Bia.Az

“Mollalar əsl simalarını hakimiyyətə gələndən sonra göstərdilər”

Şou
 13-08-2021, 15:32     367

Jurnalist Eynulla Fətullayev məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqətidən müsahibə alıb. 
"Qafqazinfo" həmin müsahibəni təqdim edir: 
Rza Diqqəti ilə Ağdama aparan yolda tanış olduq. Sonra yollarımız Şuşanın Cıdır düzündə kəsişdi. Əlbəttə, milyonlarla azərbaycanlı kimi mən də bütöv bir dövrü - İrandakı islam inqilabını, İsrail qoşunlarının Beyruta girməsini, Əfqanıstan müharibəsini, Ruandada genosidi, birinci Qarabağ müharibəsini öz obyektivinə sığışdıra bilən əfsanəvi fotoqraf barəsində eşitmişdim...  Rza - unikal, ancaq bəlalı taleli insandır. Taleyi onu bir qaynar nöqtədən digərinə atıb.  Başı üzərindən güllələr vızıldayıb, ayaqları altında qumbaralar partlayıb, məşum SAVAK-ın qorxulu məhbəsində bütün işgəncələrə qürurla dözüb… Və salamat qalıb, çünki həyat eşqi çox güclü olub.
Görüşməyə çoxdan sözləşmişdik. Nəhayət, İçəri Şəhərin (Köhnə  şəhər) dar küçələri ilə böyük fotoqrafla, bütöv bir dövrlə görüşə yollanıram …
"Bakıda köhnə şəhərdə qalmağı sevirəm, orta əsrlərin gözəgörünməz aurası hiss olunur", - Diqqəti danışır və Şərq qonaqpərvərliyi ilə piyaləyə qızılgül ləçəklərinin də əlavə olunduğu çay süzür.
"Orta əsrləri sevmirəm, o, çox qəddar olub. Yeri gəlmişkən, İranda bu cür çay içmirlər, xüsusən də piyalədə", - həmsöhbətimdən dəqiqləşdirirəm.
"Bu çaya aludəliliyim və onu piyalədə içmək vərdişim Orta Asiyada yaranıb”, - Rza deyir.
Budur, çox maraqlı söhbət gözləntisi ilə üz-üzə əyləşirik.
- Siz həyatınızın ən yaxşı illərini Pəhləvi şah rejimi ilə mübarizəyə həsr etmisiz. 22 yaşınız olanda 3 illik həbsə məhkum olunmusuz. Cəzanızı sonadək çəkmisiz. İşgəncələr, türmə, düşərgə, universitetdən qovulmaq…  Sonunda hakimiyyətə teokratik qüvvələrin gəldiyi mübarizəyə nə qədər  qurbanlar vermisiz. İran inqilab nəticəsində öz inkişafında 100 il geriyə düşüb. Şahla mübarizəyə atılmağınıza peşmansızmı?

-  (Həmsöhbətimin üzündəki təbəssüm yarandığı kimi tez də yox olur, sonra o, uzun-uzadı köks ötürür və dalğın baxışlarını fəzaya tuşlayır. Pauza yaranır.  Həmsöhbətimə siqaret çəkməyi təklif edirəm. Ancaq o, istəmir, deyir ki, nadir halda, əsasən də dostları ilə süfrədən sonra siqaret çəkir…  Bir neçə dəqiqədən, uzun pauzadan sonra gücünü və fikirlərini cəmləyərək mənim birinci çətin sualıma cavab verməyə başlayır - E.F.) .
Həmişə bu barədə düşünürəm. Özümdən soruşuram - niyə məhz bu cür oldu?
Mən inqilabi hərəkata məhz foto incəsənətinə bağlılığıma görə gedib çıxdım. Mənim mübarizəm çəkdiyim fotolarda öz əksini tapıb. Şah İranının fotoreallığında. Mən fotolarımda ədalətsiz və bərabərsizliyi, İran cəmiyyətinin dar kəsiminin bitib-tükənməyən zənginləşməsini və əksər insanların yoxsulluğunu göstərmişəm. İran cəmiyyətindəki sosial ziddiyyət məni gəncliyimdən hiddətləndirib. Ürəyim partlayırdı. Bir tərəfdə bir ovuc milyardçı, digər tərəfdə - yoxsul xalq.
Mən həbsə 22 yaşımda düşdüm. Və 25 yaşımadək zindanlarda qaldım. Ancaq o illər mənim üçün həyat universitetləri oldu. Məsələn, bizim türmədə 4-5 min nəfər ziyalı vardı. Mən həbsdə tanınmış yazıçıları, şairləri, rejissorları, İran ziyalılarının ən yaxşı nümayəndələrini gördüm. Bizi itaətdə saxlamaq üçün yanımıza kriminal elementləri yollayır, süni münaqişələr yaradırdılar…
Təsəvvür edin, 22 yaşlı azərbaycanlı Anar, Rüstəm İbrahimbəyov, Fərhad Bədəlbəyli ilə eyni türmə kamerasına düşür. Bu ki ən yaxşı universitetdir. Onlardan çox şeylər öyrəndim. Hamı inqilabın qələbəsinə inanırdı. Hamı inanırdı ki, demokratiya gələcək və iranlılar siyasi azadlıqlar əldə edəcək. O vaxt buna səmimi şəkildə inanırdıq…
-  İran cəmiyyətinin bütün problemlərinin arasında məhz sosial aspektə toxundunuz. Bir təbəqənin varlanmasına qəzəbləndiyinizi qeyd etdiniz. Siz Solçu idiniz? Sosialistdiniz? Marksist-leninçi “Tudə”nin tərəfdarıydınız?
-  Yox, mən heç bir partiyaya qoşulmadım. Ümumiyyətlə, partiya və siyasi ideologiyalardan kənardaydım. Ancaq o vaxt etirazçı, müxalif qüvvələrin şərti olaraq iki hissəyə bölünməsi baş verdi. Hakimiyyətə qarşı çıxan dindarları dini fundemantalist kimi damğaladılar. Kübar müxalifətçilərə isə Sovetyönümlü Sol elementlər yarlığı yapışdırdılar.

Tutaq ki, kimsə namaz qılmır, ancaq şaha qarşı çıxır. Dərhal onu Sol hərəkatın cərgəsinə qoşurdular. Yaxud hansısa mömin müsəlman hökumətin ünvanına tənqid söyləyirsə, hakimiyyətin nəzərində dini müxalifətçilərlə bir cərgəyə qoyulurdu.
Mən isə azadlıq, bərabərlik və ədalət dəyərlərinə inanırdım. Əgər bunlara Sol ideyalar xidmət edirsə, onda mən də Solçu olmuşam (Gülür).  Şah dövründə İranın müxtəlif əyalətlərinə gedir və sadə iranlıların həyatını fotolara köçürürdüm. Məşğələlərdən sonra isə  həmin fotoları Tehran küçələrində divarlara yapışdırırdım. Uzun müddət məndən heç kəs şübhələnmədi. Hamı sual verirdi: Bu cəsur kimdir? (Gülür) Axı şah İranında azad mətbuat yox idi. Bütün telekanallar və qəzetlər hakimiyyətin əlində cəmlənmişdi. Tehran sakinləri toplaşır və mənim əyalətdəki real həyatı əks etdirən fotolarıma böyük maraqla baxırdı. Tehrandakı insanlar əyalətlərdə hökm sürən yoxsulluqdan xəbərsizdilər. O vaxt foto incəsənəti yadfikirlilərin əsas mübarizə silahına çevrilmişdi. Mən sadə iranlıları sadəcə çəkir və göstərir, bununla da tehranlıları təəccübləndirirdim.
- Bəs fotolenti harada yuyurduz?
- Öz evimdə. Mənim mini-laboratoriyam vardı. Hətta doğmalarım - valideynlərim, bacılarım və qardaşlarım belə onun mövcudluğundan xəbərsizdi. Gecə evdən çıxır, fotoları mərkəzi küçələrdəki binaların divarlarına yapışdırırdım. Və fotoların üstündə təxminən bu cür bilgilər yazırdım: “Ərdəbildə insanlar yoxsulluqdan əzab çəkir”.  Yaxud, “Baxın, həmvətənlərimi Marağada necə gündəlik ruziyə möhtacdır”. Bizim indiki informasiya və innovasiyalar inqilabi əsrimizdə çoxlarına bu, təsəvvüredilməz görünə bilər.  Ancaq yazılı və ya şüarlı bircə foto da minlərlə insanın narazılığına və etirazına yol açmaq gücündədir. Bu, çox güclü ideoloji və təbliğat silahıdır. Səhər tezdən mənim fotoqrafiyalarımın qarşısında insan kütləsi toplaşırdı. Mən kütləyə yaxınlaşır, müzakirələri, rəyləri və hiddəti dinləyirdim. Bu fəaliyyətlə bir neçə il məşğul oldum. Xüsusi xidmətlər həbsimə qədər inanmırdılar ki, tək bir adam Tehran küçələrində bu cür iş görə bilər. Məni 5 ay ərzində hər gün işgəncələrə məruz qoydular. Dəhşətli işgəncələr idi…
- Kim işgəncə verirdi? SAVAK-ın (Pəhləvi dövründə Dövlət Təhlükəsizliyi Nazirliyi) əməkdaşları?
-  Başqa kim olacaq? Əlbəttə, SAVAK. Onlar yoldaşlarımın adlarını tələb edərək, məni ən ağlasığmaz işgəncələrə məruz qoydular. Bəzən Tanrıdan ölüm arzulayırdım. Dözülməz işgəncələr idi! Kimin adını çəkə bilərdim ki? Bütün işləri təkbaşına etmişdim. Ancaq onlar inanmırdılar, mənə elektrik cərəyanı ilə işgəncə verir, xüsusilə alətlə ayaqlarımın altına vururdular. Ayaqlarımın altı, dərim parçalanır, qan axır, işgəncədən sonra həftələrlə ayaq üstə dura bilmirdim. Uzun illər sidiyimdən qan gəlirdi…

Onlar güman edirdi ki, mən xaricdən idarə olunan hansısa gizli təşkilatın üzvüyəm. Cavab olaraq bunun yalan olduğunu, heç bir təşkilatın olmadığını və hər şeyi təkbaşına etdiyimi söyləyirdim. Ancaq mənə inanmır, işgəncəyə və döyməyə davam edirdilər. Yalnız 5 aydan sonra məndən əl çəkdilər, çünki anladılar - ən möhkəm əzabkeş də dözməyib həqiqəti söyləyərdi.
- Bəs sizi kim satmışdı? Kim xüsusi xidmətləri xəbərdar etmişdi? Onlar sizi necə tapa bilmişdi?
- İnanmayacaqsız, heç kəs satmamışdı!  Mən həbsimdən 3 il əvvəl Təbrizdə təcrübə keçirdim. Orada bir qrup tələbəylə yaxınlaşdım. Tez-tez ölkədəki böhranlı vəziyyəti müzakirə edirdik, yekdilliklə mövcud quruluşun dəyişdirilməsinin zəruriliyi qənaətində idik. Sonra Tehrana döndüm. Başqa işlə bağlı həmin tələbələrdən birini həbs etdilər. Siyasi motivlərlə həbs olunanların hamısını işgəncələrə məruz qoyurdular. Və həmin tələbə işgəncə zamanı onun yanında hökuməti tənqid etmiş bütün adamların adlarını çəkir. Uzun siyahıda mənim adım da vardı. Məni nəzarətə götürür və izləməyə başlayırlar.
- Bəs onu niyə həbs etmişdilər?
- Şah İranında insanı kitabxanasında Karl Marksın əsərlərinin olmağına görə həbs edə bilərdilər…
Beləliklə, SAVAK məni izləməyə başlayır. Və necəsə müəyyənləşdirir ki, Tehranda sakitliyi pozan elə mənəm.
İndi isə əsas suala qayıdıram, həyatımın yeganə sualı üzərində uzun müddət baş sındırmışam: niyə İran inqilabı məğlubiyyətlə bitdi və biz demokratiya, siyasi azadlıqlar əldə edə bilmədik? Britaniyalılar deyir ki, İran dövlət fəlsəfəsinin müasir anlamında “ilk dövlət”dir. Və bu qədim dövlətin 2500 illik tarixi var. Özünün böyük tarixi boyu İran dövlətçiliyi iki əsas sütunun üzərində dayanıb - monarxik (inzibati-amirlik) və dini-ruhani institutların. Üstəlik dini-ruhani institutun vəzifəsi monarxik hakimiyyətin mütləqləşdirilməsi ideyasının təbliğindən ibarətdir. İran inqilabı yalnız sadəcə şahı devirmədi, ənənəvi dövlətin fəaliyyəti modelini və bu iki institutun qarşılıqlı təsiri sistemini dəyişdi. Yəni, hansısa anda iki institutun maraqlarının toqquşması baş verdi. Şah dini institutun hakimiyyətini də qəsb etmək istəyir və buna çalışırdı, öz maraqlarının məhdudlaşmasını görən ruhanilər isə müqaviləyə getməyən monarxı aşırmaq qərarına gəldi. Təəssüf, inqilab monarxik İranın ənənəvi dövlət quruluşunu tamamilə dağıda bilmədi. Bir sütun getdi, ikincisi qaldı. Nəinki qaldı, həm də inzibati-amirlik sisteminin bütün institutunu uddu. Nəticədə molla hegemonluğu formalaşdı. Elə o da monarxik idarəçilik formasıdır. Sadəcə sistemin başında şah yox, şah-molla dayanır. Məscidin inzibati hakimiyyətlə qovuşması baş verdi.
- İkinci Vatikan yarandı. Şiə Vatikanı…
- Təəssüf. Hər gün özümə eyni sualı verirəm:  biz nəyin əleyhinə mübarizə aparır və türmələrə düşürdük? Korrupsiyanın? O, çiçəklənir. İstibdadın? O, yaşayır. Yalanın və sinizmin? Sinizim hazırki rejimin dövlət ideologiyasına çevrilib.
Ancaq, məncə, ruhanilərin mütləqləşdirilmiş hakimiyyətinə çevrilən monarxik quruluş özünü tükədib. Çox tezliklə 1970-lərin sonunda yarımçıq qalmış xalq hakimiyyəti (demokratiya) və siyasi azadlıqlar uğrunda mübarizə prosesi yenidən başlayacaq.
- Həqiqətən, o proses niyə yarımçıq qaldı? Niyə siz ikinci sütunun yıxılması prosesini bitirə bilmədiz? “Siz” dedikdə, inqilabi nəsli nəzərdə tuturam…
-  Ruhanilər onilliklər boyunca şah hakimiyyətini devirməyə çalışdı. Yüzilliklər ərzində şiələr mütəşəkkül və şaxələnmiş mübarizəni öyrəndilər. Şiəlik -  Şərqdə ən mükəmməl, ən şaxəli şəbəkədir. İnkişaf etmiş və iyerarxik sistemin avtoriteti üzərində qurulmuş şəbəkə. Ona görə də, ziyalılar və Solçular, yəni sizin inqilabi qüvvə adlandırdığınız cəmiyyətin maariflənmiş kəsimi mübarizədə həmin mükəmməl şəbəkəyə uduzdu. Bizim onlardakı kimi təşkilat imkanları və strukturlarımız yox idi. Hər məscid bir hücrəydi. Məscidin imamı isə - dəstənin başçısı. Yəni, bu, mütəşəkkil və yekdil bir gücdü.
Şiə fanatikləri tərəfindən ötən əsrin ortalarında qətlə yetirilmiş intellektual və islahatçı Əhməd Kəsrəvi -İranın Mirzə Ələkbər Sabiri özünün məşhur çıxışında demişdi ki, mollalar həqiqi simalarını göstərəndə İran xalqı bu qüsurlu ruhanilərdən yaxasını qurtaracaq. Onlar əsl simalarını yalnız tam hakimiyyətə sahib olandan sonra göstərdilər…
Birinci sualınıza qayıdıram. Şaha qarşı savaşmağımda peşmanammı? Düzdür, azadlıq və plüralizm yox idi, bizi təqib edir və türmələrə salırdılar, ancaq ruhanilərin hakimiyyətində olan vakxanaliya da yox idi.
- Yəni, şahın dövründə daha yaxşı idi?
- Əlbəttə. Hətta müqayisə olunmaz dərəcədə. Ağ və qara kimi. Şahın əsas səhvi nədə idi?
- Nədə idi?
-  Ziyalıları özünün ətrafında birləşdirmək və mütərrəqqi qüvvələrin dəstəyini qazanmaq əvəzinə, şah türmələri doldurmağa başladı. Bununla da böyük sosial dayaqdan məhrum oldu.
- Sonralar mühacirətdə Pəhləvi evinin nümayəndələri ilə heç görüşmüsüzmü? Şahbanu Fərəhlə və ya şahın oğlu ilə?
- Qəbullarda təsadüfən rastlaşmışıq. Ancaq mən onlara yaxınlaşmamışam. Ünsiyyətimiz olmayıb.
- Niyə? Məgər onların etiraflarını dinləmək sizə maraqlı deyil?
- Yox. Nəyimə lazım? Onlar mənim haqqımda bilirlər. Başıma gətirilənlərdən xəbərləri var. Onlara nə deyəcəm? Niyə bütün ölkəni həbs etmişdiniz?
- Mən 1999-cu ildə Təbrizdə Səttarxanın nəvəsini tapdım. O, həkim işləyir. Bilirsiz qəribəsi nədir? Cənubi Azərbaycanın muxtariyyəti uğrunda mübarizənin banisinin nəvəsi milli özünüdərkdən və milli şüurdan tamamilə uzaqdır. Mənə dedi ki, onun Vətəni bütöv və bölünməz İrandır.
(Ardı var)скачать dle 12.1