Bia.Az

QƏRBƏ QARŞI PUTİN-PAŞİNYAN DUETİ?! – Moskva görüşü Rusiyaya təsəlli, Ermənistana zərbə oldu

Siyasət
 21-04-2022, 13:25     201

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri davam edir. Görüşün əsas hissəsi aprelin 19-da günün ikinci yarısında Kreml rəhbəri Vladimir Putinin Novo-Oqoryovodakı iqamətgahında keçirilib. Bir gün sonra isə Paşinyan Rusiyanın Baş naziri, parlament sədri və Mərkəzi Bankının rəhbəri ilə görüşüb, daha sonra Nijni Novqorod şəhərinə gedib.

Putin-Paşinyan görüşündə səslənən bəyanatlara keçməzdən əvvəl bu səfərin Moskva və İrəvan üçün daşıdığı əhəmiyyət haqqında:
Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinə görə qlobal sanksiyalarla üzləşən Kreml postovet məkanında Qərbin fəallaşmasından ciddi narahatlıq keçirir. Xüsusən ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda münaqişələrin həlli təşəbbüslərini öz maraqlarına təhdid sayır. Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən ikinci Əliyev-Paşinyan görüşü məhsuldar olmuşdu. Münaqişə tərəfləri sərhədləri dəqiqləşdirəcək birgə komissiya yaratmaq, sülh müqaviləsi üzərində işləmək, regionda eskalasiya təhlükəsini azaltmaq öhdəlikləri götürmüşdülər. Paşinyan Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul edib, İrəvana qayıtdıqdan sonra parlament tribunasından Qərbin Qarabağın statusuna dair gözləntiləri aşağı salmaq tövsiyəsini elan etmişdi. Baş nazir və onun təmsil etdiyi siyasi qüvvə də münaqişənin həlli ilə bağlı Qərbin dəstəklədiyi ideyaları müsbət qarşılayır. Amma Rusiya və onun Ermənistanda bəslədiyi keçmiş siyasi elita qəti şəkildə buna qarşı çıxır.
Rusiya da Qərbin bu təşəbbüslərini təhlükəli sayır və Paşinyanı Moskvaya dəvət edib "izahat aparmaqla" onu sözügedən prosesdən çəkindirməyə çalışır.
İrəvanın maraqlarına gəldikdə, Rusiya faktoru Ermənistanda kifayət qədər təsiredici gücdür. Ölkə iqtisadiyyatının əhmiyyətli hissəsi rus şirkətlərinin nəzarətindədir, habelə müxalifət, onun media şəbəkəsi, üstəlik, Qarabağdakı separatçılar bilavasitə Rusiyadan idarə olunur və Paşinyan hakimiyyətinə qarşı ciddi təzyiq alətləridir. Rəsmi İrəvan prinsipial məsələlərdə Moskvanın maraqlarını gözardı edə bilməz, onu ya balanslaşdırmalı, ya da qaneedici səviyyədə nəzərə almalıdır. Hazırkı şəraitdə Paşinyan Rusiya ilə münasibətləri qoruyub saxlamaqda maraqlıdır. Ona görə də müttəfiq ölkəyə nümayəndə heyəti ilə ikigünlük səfərə gedir, siyasi elita ilə görüşlər keçirir, yeni müqavilələr imzalayır, Kremli qane edən bəyanatlar səsləndirir. Bununla həm də onu divara dirəyən Rusiyapərəst qüvvələri dəstəkləyən xalq kütlələrinin maraqlarını ifadə etməyə cəhd göstərir. Paşinyan Qərbin etimad kreditindən istifadə edir, o yaxşı bilir ki, Vaşinqtonda və Brüsseldə "bir nömrəli düşmənlə" isti münasibətlər sərgilməyə görə onu qınamayacaqlar. Çünki Baş nazirin zəifləməsi, alternativin - tamamilə Rusiyapərəst olan qüvvələrin güclənməsi deməkdir.
Putin-Paşinyan görüşündə sələnən bəyanatlara və imzalanan hökumətlərarası sazişlərə gəldikdə, onlar əsas məsələlərlə bağlı bəyanat səsləndirməklə kifayətlənib, iqtisadi, humanitar, mədəni əlaqələrin gücləndirilməsini isə yeni sənədlərə imza atmaqla təsdiqləyiblər.
Kremldən verilən açıqlamada qeyd olunur: “Liderlər Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Biz Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında mütəmadi görüşlər çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç ölkə liderinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarıyıq. Regionda sabitliyinin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi vacibdir...
Tərəflər 26 noyabr 2021-ci il üçtərəfli razılaşmalarına uyğun olaraq və tərəflərin müraciəti əsasında Rusiya Federasiyasının məsləhətçi dəstəyi ilə delimitasiya və Ermənistan-Azərbaycan sərhədinin təhlükəsizliyi məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasının sürətləndirilməsi barədə razılığa gəliblər”.
Bu cümlələr bizə yaxşı tanışıdır, müharibədən sonra Rusiya rəhbərinin iştirakı ilə keçirilmiş bütün üçtərəfli görüşlərdən sonra yazılı və şifahi formada səslənib. Amma nə sərhədlərin dəqiqləşdirilməsi, nə kommunikasiyaların açılması, nə də 10 noyabr bəyanatının icrasını həyata keçirmək mümkün olmayıb. Bu zaman kəsiyində regionda əsas təsiredici güc olan Rusiya prosesi tormozlayan Ermənistana qarşı hər hansı təzyiq etməyib. Əksinə, müharibədən keçən il yarım ərzində Qarabağda hərbi-siyasi iştirakını gücləndirməyə, separatçı rejimi dirçəltməyə, onun Moskva ilə sıx əlaqələrini qurmağa böyük maliyyə və siyasi resurslar səfərbər edib. Bununla Kreml açıq şəkildə müharibədən sonra formalaşmış status-kvonun saxlanılmasında maraqlı olduğunu nümayiş etdirib.
Putin 19 apreldə eyni məzmunu təkrarlayırsa, deməli Rusiyanın maraqlarında hər hansı dəyişiklik baş verməyib. O, sadəcə Paşinyanı Qərbin vasitəçiliyi ilə real prosesin aparılmasını əngəlləməyə səsləyir və əvəzində ona müəyyən vədlər verir. Rusiya rəhbəri görüşün açıq hissəsində "Dağlıq Qarabağın" təhlükəsizliyindən bir neçə dəfə bəhs etdi və sülhməramlıların rolunu xüsusi ilə vurğuladı. Paşinyan da bu mövzuya həssas yanaşdı və bildirdi ki, Rusiya qüvvələrinin rolunun daha da artırılmasını müzakirə etmək istəyir. Bununla Baş nazir Qarabağda baş verən son hadisələrdə sülhməramlıların passiv iştirakından narazılığını bildirib və Kremli daha sərt müdaxiləyə səsləyib. Ehtimal etmək olar ki, bu məsələdə Putin onu qane edən cavab verib. Belə olduğu təqdirdə biz yaxın həftələrdə Qarabağda sülhməramlıların aktivləşəcəyini müşahidə edə bilərik.
Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlığın səviyyəsindən məmnun olduqlarını dilə gətiriblər. Ötən ay xarici işlər naziri Sergey Lavrov Ermənistanın müdafiə qüdrətinin artırılmasına yardım edilməsinin vacibliyindən danışmışdı. Görünür, bu ərəfədə Rusiyadan Ermənistanın müharibədə dağılmış ordusunun arsenalını bərpa etmək üçün hərbi yardımlar verilib. Amma bu yardımların davam etməsi sual altındadır. Çünki kollektiv Qərb Rusiya hərbi sənaye kompleksinə ağır sanksiyalar qoyub, onunla əməkdaşlıq edən ölkələr dərhal məhdudiyyətlərlə üzləşəcəklər. Moskva görüşündə ən maraqlı məqamlardan biri Paşinyanın Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı Putinlə birgə mövqe ifadə etməsi idi. Bəyanatda yazılıb: “Putin və Paşinyan bir sıra ölkələrin birtərəfli məhdudlaşdırıcı tədbirləri ilə bağlı narahatlıq ifadə ediblər. Onlar, ərzaq və enerji təhlükəsizliyi, logistika da daxil bu tədbirlərin yaratdığı çətinliklərə birgə üstün gəlmək niyyətlərini ifadə ediblər”.
Bundan başqa Ermənistan rəhbəri Kremlin Ukraynaya qarşı işğalçı müharibədə istifadə etdiyi ideoloji tezisləri də Putinlə birgə ucadan səsləndirib: “Tərəflər ümumi keçmişə vahid yanaşmanı saxlayaraq, II Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasına və tarixin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq niyyətini ifadə ediblər. Onlar rasizmin, ksenofobiyanın, neonasizmin, habelə milli, dil və dini əlamətə görə, o cümlədən Rusiya və Ermənistanda yaşayan vətəndaş və həmvətənlərin hüquqlarına və qanuni maraqlarına toxunan diskriminasiyanın bütün təzahürlərini dəf etmək səylərinin artırılması barədə razılığa gəliblər”.
Şübhəsiz ki, Rusiyanın dünyadan təcrid edildiyi bir zamanda onun "qatil" adlandırılan rəhbərinə qoşulub xor oxumaq, həmrəylik nümayiş etdirmək Ermənistan rəhbərliyinin acizliyinin nəticəsidir. Demokratik seçkilərlə hakimiyyətə gəlmiş, Qərbdə imicini xeyli yaxşılaşdırmış Paşinyan bu prinsipsizliyinin əziyyətini çəkməli olacaq. Təbii ki, Qərb də onun əməllərinə münasibətdə prinsipsizlik nümayiş etdirməzsə...
Yekunda qeyd edək ki, Moskva görüşü bir daha göstərdi ki, regional münaqişlərin həlli Rusiyanın zəifləməsinə və nəticədə imperialist siyasətindən imtinasına bağlıdır. Hazırda proses gedir, Ukraynanın rus işğalına qarşı möhtəşəm dirənişi, Qərbin ona dəstəyi, paralel olaraq Putin hakimiyyətini ağır sanksiyalara məhkum etməsi ümidverici perspektivdən xəbər verir.../"AzPolitika.info"скачать dle 12.1