Bia.Az

Sadəcə Tahir müəllim...

Cəmiyyət
 19-05-2023, 14:40     342

Xeyirxah insan, ziyalı rəhbər

Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor Tahirov Kərim Məhəmməd oğlunun əqidə manifestidir

Həyat ucu-bucağı görünməyən, sirli-sehrli, şəfalı-cəfalı, acılı-şirinli, möhtəşəm və ecazkar bir məkandır. Ömür isə bu məkanda alovlana-alovlana alışıb, yana-yana, əriyə-əriyə sönüb qürub edən bir zamandır. Bu zaman axın-axın illərdir. Bu axının içərisində insan ömrü, insan həyatı da var. Beləcə ulu Tanrının yaratdığı insan öz yaratdıqları ilə əbədi yaşayır. Bu isə insanı tarixə çevirir, zamanın ovcunda əzilən deyil, qalib gələn ziyaya döndərir. Belə ziyalılardan biri də dəyərli insan, ləyaqətli və cəfakeş vətəndaş, bacarıqlı və təşəbbüskar vəziə sahibi Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovdur.

Professor Kərim Tahirovun haqqında saatlarla, günlərlə danışmaq, haqqında yazmaq olar. Əziz oxucum, bu yazını sadə bir jurnalistin rəhbər məmura iltifatı, mədhiyyəsi, təmənnalı münasibəti kimi yox, müşahidələrinin nəticəsi olan səmimi bir yazı kimi qəbul etməyinizi rica edirəm. O, zəngin təfəkkürünün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth edib. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər. O, bir çoxunun dərdinə dərman, ürəyinə təpər, işinə yarayan, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən ziyalımızdır. Belə adamlarla ünsiyyətdə onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olur. O, heç kəsə ağır söz deməz, yaraya köz basmaz. Kərim müəllim yaxşı bilir ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi aləmini zədələyir.

Söhbət Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovdan gedir. O Kərim Tahirovdan ki, sözünün qədir-qiymətini bilir. O Kərim Tahirovdan ki, sözü zərgər dəqiqliyi ilə seçir və onu hədəfə vurur. O Kərim Tahirovdan ki, sözünün ağasıdır. O Kərim Tahirovdan ki, sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməzdir. Ona görə də Kərim müəllim daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir insandır.

Kərim müəllimlə tanışlıq

Kərim Tahirov 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1979-cu ildə təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilmiş, 1979-1982-ci illərdə Elmi-metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır. 1983-1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana Müfəttişliyinin böyük müfəttişi, 1987-1988-ci illərdə rəisi, 1988-1989-cu illərdə Mədəni-maarif Müəssisələri İdarəsinin, 1989-1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993-2000-ci illərdə Kitabxana və Muzey işləri baş idarəsinin rəisi vəzifəsində işləmişdir. 2000-2005-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində, 2005-ci ildən isə Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.

Zəhmətkeş alim həyatının 30 ildən artıq dövrünü Azərbaycan mədəniyyətinin, kitabxana işinin və Azərbaycan kitabxanalarının inkişafına, çiçəklənməsinə həsr edərək, təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış alim, görkəmli kitabxanaşünas kimi şöhrət qazanmışdır. Əsas tədqiqat sahəsi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı olan alim ilk dəfə olaraq Azərbaycan Milli Kitabxanasının yarandığı gündən etibarən keçdiyi tarixi inkişaf yolunu əsaslı şəkildə araşdırmış, yeni tarixi faktlar, mühüm elmi nəticələr əldə etmiş və 2009-cu ildə "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər)" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. Qeyd edək ki, K.Tahirovun tarixi araşdırmaları Milli Kitabxananın yeni inkişaf strategiyasının formalaşmasında mühüm rol oynamışdır.

Professor K.Tahirov pedaqoji fəaliyyətlə də məşğul olur. O, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində müəllimlik edir, yüksək ixtisaslı kadrların yetişdirilməsinə əvəzsiz xidmətlər göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru olmuşdur.

Hörmətli professor dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur.

K.Tahirov kitablarla bağlı şərəfli bir ömür yaşamış alimdir. "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)" adlı monoqrafiyanın, "Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası" adlı dərs vəsaitinin, 50-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuş, 200-dən artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə onlarla yeni kitabın təqdimat mərasimi keçirilmişdir. 2015-ci ildə işıq üzü görmüş, fundamental nəşr hesab edilən Azərbaycanda ilk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və onun baş redaktoru olmuşdur. "Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri"nin, "Əlamətdar və tarixi günlər təqvimi"nin, "Azərbaycan kitabı" on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur. BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrlarının elmi rəhbəri və rəsmi oponenti olmuşdur.

Azərbaycan Milli Kitabxanasına direktor təyin olunduğu müddətdən etibarən Milli Kitabxananın bütün fəaliyyət istiqamətlərində, o cümlədən, beynəlxalq əməkdaşlıq sahəsində nəzərəçarpacaq irəliləyişlər baş vermişdir. Bunun bariz nümunəsi kimi bu gün Milli Kitabxana Assosiasiyalarının Beynəlxalq Təşkilatı (İFLA), Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının, Dünya elektron kitabxanasının (WDL), Türkdilli Ölkələrin Milli Kitabxanaları Konfransının, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının, 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvüdür, 60-dan çox ölkə ilə qarşılıqlı əməkdaşlıq və beynəlxalq kitab mübadiləsini həyata keçirir. 2015-ci ildən professor K.Tahirov BAE-nin vitse-prezidentidir. Qısa zaman kəsiyində beynəlxalq səviyyədə işlər görmək, Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərini, ədəbi irsini, tarixini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, Azərbaycan kitabını təbliğ etmək yalnız yüksək peşəkarlıq, düzgün təşkilatçılıq, idarəçilik qabiliyyəti, böyük təcrübə və zəhmət sayəsində mümkündür.

Professor Kərim Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın ictimai həyatında fəal iştirak etmiş, oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuş, kitabxananın nəşriyyat fəaliyyəti təkmilləşdirilmiş, müxtəlif mövzulara dair 50-dən artıq fundamental biblioqrafiyalar tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, "Elmi əsərlər"in nəşri bərpa edilmiş, kitabxananın elektron kataloqu, elektron kitabxanası formalaşdırılmış, Elmi Şurası yaradılmışdır.

Kərim Tahirov 2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının sədri, 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Ekspert Komissiyasının sədri, 2013-cü ildən isə Milli Kitabxananın Elmi Şurasının sədridir.

Azərbaycan mədəniyyətinin inkişafı sahəsindəki səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülmüş, 2013-cü ildə "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, Milli Kitabxananın fəaliyyətinin səmərəli təşkilinə və inkişafına, yeni texnologiyalarla təkmilləşdirilməsinə görə fəxri fərman və diplomlar almışdır. TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibəti ilə medalla, 2014-cü ildə "QIZIL FORTUNA" Beynəlxalq Reytinqli Texnologiyalar və Sosiologiya Akademiyasının medalı ilə təltif edilmişdir.
2016-cı il noyabr ayının 8- də mədəniyyətimizin inkişafında xidmətdə fərqləndiyinə görə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova 65 illik yubileyi münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı təqdim olunmuşdur.

Yaxşılıq Kərim müəllimin əqidə manifestidir

O, hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran peşəkar rəhbərdir. Bu çeviklik ona cəsarət, güc, şərəf verir. Həqiqətən Kərim müəllim sadə, təbii bir insandır. Onun haqqında yazmaq, danışmaq çətindən də çətindir. Cünki onun haqqında deməyə söz həddən artıq çoxdur. Onun şəxsiyyəti haqqında o qədər faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir simadır. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında, ilahilərə məxsusluğu təzahür etdirir.

Burada bir haşiyə çıxmaq istəyirəm. Dahi şairimiz Nizami Gəncəvinin “Xeyir və Şər” mənzum hekayəsindəki ibrətamiz faktlar diqqəti daha çox cəlb edir. Onun “Yeddi gözəl” poemasında Cin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir.

Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir. Lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir. Xeyiri bir kürd qızı xilas edir. Gözlərini isə qızın atası sağaldır. Xeyir bunların yanında qalaraq bir ailə kimi yaşayır. Kürd ona öz doğma övladı kimi münasibət göstərir, qızını da Xeyirə verərək bütün var-dövlətini onun sərəncamına verir. Xeyir, kürd və kürd qızı arasında olan münasibətlər təmənnasız olub, əsl xeyirxahlıq nümunələridir. Onların hər birinin xeyirxahlığı cavabsız qalmayıb, digəri tərəfindən yüksək qiymətləndirilir.

Xeyirin yaxşı işləri bununla bitmir. O, öz ölkəsinə qayıdarkən adına uyğun hərəkət edərək xəstə şah qızını sağaldır, heç bir təmənna güdmür. Ona var-dövlət təklif edən şaha Xeyir belə söyləyir:

Heç şeydə yox gözüm qoca dünyada,
Mənim verəcəyim dərman-dava da
Allah rizasına veriləcəkdir.

Mənfur Şərin isə əsərdə aqibəti öz xasiyyətinə uyğun olur, onun xəyanət üzərində qurulan səadəti heçə dönür, puç olur.

Hekayə şərin, zülmün uzun sürməyəcəyinə, xəyanətkar adamın gec-tez cəzaya çatacağına oxucunu inandırır. İnsan səadətinə yüksək qiymət verən şair xoşbəxtliyin qədrini bilməyi, insanlara bir-birinə arxa, dayaq olmağı, həyatı gözəlliklər və dünya nemətlərindən birlikdə faydalanmağı tövsiyə edir.

Hekayədə bir daha təsdiq olunur ki, xeyirxahlıq, yaxşılıq, düzlük, ədalət zərbələrə məruz qala bilər, əzilə bilər, lakin heç vaxt məhv edilə bilməz. Vicdanı pak, nəfsi təmiz olan insanlar heç vaxt xeyiri məhv etməyə qoymazlar. Bəşəriyyət həmişə insanlığa bəla kəsilmiş şərə qarşı mübarizə aparmalı, xeyirxahlığı, ədaləti yaşatmalı, şəri, zülmü məhv etməlidir.

Həmişə bu məsəli çəkəndə istər-istəməz Kərim müəllimin həyatda etdiyi saysız-hesabsız yaxşılığı yada düşür. Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Kərim müəllimin əqidə manifestidir. Onun yaxşılıq etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir. O, insanlara qayğı göstərir, onların işinə yarayır. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldir. Kərim müəllim, sözün həqiqi mənasında, bir çox insan üçün ümid və inam yeridir.

Kərim Tahirovun fəaliyyətinin ali məqamı

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov kimi insanlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar. Yaşayırlar… Kərim müəllim də bax beləcə ömür sürmüş ziyalıdır. O, hədisz dərəcədə alicənab, təvazökar, müdrik insandır, özünü həyatda həddən artıq sadə aparır.

Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun həyatinın, fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.

Kərim müəllim bütün zamanlarda öz ləyaqətini, izzəti-nəfsini qoruyub saxlaya bilib. Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Kərim müəllimin etdiyi yaxşılıqları, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.
Təkrarsız Kərim müəllim...

Kərim Tahirov həddən artıq tələbkardır. O, biganəliyi xoşlamır. Elinin-obasının qədrini biləndir, xalqa xidməti həyatının məna və məqsədi hesab edir. Kərim Tahirov saf əqidəsi və məsləki olan dövlət məmurudur. Onun əqidəsi həmişə humanizmə, həqiqətə, ədalətə söykənib. O öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə başqalarından fərqlənən rəhbərdir, xalq adamıdır, ən əsası vətəndaş-ziyalıdır.

Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Cahan müəllimə aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Kərim müəllimdir! Kərim Tahirov həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran nadir şəxsiyyətdir. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibidir. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeşdir.

Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri”- deyə cavab verərdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Kərim müəllimlə təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir ilahi fikir nur kimi ətrafa yayılır: “İnsanlar, insan olun, bu Sizin birinci vəzifənizdir!”. Professor Kərim Tahirovun nəsillərə anlatmaq istədiyi saf əqidə və məslək məhz budur!

Kərim Tahirov vəzifəyə rahat həyat sürmək üçün gəlməyib. Həm də var-dövlət toplamaq üçün yox. Cünki Kərim müəllimin həm maddi, həm də mənəvi xəzinəsi bir çox məmurdan üstündür. Kərim müəllim el-obanın ehtiyacı olan adamdır.. O, məhz bu ehtiyacı duyub bu vəzifəyə gəlib və camaatı o cətinliklərdən qurtarmağa, boyunduruqlardan xilas etməyə çalışır. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə əsl ziyalı - rəhbər olmagı nümayiş etdirir. O, bu zirvədə uca, əzəmətli, qədd-qamətlidir! Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşıb, yaraşır və yaraşacaqdır...

***

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun daha bir yaxşı keyfiyyəti isə jurnalistlərin də ürəyini fəth edə bilməsidir. Heç zaman onlardan "qaçmır". Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

Sadəlik insanın yaraşığı, təvazökarlıq isə gözəlliyidir. Hər iki xüsusiyyət Kərim müəllimdə var. Heç nəyə biganə deyil. Bəzi vəzifə sahibləri var ki, qapısına gələn zavallı insanlara simsar olub köməklik göstərməkdənsə biganəlik göstərir.. İnsani dəyərləri unudur. Belələrini görəndə istər-istəməz Kərim müəllimlə görüşlərimi, ona müraciət edənlər və onların ağzı dualı oranı tərk etmələrini xatırlamalı oluram. Kimsənin dərdinə biganə qalmayan Kərim müəllimin xeyirxah əməllərini, mərhəmətini hər kəs bilir. Bu yerdə yenə də Məhəmməd Peyğəmbərin (ə.s.) kəlamlarından misal çəkmək istərdim:

Hansı əməl yaxşıdır?- İnsan ürəyini sevindirmək, acları yedirtmək, darda qalanlara kömək etmək, əldən düşənlərin kədərini azaltmaq və ziyan çəkənlərin zərərini ləğv etmək. Məhz professor Kərim Tahirov Peyğəmbərimizin buyurduğu kimi davranır.

Allah təaladan istəyimiz odur ki, professor Kərim Tahirov kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərhəmətli, mərd insanlara ehtiyacı var. Allah sizi qorusun Kərim müəllim. Amin.

BİA.az
скачать dle 12.1