Bia.Az

Azərbaycanda yalnız bu çörək növünü yemək olarmış – Texnoloq açıqladı

Sosial
 18-09-2024, 00:57     344

Globalinfo.az çörək texnoloqu Aşur Aşurbəyli ilə müsahibəni təqdim edir: 

– Əsrlərdir çörək yeyilib, amma bu gün yeyilməz elan olunur. Hətta bir çox mütəxəssislər çörəkdən imtina edilməsi üçün çağırışlar edirlər. Doğrudanmı çörəkdən imtina olunmalıdır?
– Ümumiyyətlə, tərkibində kimyəvi maddə olan çörəklərin, qidaların hər birindən imtina olunmalıdır.
– Bir çoxları qara çörəyin daha faydalı olduğunu düşünür. Hətta dietoloqlar məhz bu çörəyi məsləhət görürlər. Bəzi həkimlər də deyirlər ki, indiki çörəklər mədədə qıcqırmaya səbəb olur. Bəs, qara çörək nə dərəcədə faydalıdır?
– Çörəklərin insan sağlamlığı üçün problem yaratmasının səbəblərindən biri budur ki, onların tərkibində kimyəvi maddələr olur. Məsələn, əgər qara çörək birinci növ çovdar unundan istifadə olunaraq bişirilibsə, onun mədədə qıcqırma yaratması, ağırlıq etməsi mümkün deyil. Elə adam var ki, qlutenə qarşı allergiya və ya başqa reaksiyaları olur. Belə adamlar qlutensiz çörəklərdən istifadə etməlidirlər. Əgər insan tam sağlamdırsa, istənilən sağlam tərkibli çörəkdən istifadə etsə, heç bir problem yaranmaz.
– Bəs, sağlam çörək hansı qaydada hazırlanmalıdır?
– Çörək təmiz acıtma ilə hazırlanmalıdır. Məsələn, çörəyi maya ilə hazırlamaq olmaz. Kimyəvi maddələr qatılan un növündən istifadə edilməməlidir.

Aşur Aşurbəyli
– Necə bilmək olar ki, seçdiyimiz un faydalıdır, ya əksinə, ziyanlıdır? 
– Azərbaycanda kifayət qədər un növü var. Lakin yaxşı olar ki, tam buğda unu seçilsin. O undan alınan çörəklər tamam fərqli dadda, fərqli keyfiyyətdə olur.
– Bu gün çox adam düşünür ki, lavaş çörəkdən daha faydalıdır.
– Lavaş ən çox istifadə olunan qida vasitələrindən biridir. Sadəcə, yaxşı həzm olunduğu üçün insanlar ona daha çox üstünlük verirlər. Əsas odur ki, çörəklər üzərində qeyd edildiyi kimi, sağlam və təbii olsun. Ölkədə şirniyyat evləri çoxdur. Amma təəssüf ki, satdıqları çörəklər müştəriyə təqdim olunduğu kimi sağlam deyil. Daxildə prosedur başqadır, müştərilər üçün qeyd başqa.
– Az qala hər kəsin səhər bəh-bəhlə istifadə etdiyi təndir çörəyi haqda danışaq. Bu çörəyin xeyiri və ziyanı nələrdir?
– Əgər təndir çörəyi acıtma ilə hazırlanırsa, çox gözəl çörəkdir. Hətta çox rahat həzm olur. Lakin acıtma deyil, yaş mayadan istifadə olunaraq hazırlanırsa, istənilən sağlam mədəni qısa müddət ərzində sıradan çıxarır.
– Bu gün marketlərdə müxtəlif növ çörək var. Siz mütəxəssis olaraq onlardan hansını almağı məsləhət görürsünüz?
– Mən “Entree”nin çörəklərini hazırlayıram və keyfiyyətinə tam zəmanət verirəm. Marketlərdə olan çörəklər arasında isə yalnız bir çörəyi məsləhət görürəm – “İvanovka”, “İvanovka” və yenə də “İvanovka. Oranın çörəkləri tam sağlamdır. Buna əminəm. Digər çörəklərin isə hamısının tərkibində külli miqdarda yaş maya var. O çörəklərə fikir verin, bir gündən artıq qalan kimi, içi ovulur. İvanovka çörəkləri isə çovdar unundan hazırlanır.

– Çövdar unu bu dərəcədə xeyirlidir?
– Bizim yaşadığımız İmişli rayonu Cəfərli kəndində qonşuda Qızbəs nənə var idi. Allah ona rəhmət eləsin. Mənim təmiz çovdar unundan hazırladığım çörək, onun bişirdiyi çörəyin dadını xatırladır. İnanın ki, keyfiyyət elə o un növündədir.
– Son olaraq, alıcılara məsləhətiniz.
– Məsləhət edirəm ki, sağlamlıqlarının qeydinə qalsınlar. Ola bilər ki, bir çörək adi çörəklərdən baha olar, amma sağlamlığlarını düşünüb, təmiz və kimyəvi maddəsiz məhsul əldə etsinlər. Bir çörək alıb, bir neçə gün sağlam şəkildə qidalanmaq daha tövsiyə olunandır.
Zaira Akifqızı
Globalinfo.azскачать dle 12.1