Bia.Az

34 il öncənin “meydan qəhrəmanı”nın kəsilən sözü – Nemət Pənahlının qürubu

Siyasət
 22-08-2022, 14:51     254

İnternet resurslarında həbs olunmuş VİP sədri Əli Əliyevin hüquqularının müdafiəsinə həsr olunmuş bir video dolaşır. Kadrlarda toplantıda çıxış edən Nemət Pənahlı görünür.

Yaşı 35-40-dan aşağı olanlar bilməz, amma daha yaşlı adamlar, xüsusilə də xalq hərəkatının iştirakçısı olan şəxslər onu yaxşı xatırlayırlar – bu, həmin Nemətdir.
34 il öncə bu şəxs öz pafoslu, hərarətli, sıradışı çıxışları ilə Azadlıq meydanına yığışmış yüz minlərlə vətəndaşın gözündə qəhrəmana çevrilmiş, onların sevimlisi olmuşdu.
İndi o meydan, o auditoriya yoxdur. İndi o qara saqqallı, gur saçlı, gənc fəhlə Nemət də yoxdur. Onun yerini saç-saqqalı ağarmış, yaşı 60-ı yenicə adlamış, yaxud bu gün-sabah adlayacaq (1962-ci ildə doğulmuş Nemətin təvəllüdündə ay göstərilmir) N.Pənahlı var. Ancaq adamın çıxışlarındakı pafos, qışqırıq dəyişməyib. O, hələ də 34 il öncə olduğu kimi səsinə güc verə-verə, “Sehrli xalat” filmindən tanış olan, gələcəyə uçmuş xan kimi əl-qol hərəkətləri edə-edə danışır.
Bir fərq də var. 34 il öncə, soyuq noyabr günlərində Nemət Pənahlı bəzən 1 milyon adamın yığışdığı meydanda baş tribun idisə, onun sözünü o dövrün adlı-sanlı yazıçı-şairləri, akademikləri kəsə bilmirdisə, əksinə, hamıya sözü o verirdisə, indi 30-40 nəfərin toplaşdığı auditoriyada onun sözünü son bir neçə ildə ortaya çıxmış siyasət adamları kəsir, ondan ad çəkməyi, ünvan göstərməyi tələb edirlər. Və 34 il əvvəlin “meydan qəhrəmanı”, “azadlıq aşiqi” bu tələbə boyun əyərək ad çəkir, bəzi məqamlarda məsuliyyət hissini itirərək özünü zərbə altında qoyur.
Haradan haraya? İmperiya mərkəzinə, Kremlə, SSRİ rəhbəri Qorbaçova meydan oxuyan Nemət indi kiçik bir toplantının rəyasətində oturmuş sabiq müstəntiqin təhnizini dinləyir. Halbuki Nemət Nemət olanda bu şəxs atasının əlindən tutub meydana getmiş, “ata, o əmi niyə qışqırır” deyə soruşmuş ola bilər. İndi o, Nemətə nəyi necə deyəcəyini diktə edir.
66.JPG (44 KB)
Bu, zamanın gərdişi ilə şəxsiyyətin deqradasiyaya uğraması deyil, hər kəsin əsl mahiyyətinin yavaş-yavaş üzə çıxmasıdır. 34 il öncə irəli çıxmaq, azad sözə qulaq asmaq istəyən xalqın sevimlisi olmaq üçün tələb olunan cəsarət çoxlarından öncə, lazım olan yerdə və zamanda Nemətdə tapılmışdısa, bu gün o cəsarətlə bir addım da olsun qabağa çıxmaq mümkün deyil. İndiki natiqlərdə “od-alov püskürmə”, “bağırtı-çığırtı” yox, soyuq mühakimələr yürütmə, tutarlı arqumentlərlə çıxış etmə, reallığı düzgün qiymətləndirmə bacarığı tələb olunur. Bu isə tanıdığımız Nemətdə yoxdur.
O, 1988-ci ilin noyabrında qalıb. 1990-cı ilin yanvarından sonra xalq arasındakı nüfuzunu, kütlə üzərindəki hakimiyyətini itirən Nemət o vaxtdan bəri özünü axtarır, keçmiş şöhrətini bərpa etmək istəyir, amma mümkün olmur ki, olmur. 1993-cü ilin iyun ayında baş verən hərbi qiyamda qiyamçı polkovnik Surət Hüseynovun yanında dayanan, qanuni prezidentin devrilməsinə öz “töhfəsini verən” Nemətin daha bir damğası da var. O, siyasi arenada “müşavirin müşaviri” statusu ilə tanınır. N.Pənahlı 1993-cü ildə prezidentin müşavirlərindən birinin müşaviri olmuş, 1995-ci ilin payızında parlamentdə daha çox mandat tələb edərək, bu arzusuna çatmadıqda istefa vermiş, mətbuada seçkilərlə bağlı qalmaqal yaratmışdı.
O vaxtdan bəridir ki, N.Pənahlı müxalifətdədir, gah radikallaşır, gah mülayimləşir, bəzən bizneslə məşğul olduğunu bəyan edir, bəzən yenidən siyasi səhnəyə qayıtdığını bildirir. İllər keçir, amma onun siyasi üslubu, özünəvurğunluğu, keçmiş şöhrətinin əsiri olaraq qalması faktı köhnəlmir, sadəcə, bəzi fikirləri və yaxınlaşdığı siyasət adamlarının səfi tez-tez dəyişir. Nemətin dünən dost-müttəfiq olduğu adamı qısa müddətdən sonra söyüb-yamanladığı, xəyanətdə suçladığı hallar çox olub və olur. Fəqət etibarını çoxdan itirmiş bu şəxsi hələ də hansısa toplantılara dəvət edir, söz verib, danışdırır, sonra da sözünü kəsir, ritorikasına düzəliş etməsini tələb edir və naqolay duruma salırlar.
Çox adam onun 20 Yanvar qırğınının ilk ildönümlərindən birində dediyi “Gərək Primakovu, Girenkonu girov götürəydim” sözlərindən sonra bu şəxsi qətiyyən ciddiyə almır, hər söz düşəndə “avantürist biri” adlandırırlar. Bir tərəfdən adam xəcalət çəkir ki, bir zamanlar bunun sözü ilə yüz minlərlə adam meydanda oturub-durub (həm də sözün birbaşa mənasında). Bir tərəfdən də sevinirsən ki, nə yaxşı bu xasiyyətdə olan adam dövlətdə uzun müddət böyük vəzifə tutmayıb və ağıl-kamalına bələd olduqdan sonra onu qapı dalında qoyublar.
Adam 60 yaşında da müdrikləşmədisə, sanballı olmadısa, sözünün, danışığının irəlisini, gerisini bilmədisə, daha ondan heç nə olmaz. Barı sussa, keçmiş şöhrətinin şirin xatirələrini yavanlıq eləsə, bəlkə özünə daha faydalı olar.

Kamal Göytəpəli,
Musavat.comскачать dle 12.1