətlərin dəyişdirilməsi barədə düşünmək olar. Təbii ki, elə ərazilər var ki, təbii proseslərlə əlaqədar torpağın təyinatını dəyişmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, Bakıda əkin əkilməsi, heyvandarlıq sahələrinin yaradılması real deyil. Vaxtilə kolxozlar, sovxozlar var idi. Onlar ləğv olunduğuna görə torpaqların təyinatı dəyişməlidir”.
E.Fərzəliyev qeyd etdi ki, yaşamaq hüququ formalaşmış vətəndaşın evi yalnız kompensasiya ödəndikdən sonra sökülə bilər: “Hələ ki təcrübədə evi sökülən vətəndaşa kompensasiya ödənməməsi halı olmayıb. Dövlət əhəmiyyətli tikinti aparılanda, o cümlədəm zəlzələ və s. təbii hadisələr nəticəsində vətəndaşa dəyən zərər ödənir”. 
Heç vaxt qiymət artımı bu həddə gəlib çıxmamışdı"
 Elnur Azadov
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə qeyd etdi ki, qanunsuz inşa edilən evlərə amnistiya veriləcək. Ekspert həmçinin qeyd etdi ki, Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakla bağlı əməliyyatların aparılması üçün vahid portal yaradılacaq: “Qanunsuz evlərin qeydiyyata alınması ilə bağlı müraciətlər bu portal vasitəsilə qəbul ediləcək. Hazırlıq prosesi başlayıb, portalın 2024-cü ildə istifadəyə verilməsi gözlənilir. Qanunvericiliklə icazə verilməyən ərazilərdə inşa edilən evlərə sənəd verilməyəcək. Lakin ev, məsələn, dəmir yolunun yaxınlığında tikilibsə, məsuliyyət Azərbaycan Dəmir Yolları QSC-nin üzərinə düşür. Bu halda kompensasiyanın dövlət yaxud dövlət qurumu (məsələn, ADY QSC) tərəfindən ödənməsi hələ ki açıq sualdır. Kommunikasiya xətləri ilə bağlı problemlər isə icra və bələdiyyələrin öhdəliyinə düşür. O ki qaldı kompensasiyanın ödənməsinə, hesab edirəm ki, dövlət 50-100 min sənədsiz ev sahibinə  kompensasiya ödəməyəcək. Cavabdehliyi birbaşa əlaqəli qurum daşımalıdır”. 
Natiq Cəfərli: “Hökumətimiz biznesi özünə təhlükə görür” » Reyting.az
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli isə vurğuladı ki, ölkədə tikintiyə nəzarət öhdəliyi olan 14 dövlət orqanı var. Ekspert diqqətə çatdırdı ki, Avropa Məhkəməsinin əmsal qərarına əsasən, əhali yaşadığı yerdə kommunal xidmətlərə görə aylıq ödənişlər edirsə, bu, mülkiyyət hüququ yaradır: “Vətəndaşlar illərlə qaz, işıq, su pulu ödəyirsə, bu onların əmlak hüququnun tanınması deməkdir. Mülkiyyət hüququ yaranan vətəndaşın evi söküləcəksə, kompensasiya tələb etmək haqqı yaranır. Düşünürəm ki, qeyri-qanuni tikililər məsələsində bütün məsuliyyət vətəndaşın üzərində qala bilməz. Bu, məntiqli deyil. Vətəndaşın da məsuliyyəti var, amma əsas məsələ dövlət orqanlarının bu məsələyə göz yummasıdır. Bu səbəblər aradan qaldırılmalıdır”.
Vüqar Bayramov: "Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfəmiz  genişlənməkdədir"
Vüqar Bayramov
Millət vəkili Vüqar Bayramov “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı hökumət tərəfindən proses sürətlənib. Millət vəkili diqqətə çatdırdı ki, əsas məsələ təhlükəli zonada yerləşən evlərin sənədləşdirilməsidir: “Nəzərə almaq lazımdır ki, sənədsiz evlərin bir qismi kifayət qədər riskli bölgələrdə yerləşir. Bəzi evlər neft buruqlarının yaxınlığında, bəziləri yüksək gərginlikli elektrik xətlərinin altında,  yaxud nəqliyyat qovşaqlarının yaxınlığında inşa edilib. Hələ ki bu evlərin taleyi ilə bağlı müzakirələr davam edir. Təklifimiz ondan ibarətdir ki, müəyyən kommunal xətləri başqa istiqamətdə yer altından çəkmək mümkündürsə, üzərində yerləşən evlərə sənəd verilməsi məqsədəmüvafiq olardı. Elə evlər də var ki, pay torpağı üzərində inşa edilib. Əgər torpağın statusunu dəyişmək mümkündürsə, evləri sənədləşdirməyi nəzərdən keçirmək olar. Bu istiqamətdə müzakirələr gedir. Düşünürəm ki, müzakirələrdə əsas istiqamət vətəndaşlarımızın hüquqlarının qorunması istiqamətində olmalıdır”.скачать dle 12.1