Azərbaycanda həyəcan təbili: - Ailələrdə uşaqların sayı azalır
Sentyabrın 16-da ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayıb.
Belə ki, 2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.
Qeyd edək ki, son 7 ildə Azərbaycanda I sinfə başlayan şagirdlərin sayında ciddi azalma müşahidə olunur. 2017-2018-ci tədris ilində 164 523 uşaq I sinfə qəbul olunmuşdusa, 2024-2025-ci tədris ilində bu rəqəm 132 261 nəfərə qədər azalıb. Bu isə 32 262 nəfərlik fərq deməkdir, yəni 7 il ərzində təxminən 20 % azalma baş verib.
Maraqlıdır, 10 ildən sonra Azərbaycanda demoqrafik vəziyyətlə bağlı vəziyyət necə olacaq?
Məsələ ilə bağlı sosioloq Lalə Mehralı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, ötən illərdən bu qədər azalmanın müşahidə ediləcəyi bəlli idi:
"Çünki statistika əvvəlki illərdə də azalan templə qeydə alınıb, cüzi artım belə görülməyib. Selektiv abortların yaratdığı fəsadlar indi özünü daha yaxşı göstərir.
Qız uşaqlarının sayı ciddi mənada azalıb, doğum nisbəti olduqca aşağı düşüb. Qeyd edim ki, nikah sayının az olması da bununla bağlıdır.
Əvvəl 2-3 uşaq istəyən ailələr vardı, indi isə ailələr 1 uşaqla belə kifayətlənirlər. Elə ailələr var ki, uşaq dünyaya gətirməyi istəmirlər. Necə deyərlər, hər il bir-birindən çətin gəlir.
İnsanlar sosial problemlərin məngənəsində sıxıldığına görə, nəsil artırmaq barədə düşünmürlər. İnsanlar düşünürlər ki, dünyaya gələn uşaqların təminatlı həyatını reallaşdıra bilmə imkanları yoxdursa, ən yaxşı hal uşaq dünyaya gətirməməkdir.
Belə davam edərsə, nəinki birinci sinifə gedənlərin sayı azalacaq, hətta peşələri icra edən mütəxəssis, vətəni qorumağa əsgər, o əsgərləri dünyaya gətirən qadın olmayacaq. Çünki biz selektiv abortla onları, gələcəyimizi öldürürük".