Bia.Az

Rayonlarda qiymətlər “ceyran belindədir” – Kasıbın istirahət hüququ yoxdur

Sosial
 16-08-2023, 23:50     468

..İl ildən pis gəldiyi üçün indiki qazancımız dolanışığımıza birtəhər çatır. Ən yaxşı halda bir həftə, on gün hansısa rayona üz tutmaq imkanımız olur. Sərhədlər bağlandıqdan sonra rayonlarda kirayə evlərin qiyməti ikiqat bahalaşıb. İsmayıllıda, Şəkidə, Qubada, Qusarda sutkası 60 manatdan ucuz ev tapa bilməzsən. Qəbələdə yaxşı evlərin bir günlük kirayəsi 100-150 manatdır. Dərd odur ki, bir həftə üçün 700-1000 manat ödədiyin həmin evlərdə əl yumağa 50 qəpiklik sabun tapa bilmirsən… Restoranlarda, istirahət məkanlarında qiymətlər od tutub yanır. Bazarda meyvə-tərəvəz “su qiyməti”nə olsa da, bir ədəd pomidor və bir ədəd xiyardan hazırlanmış 200 qramlıq salatı müştərilərə 4 manata sırıyırlar. Allahın çayını 5 manata satırlar. Qəbələdə elə restoranlar var ki, bir şiş kabab üçün müştəridən 18 manat tələb edir. Varlanmaq, daha çox qazanmaq ehtirası bu adamların gözünü tutub”. Bunları Yeni Sabah” saytının baş redaktoru Seymur Verdizadə Qəbələ istirahətindən sonra qələmə alıb.

Daxili turizmdə qiymətlərin, elə ölkənin hər yerində olduğu kimi “ceyran belində” olması, zatən sirr deyil. Heç səbəb də sirr deyil, əslində. Təəccüblənmirsən. Sadəcə, təəssüflənirsən. İl boyu çalışan, işləyən insan yay mövsümündə 1 həftəlik istirahətə 11 ayda topladığı əməkhaqqını xərcləmək zorunda qalır. Buna həm təəssüflənir, həm də az da olsa, hiddətlənir insan. Yəni bizim “…Cəbiş müəllim”dəki Əbülfəzin təbirincə desək, “ildə bir dəfə istirahət etmək hüququmuz yoxdu”? Var. Hüququmuz var. Amma istirahət edə bilmirik, çünki pulumuz çatmır. Həmkarımız Seymur Verdizadə də bundan yazıb.

DİA.AZ xəbər verir ki, iqtisadçı Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında daxili turizmdə qiymət bahalığının bəlli səbəbləri olduğunu bildirdi: “Hamımız yaxşı bilirik ki, quru sərhədləri bağlı saxlandığına görə, insanlar daxili turizmə üz tutmağa məcburdur. Bu da sahibkarların əlinə fürsət verir. Qiymətləri birə-on artırırlar. Soruşursunuz, dövlət niyə nəzarət etmir? 1991-ci ildə biz seçimimizi etmişik; bazar iqtisadiyyatını seçmişik. Bazar iqtisadiyyatında qiymətləri bazar tənzimləyir, dövlət yox. Dövlət harada inhisar varsa, orada tənzimləmə apara bilər. Turizmdə isə inhisar yoxdur. Doğrudur, turizm obyektlərinin çoxu məmurlarındır.Amma inhisardan danışa bilmərik. Burada müəyyən rəqabət var. Bazar iqtisadiyyatında qiymətləri tələb-təklif müəyyən edir. Alan varsa, deməli, qiymət budur. Sahibkar qiyməti endirməyəcək. Yəni istirahət mərkəzləri, restoranlardakı qiymətləri, əslində, biz sizinlə müəyyənləşdiririk. Onlar satışa çıxarır, biz alırıq. Niyə endirim etsinlər ki?!


Ə.Həsənov qeyd etdi ki, qiymət artımı xərclərlə bağlı da deyil:
– Bəzən səhv olaraq belə düşünülür ki, vergi tutulmaları yüksəkdir, nə bilim, icarə haqqı böyükdür, xərclər çoxdur, ona görə qiymətlər bahadır. Xeyr. Bunun xərclərə heç bir dəxli yoxdur. İcarə haqqından 14 faiz vergi ödənilir. Mənfəət vergisi isə 20 faizdir. Sahibkar xərclədiyindən qat-qat artıq qazanc əldə edir. Bizim hesabımıza. Çünki biz onun diktə etdiyi qiyməti ödəməklə onunla razlaşırıq. Bu başqa məsələdir ki, aztəminatlı kəsimin istirahət etməyə maddi imkanı yoxdur. Bu sosial bərabərsizliyi dövlət aradan qaldıra bilər. Varlılardan daha çox vergi tutub, kasıblara daha artıq ödəməklə.скачать dle 12.1