Bia.Az

Demokratiya sammitinin müəmma və sualları

Siyasət
 26-11-2021, 10:57     203

Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli ABŞ hökumətinin təşəbbüsü olan demokratiya sammiti ilə bağlı şərh yayıb. Dekabrın 9-10-u video formatında keçiriləcək demokratiya sammitinə dəvətli ölkələrin siyahısında keçmiş SSRİ məkanından Estoniya, Latviya, Litva, Moldova, Ukrayna, Gürcüstan və Ermənistan da var.

Novator.az-ın məlumatına görə, Natiq Cəfərli yazır ki, demokratiya forumuna dəvət alan 110 ölkənin siyahısına nəzər salanda tədbirin demokratiya ilə əlaqəsi olmadığı görünür: “Əslində ABŞ-ın təşəbbüsü maraqlı və lazımlıdır, amma öncə meyarlar, tezislər elan edilməli, formatı doğuran səbəblər, onun gələcəyi ilə bağlı müzakirələr olmalı idi. Çünki 110 ölkənin siyahısı, yumşaq deyilsə, ciddi suallar yaradır, formatın əhəmiyyətini azaldır. Necə ola bilər ki, Pakistan demokratiya sammitinə dəvət alır, Türkiyə yox? Bəyəm Türkiyənin seçki sistemi, demokratik təsisatları Pakistandan aşağıdır? Və ya necə ola bilər ki, İraq bu tədbirə dəvət alsın, amma Macarıstan yox? Macarıstanda seçki də var, demokratik təsisatlar da, iqtisadi institutlar da, bəs İraqda nə var?

Azərbaycanla bağlı məsələ aydındır: ölkədə seçki institutu, demokratik təsisatlar yoxdur və ya zəifdir. Buna sözüm yox, amma Macarıstan, Türkiyə kimi ölkələri dəvət etməyərək Pakistanı, İraqı çağırmaq bəri başdan demokratiya forumunu sual altına qoyur. Hələ mən Niger, Nigeriya, Seneqal, Anqola, Konqo Demokratik Respublikası, Keniya, Namibiya, Surinam və digər dəvətliləri demirəm. Hətta maraqlar konflikti də yaranıb: həm Serbiyanı, həm də ondan qoparılmış Kosovonu dəvət ediblər – çox güman, Serbiya sammitə getməyəcək, ya da Kosovonun siyahıdan çıxarılmasını istəyəcək.

Görünən odur ki, yeni dünya düzəni qurulmasına, yeni hüquqi baza yaradılmasına səy göstərilir, artıq soyuq müharibə məntiqi ilə qurulmuş beynəlxalq hüquq çalışmır, BMT də amorf quruma çevrilib, öz qərarlarına özü hörmət etmir.

Dünya yeni beynəlxalq hüquqa və yeni oyun qaydalarına hamilədir, amma bunun bəlli qaydaları, formatı, tezisləri olmalıdır – əvvəl meyarlar elan edilməli, yanaşmalar müzakirəyə çıxarılmalı, sonra bunun hüquqi bazası yaradılmalıdır. ABŞ-ın indiki yanaşmasının uğurlu olması çətin görünür, hətta yeni qütbləşmə tendensiyası yaradır, Rusiya ilə Çini daha da yaxınlaşdırıb məcburi müttəfiqliyə sürükləyir – bu iki ölkənin birliyi isə dünya üçün növbəti ciddi təhdidə çevriləcək. Hələ ki, nə Rusiyanın, nə də Çinin cəlbedici hekayəsi, beynəlxalq cazibə mərkəzi ola biləcək ideoloji bazası var, amma cəmi 5-10 ildən sonra Çinin iqtisadi, sosial siyasəti daha cəlbedici olsa, o zaman ABŞ özülü zəif “demokratiya” tezisi ilə bu trendə qarşı dura bilməyəcək. Əsl problemlər, ciddi qarşıdurmalar o zaman yaranacaq, “avtoritar modern sol” önə çıxıb ciddi böhran yaşayan “liberal demokratiyanı” üstələyə biləcək”.скачать dle 12.1