Bia.Az

İranın Azərbaycandakı "görünməyən qonaqları" – Nazirlik niyə tədbir görmür?

Siyasət
 17-08-2022, 10:59     221

Cənub bölgəsinə səfər edənlər bu rayonlarda Azərbaycan radio dalğalarının itməsindən şikayətçidirlər. Onlar xüsusən də Salyan rayonunu keçdikdən İranın radio dalğalarının araya girməsindən narazılıq edirlər. Qərb bölgəsində də eyni vəziyyətin mövcud olduğu bildirilir. Sadəcə, burada Azərbaycan radiodalğaların yerini erməni və gürcü radioları tutur. Azərbaycanın iki kosmik peyki olsa da, bölgələrdə əhali bu problemlərlə üzləşir. Bəs, informasiya təhlükəsizliyi məsələsinin aktual olduğu bir vaxtda bu problem nədən qaynaqlanır? Bunun qarşısını necə almaq olar?

BİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli Bakupost.az-a açıqlama verib.

Qeyd edib ki, digər ölkələrin radio və televiziya dalğalarının ərazimizə daxil olması yeni hadisə deyil:
“Azərbaycanın qonşu dövlətlərlə, xüsusən İranla sərhəd rayonlarında televiziya, radio dalğalarının pozulması barədə 20-30 ildir danışırıq. Beynəlxalq təcrübəyə görə, hər dövlət özünün informasiya təhlükəsizliyini qoruyur. Bu təhlükəsizlik tədbirlərinə həm də arzu olunmayan radio-televiziya dalğalarının qarşısının alınmasıdır. Hər bir dövlət bunun qarşısını özünəməxsus şəkildə alır. Məsələn, bizimlə qonşu olan İran Azərbaycandan və digər yerlərdən gələn radio dalğaların qarşısını almaq üçün sərhəd boyu 20-yə yaxın nöqtədə xüsusi qurğular quraşdırıb. Azərbaycanın ola bilər ki, maddi, yaxud texniki cəhətdən belə imkanları olmasın. Amma bunun qarşılığında biz ötürücü dalğalarımızı cənub, şimal, qərb zonasında gücləndirilməliyik. Bu məsələ ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məşğul olur. Onlar bu sahədə müəyyən addımlar atırlar. Amma görünür ki, atılan addımlar kifayət qədər deyil”.
Qulu Məhərrəmli bildirib ki, Azərbaycan informasiya təhlükəsizliyini qorumaq üçün təcili tədbirlər görməlidir:
“Vaxtilə İranın "Səhər" televiziyası Azərbaycanın əleyhinə saysız-hesabsız saxta, qızışdırıcı, təxribat xarakterli məlumatlar verirdi. Təəssüf ki, İran tərəfdən bu proseslər yenə də davam edir. Ona görə də bizim qarşısımızda bunun qarşısını almaq vəzifəsi dayanır. Bu məsələ parlamentdə də bir neçə dəfə qaldırılıb. Hazırda da məsələnin üzərinə gedilir. Azərbaycan öz informasiya təhlükəsizliyini qorumaq üçün birinci növbədə televiziya kanallarının bütün ölkə ərazisinə yayılmasını təmin etməlidir. "İctimai Televiziya" haqqında Qanuna görə televiziya və radio verilişləri ölkənin bütün ərazisində yayımlanmaldır. Ancaq nə dərəcədə yayımlanır, bu, sual altındadır. Cənuba gedəndə Salyandan sonra dalğalar pozulur, dəyişilir, eləcə də Qərb istiqamətinə gedəndə Gəncədən sonra dalğalar dəyişir. Ona görə də bununla bağlı sabit bir sistem hazırlanmaldır. İndiki rəqəmsal texnologiya buna imkan verir. Bu imkandan istifadə edib lazımı işləri görmək lazımdır”.
Dia.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin regionlarda radio dalğaların itməsi, qonşu ölkələrin radiodalğalarının əraziyə daxil olması ilə bağlı məsələyə aydınlıq gətirib. O, Bakupost.az –a açıqlamasında deyib:
“Digər tezlik zolaqları kimi, televiziya və FM radio diapazonu da tərəfimizdən daimi olaraq nəzarətdə saxlanılır. Televiziya və FM radio yayımları Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) qeydiyyata düşmüş texniki parametrlər əsasında hər bir ölkə ərazisində müvafiq yayım ötürücüləri ilə yayımlana və relyefdən asılı olaraq qonşu ölkələrin müəyyən ərazilərində qəbul edilə bilər. Belə hallar bütün dövlətlərin sərhədyanı bölgələrində mövcuddur. O cümlədən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən televiziya və FM radio proqramlarının yayımları da qonşu ölkələrin ərazilərində normal qəbul edilir. Bu kimi hallar BTİ-nin tövsiyəsinə əsasən tənzimlənir, sərhədyanı ölkələrlə koordinasiya protokolları imzalanır və yeni texnologiyaların tətbiq edilməsi üzrə işlər aparılır”.
Nazir müşaviri belə halların ölkə ərazisindəki yayımın keyfiyyətinə təsir etmədiyini bildirib:
“Qonşu televiziya və radio proqramlarının ölkəmizin ərazisində nüfuz etməsi, o demək deyil ki, yerli radio-TV kanallarının yayım keyfiyyəti aşağıdır. Bununla bağlı bildiririk ki, mövcud infrastruktur və texniki parametrlər çərçivəsində yerli radio-TV proqramlarının yayımlanması normal davam edir”.
R. Bayramov əlavə edib ki, kənar yayımların qarşısını almaq üçün müvafiq işlər aparılır:
“Kənar yayımların Azərbaycan ərazisinə nüfuz dairəsinin minimuma endirilməsi və yerli yayımlara maneə təsiri yaratmaması istiqamətində bütün qonşu dövlətlərin rabitə administrasiyaları ilə müvafiq işlər aparılır. 18 – 23 iyul 2022-ci il tarixində Gürcüstan tərəfinin müvafiq qurumu ilə iki ölkə sərhədlərində aparılmış radio monitorinq işlərinin nəticələri müzakirə edilib və radio-TV kanalların koordinasiyası üzrə Gəncə şəhərində görüş keçirilib. Eyni zamanda qeyd olunan məsələlərin müzakirəsi üçün cari ilin sentyabr ayında İran İslam Respublikasının rabitə administrasiyası ilə görüşün keçirilməsi planlaşdırılır. Digər qonşu ölkələrlə də analoji proses həyata keçirilir”.
скачать dle 12.1