Bia.Az

Rusiyaya tonla, yerli vətəndaşa sayla satılan yumurta... "Mağazada məhdud satış özbaşınalıq və qanunsuzluqdur"

Sosial
 29-01-2024, 16:32     185

Toyuq məhsullarının, xüsusilə də yumurtanın qiymətinin getdikcə bahalaşdığı bir vaxtda bu məhsulların həm də Rusiyaya ixrac olunması, heç şübhəsiz, alıcılarda narazılıq yaradıb. Ancaq problem bununla yekunlaşmır. Sosial şəbəkə istifadəçilərinin bildirdiyinə görə, yumurta satışına limit qoyulub. Belə ki, artıq Zaqatalada “Oba” marketlərdə alıcılara yalnız 1 "kletka" yumurta satılır. 2-ci "kletka"nı almaq üçün növbəti gün gəlməlisən yaxud yumurta almağa 2 nəfərlə getməlisən.

Vəziyyətlə əlaqədar "Oba" Marketlər Şəbəkəsindən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, bu, marketin satış siyasətidir və əsaslı səbəbi var:

"Mağazalarımızda yumurta uyğun qiymətə satılır. Xüsusilə regionlarda, məhəlli marketlərdə bu məhsulun alınaraq, daha yuxarı qiymətlərə satılmasının, bir növ topdan satışın qarşısını almaq üçün şirkətimizin belə bir qadağası var. Beləliklə, məhsulun süni qiymət artımına məruz qalmasının önünə keçilir".

  • Mağazaların hər hansı məhsulun satışına məhdudiyyət, qadağa qoyma hüququ varmı? Əgər bu hüquq süni qiymət artımının qarşısını almaqla əlaqələndirilirsə, o zaman bu qadağa nə qədər effektiv ola bilər?
İqtisadçı-ekspert Natiq Cəfərli məsələ ilə əlaqədar Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

Natiq Cəfərli 

Natiq Cəfərli

"Bazar iqtisadiyyatı, rəqabətli mühit varsa, süni qiymət artımı anlayışı mümkün deyil. Süni qiymət artımı anlayışı yalnız rəqabətsizlik mühitində, inhisarçılıqda olur. Belə çıxır ki, Azərbaycanda artıq etiraf olunur ki, inhisarçılıq mühiti mövcuddur. Hansısa bir şəbəkə hansısa məhsulun məhdudiyyətli satışı ilə bağlı qərar verə bilməz. Əgər qərar verirsə, hansısa ciddi səbəbə əsaslanmalıdır. Əgər bu, bir marketdə baş verirsə, bəs digər marketlər şəbəkələri necə olacaq? Onlar vətəndaşa icazə verməyəcəklər, o da gedib başqa yerdən alacaq. Bu da heç vaxt effekt vermir. Tutaq ki, mənə on qutu yumurta lazımdırsa, on nəfəri özümlə aparacam və hərəsi bir qutu alacaq, bununla da məsələ həll olunacaq. Yəni belə yollarla tənzimləmə mexanizmləri yaratmaq mümkün deyil. Bunu heç sovet bacarmadı. Sovet vaxtı da məhsullar talon vasitəsilə verilirdi, ərzaq elə satılırdı. Amma piştaxta altından əlli faiz bahasına hər şey almaq mümkün idi. Ona görə də, belə yanaşmalarla qiyməti tənzimləmək mümkün deyil. Bu cür yanaşmalar sadəcə ajiotaj yaradır. Sizin də haqlı olaraq bu məsələnin üzərinə getməyiniz bir müddət sonra ciddi yayılsa, ajiotaja səbəb olacaq və bir hava yaranacaq ki, yumurtanın qiyməti qalxır. Beləliklə, hamı mağazalara üz tutub, çoxlu yumurta alacaq" -deyə, iqtisadçı-ekspert qeyd edib.
"Azad İstehlakçılar" Birliyinin sədri, qida eksperti Eyyub Hüseynov baş vermiş hadisəni market rəhbərliyinin özbaşınalığı və istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirib.
Eyyub Hüseynov
 Eyyub Hüseynov

"Marketlərdə istehlakçılarla davranış şəkli, onlara potensial oğru kimi yanaşıb, çantalarını yoxlamaq, onları əllərindən alıb saxlamaq və bu kimi digər məsələlərlə bağlı biz dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırmışıq. Həmin orqanlar da bizə cavab verib ki, onların öz ərazisidir, necə istəsələr istehlakçılarla davrana bilərlər. Çox təəssüflər olsun ki, dövlətin heç bir sənədi yoxdur ki, marketlərin istehlakçı qarşısında hansı öhdəliklərinin olduğunu qeyd etmiş olsun. Nazirlər Kabinetinin bu yöndə müvafiq qərarı olmalıdır ki, marketlərdə müştərilərlə, istehlakçılarla davranış qaydaları tənzimlənsin.
Qaldı ki, yumurtanın vətəndaşlara satışına müəyyən məhdudiyyət gətirilməsinə, bu, market sahiblərinin istehlakçılara qarşı etdiyi özbaşınalıq kimi qiymətləndirilə bilər. Çünki nə qanunvericilik buna məhdudiyyət qoyur, nə də yaşıl işıq yandırır. Qanunvericilikdə bu barədə bir məhdudiyyət yoxdur. Lakin belə bir fakt da mövcuddur ki, meyvə-tərəvəz bazarlarında, yaxud toyuq məhsulları satılan mağazalarda kənd yumurtası adı altında yumurtalar satılır. Bu yumurtalar 30 qəpik kimi baha rəqəmlərlə satışa çıxarılır. Bizim tədqiqatlar göstərir ki, istehlakçı şikayətləri və gətirilən nümunələr göstərir ki, bu yumurtalar çox zaman digər marketlərdən alınan məhsullar olur. Bu məhsullar kənd yumurtası kimi sarı olur və istehlakçılar bu görüntüyə aldanaraq, onu azad gəzən kənd toyuğunun yumurtası zənn edib alırlar. Məsələ belə də olsa, düşünürəm ki, marketlər belə qadağalar qoymalı deyillər. Mən hesab edirəm ki, bu fakt istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçının məhsul almaq və seçim etmək hüquqları var. Təəssüflər olsun ki, özü də seçkiöncəsi bir vaxtda marketlər hökumətin onlar üçün yaratdığı toxunulmazlıq, rahatlıq şəraitindən bu şəkildə sui-istifadə edirlər. Bu hal yolverilməzdir" - deyə, qida eksperti qeyd edib.скачать dle 12.1