Bakı ilə bağlı iki plan – paytaxt köçürülsün, yoxsa…

Son zamanlar bir çox ekspertlər paytaxtın başqa şəhərə köçürülməsini təklif edirlər. Bu, ictimaiyyətdə müzakirələrə səbəb olub. Deyirlər ki, Bakı köçürülməsin, əksinə, Bakıya gələnlər regionlara köçürülsün. Paytaxtı yükdən azad etməyin, tıxacları nisbətən aradan qaldırmağın yolu isə bölgələrdə iş yerləri açıb, şəhərə axının qarşını almaq və kəndə (rayona) qayıdışı təmin etməkdir.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanovun sözlərinə görə, bunun üçün artıq gecdir.
O deyib ki, ekoloji, gigiyenik, təhlükəsizlik qaydaları gözlənilmədən, sıxlıq nəzərə alınmadan yanlışlıqlara yol verildi:
“Burada xüsusi ehtiras hökm sürürdü. İndi qayda və normalar nəzərə alınsa da, artıq gecdir. Amma bəzi hallarda normalar yenə də pozulur. Məsələn, 12 mərtəbəyə icazə verilən tikintilər hərdən nəyinsə müqabilində 17 mərtəbəyə qədər qaldırılır. Bu məsələ yenə də həll olunmur. Nə yol, nə mədəniyyət, nə təhsil infrastrukturu və ya başqa sahələrin heç biri tələbata cavab vermir. Çünki sıxlıq həddindən artıq çoxdur. Bakı heç bir yükü daşıya bilmir. Mənzil tikintisində qazanc olduğu üçün heç kim gedib məktəb, mədəniyyət evi, şahmat klubu və s. inşa etmir. Burada sərvət ehtirasından başqa heç nə yoxdur, heç bir normalar gözlənilmir”.
Elçin Qurbanov
İqtisadçının fikrincə, problemlər qismən aradan qaldırıla bilər:
“Problem tam aradan qaldırıla bilməz. Əgər ali təhsil müəssisələrinin bir qismini paytaxtdan çıxarsaq, Bakıda yaşayanlar yenə də nəqliyyatdan istifadə edəcəklər. Buna görə də, sıxlığı aradan qaldıra bilməyəcəyik. Amma heç olmasa bu gün bina tikintisini dayandırmaq lazımdır. Tikinti tamamilə dayanmalıdır. Hətta bəzi tikililər müəyyən kompensasiya qarşılığında sökülməlidir. Bakı çox çirklənib, yaşayış normalarına cavab vermir. Paytaxtın köçürülməsi yaxşı fikirdir. Lakin bu da məsələnin tam həlli demək deyil. Paytaxtın dəyişməsi ilə bağlı referendum keçirilməli, müvafiq qanun qəbul edilməli və konstitusiyaya dəyişiklik olunmalıdır”.
E.Qurbanov regionlara yatırım barəsində də danışıb:
“Dövlət başçısı ölkəmizdə investisiya iqliminin yaxşılaşdırılması, investorların dəvət olunması, bu sahəyə bilavasitə ciddi mənfi təsir göstərən korrupsiya, haqsız rəqabət problemlərinin həlli, məhkəmə hüquq sisteminin azad və ədalətli təşkili barədə çoxsaylı tapşırıqlar versə də, problemlər hələ də öz həllini lazımi səviyyədə tapa bilməyib. Vəzifəli şəxslər adətən görüntü xarakteri daşıyan nəticələrə köklənən fəaliyyətlə məşğul olurlar. Bəzi hallarda vergi məsələləri də mənfi təsir göstərə bilir. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, regionlarda məşğulluqla bağlı problemin həlli çox ciddi təhlil olunmalıdır. Araşdırmalardan, regionların ayrı-ayrılıqda təbii imkanlarının öyrənilməklə, müvafiq iqtisadi yol xəritəsinin müəyyən edilməsindən investorların real vəziyyət barədə yetərli məlumat əldə etmək imkanları təmin olunmalıdır. Bütün bunlarla yanaşı müəyyən vergi güzəştləri və aministiyalar tətbiq olunmalıdır”.