Bia.Az

Paşinyanın“döngədə atları dəyişmək” istəyi... - NƏ BAŞ VERİR?

Siyasət
 20-08-2021, 14:40     231

Ermənistan baş naziri Nikol Paşinyan avqustun 18-də Azərbaycanla yüksək səviyyədə danışıqlara başlamağa hazır olması barədə bəyanatını təkrarlayıb. O, bu barədə Ermənistan hökumətinin iclasında bildirib. “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesinin tam bərpa edilməsinin zəruriliyini dəfələrlə bəyan edib. Biz bu bəyanatları və mövqeyi alqışlayırıq və danışıqlarda yüksək və ali səviyyədə iştirak etməyə hazırıq”, - TASS agentliyi Paşinyandan sitat gətirir. “Ermənistanın təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi, Dağlıq Qarabağ probleminin ədalətli həlli, Ermənistan ətrafında əlverişli mühitin yaradılması prioritet məsələ olaraq qalır”, - Paşinyan əlavə edib. Baş nazir əlavə edib ki, Ermənistan ordusunda miqyaslı islahatlar prosesi başlayıb. O, ordunu ölkənin xarici təhlükəsizliyinin təminatında əsas amil adlandırıb. Paşinyan fəal xarici siyasəti təhlükəsizliyin daha bir zəruri şərti hesab edir. “Ermənistan bütün ölkələrlə və beynəlxalq təşkilatlarla işləyərək fəal və təşəbbüskar xarici siyasət yürütməlidir”, - o əlavə edib. Paşinyan Ermənistan-Rusiya strateji müttəfiqliyini və respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü Ermənistanın təhlükəsizliyinin mühüm amili hesab edir.

Paşinyan regional sabitlik baxımından Qarabağın yekun statusunun müəyyən edilməsinə yönələn danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməsinin vacibliyini qeyd edib. Paşinyanın çıxışından da görünür ki, o, “ordusunun və ölkəsinin inkişafını” Rusiyanın kölgəsində görür. Bunu müxtəlif təbəqələrdən olan ermənilərin qulağına xoş gələn sözlərlə ört-basdıq etsə də, söylədiklərinin siyasi tərcüməsi vassalıqdan əl çəkməyəcəkləri deməkdir. Bu, Ermənistanın öz seçimidir, buna Azərbaycan qarışa bilməz. Amma Paşinyan yenə Qarabağın taleyindən və danışıqlardan danışarkən unudur ki, şərtləri o deyil, Bakı - Prezident Əliyev diktə edir. O səbəbdən Bakı ilə danışıqlar üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa edilməsi şərtini qoymaqla yenə də Ermənistanın pozuculuq, “döngədə atları dəyişmək” niyyətini ortaya qoyur. Bakı dəfələrlə deyib ki, həmsdədrlərdən real təkliflər gözləyirlər, amma bu təkliflər heç də Ermənistanın düşündüyü kimi “gorbagor olmuş status” mövzusu deyil və ola da bilməz. Paşinyan da həmsədrlər mövzusunu gündəmdə saxlamaqla, Bakının danışıqlara qarşı olduğu rəyini yaratmağa çalışır. Ermənistan rəhbərliyi bununla nəyəsə nail olacaqmı?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu mövzuda “Yeni Müsavat”a bəhs edərkən bildirdi ki, hər bir siyasi addımın arxasında hansısa məntiq durur və burada da eyni yanaşma tələb olunur: “Əslinə qalsa, vəziyyət çox sadədir. Ermənistan 10 noyabr bəyanatının bir neçə mühüm bəndini icra etmək istəmir. Hansı bəndlərdir, bu da bəllidir, bu barədə çox danışmışıq. Bu, sadə öhdəlik deyil. Burada vasitəçilik edən Rusiyadır, daha dəqiq desək, Rusiya prezidentidir. Paşinyanın manevrlərinin qarşılığında Rusiyadan cavab almaq da çox vacibdir. Çünki bu öhdəliklərik icra olunmasını təmin edən siyasi şəxs Putindir”. T.Zülfüqarov qeyd etdi ki, Azərbaycan İrəvandan gələn bəyanatların vasitəsilə faktiki olaraq öhdəliklərlə bağlı rəsmi cavabını alıb: “Çox maraqlıdır ki, vasitəçi buna nə cavab verəcək. Ondan sonra bizim taktika da məntiqli şəkildə davam etdiriləcək. Əgər öhdəliklər qarşılıqlıdırsa, təbii ki, biz də bu və ya digər bəndi yerinə yetirib-yetirməməkdə sərbəstik. Hesab edirəm ki, mövcud reveranslara, bəzən Türkiyə və Azərbaycana aid sülhpərvər görünən ifadələrlə özümüzü aldatmamalıyıq, reallığı olduğu kimi görməliyik. Artıq vaxt yetişib, Rusiyadan cavab almalıyıq. Soruşmaq lazımdır: işlər nə yerdədir? Paşinyan öhdəlikləri icra etməlidir. Seçkilərdən qabaq deyirdilər problem var, bir az gözləyin. Gözlədik. Seçkilərdən sonra isə daha sərt mövqe sərgilədi. Bu baxımdan Azərbaycan-Rusiya və Azərbaycan-Türkiyə yüksək səviyyədə mövzuların müzakirəsi vacibdir və gündəmə gəlməlidir”. Sabiq nazir hesab edir ki, indiki halda sorğu verib, Rusiyadan cavab gözəməliyik: “Taktikamız ondan ibarət olmalıdır ki, əgər onlar öhdəlikləri həyata keçimək niyyətində deillərsə, biz də öz öhdəliklərimizə yenidən baxmalıyıq. İlk növbədə Laçın dəhlizi məsələsilə bağlı. Azərbaycanın qəti iradəsini göstərmək üçün ilkin mərhələdə orada Rusiya sülhməramlıları ilə bərabər, müştərək nəzarətin təbiqinə nail olmalıyıq. Taktiki baxımdan bu, bizə sərg edir, çünki bu halda ermənilərin təxribatlarının da qarşısını almış olacağıq. İkinci tərəfdən Laçın dəhlizinə nəzarəti tətbiq etdiyimiz halda, Qarabağdakı ermənilərin qaçhaqaçı daha da güclənəcək”.

Ermənistan rəhbərliyi özünü “sülhpərvər” statusunda göstərməyə çalışsa da, Qarabağa “burun soxmaqdan” da qalmır. Paşinyan hökumətin avqustun 18-də keçirilən iclasında bildirib ki, Ermənistan hökuməti 2020-ci ilin noyabr ayından bəri Rusiya hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətində qalan hissəsində təxminən 70 milyard dram (təxminən 140 milyon dollar -Moderator.az) dəyərində proqramlar həyata keçirib. Onun sözlərinə görə, bu proqramların icrası davam edir. “Biz bu istiqamətdə irəliləməyə davam edəcəyik” - deyə Paşinyan vurğulayıb. Ermənistanın baş naziri izah edib ki, hökumətin ən vacib vəzifələrindən biri “Dağlıq Qarabağ probleminin tənzimlənməsi və idarə olunması”dır. “Noyabrın 18-də təqdim olunmuş yol xəritəmizdə Dağlıq Qarabağla birbaşa əlaqəli iki məqam var idi: ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin tam bərpası və Dağlıq Qarabağda normal həyatın bərpası. İkinci məsələdə biz yetərincə fəal olduq” - deyə işğalçı Ermənistanın hökumət başçısı bildirib.

Azərbaycan Prezidenti Dağlıq Qarabağ adlı subyektin olmadığını bəyan etdiyi halda, Ermənistan rəhbərliyinin nəinki leksikonuna dəyişiklik etməməsi, üstəlik, İrəvanın Qarabağ ermənilərinə maliyyə yardımı etməsi barədə rəsmi açıqlamaları kapitulyasiya aktına imza atan ölkənin ötənlərdən dərs götürmədiyinə şübhə yeri qoymur. Bu isə Azərbaycan liderinin xəbərdarlıq etdiyi kimi, dəmir yumruğa yenidən ehtiyac yaranacağını deməyə əsas verir.

Qeyd edək ki, avqustun 17-də Moskvada üçtərəfli komissiyanın növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpasını müzakirə ediblər. Görüşdə bu ilin sonuna qədər Bakı-Laçın-Gorus-Sisian-Naxçıvan-Türkiyə avtomobil yolunun açılması təklif olunub. Bundan başqa, 2023-cü ilin sonuna qədər Bakı-Horadiz-Mehri-Naxçıvan-Türkiyə dəmir yolu xəttinin istifadəyə verilməsi də müzakirə olunub. Məlumata görə, həm avtomobil yolu, həm də dəmir yolu xəttinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları həyata keçirəcək. Bütün bunların müzakirə olunması şəraitində N.Paşinyanın yenə də gərginliyi tətikləyən bəyanatlar səsləndirməsi anormallıq, həm də sülh prosesini pozmaqdır.

****

Təəssüf doğuran budur ki, həm Ermənistan rəhbərliyi, həm də Qarabağdakı separatçı quldurlar Rusiyadan tutarlı cavab almadıqları üçün özbaşınalıqlarını davam etdirirlər. Avqustun 18-də Azərbaycan torpaqlarında artıq 30-cu ildir ki, qondarılmış separatçı-terrorçu rejimin “təhlükəsizlik şurası”nın katibi sayılan Vitali Balasanyan Xankəndində içməli su ilə bağlı son həftələr yaranmış problemlərə həsr olunmuş növbəti iclas keçirib.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni nəşrləri məlumat yayıb. İclasla bağlı görüntülərdən bəlli olur ki, Qarabağda Azərbaycan xalqına qarşı bir sıra qətliamlarda, o cümlədən Xocalı soyqırımında iştirak etmiş separatçı-terrorçu general V. Balasanyan iclas masasının üzərinə kriminal xuntanın əski parçasıyla yanaşı, Rusiya Federasiyasının dövlət (!) bayrağını da qoyub.

Ən azı vasitəçi dövlət özünə hörmət qoymalı və Qarabağdakı separatçı quldurlara “əski parçanızı mənim bayrağımla yanaşı qoymayın”, ultimatumunu verməlidir. Ancaq sosial şəbəkələrdə nəyi görürük: general Rüstəm Muradovun əsgərlərindən biri Qarabağ ermənisi olan bir qızcığazla şəkil çəkdirib, əlində də separatçıların əski parçası. Beləsi guya sülhü, təhlükəsizliyi qorumağa gəlib...

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev də Axar.az-a müsahibəsində deyib ki, bölgədə vəziyyətin gərginləşməsi Rusiyanın separatçıları və revanşistləri dəstəkləməsi ilə əlaqədardır. “Görünür, onlar nədənsə narazıdırlar. Rusiya ilə danışıqları intensivləşdirmək lazımdır, çünki münaqişənin yenidən alovlanması onların da maraqlarına cavab vermir. Rusiyanın onsuz da çoxlu problemləri və kifayət edəcək qədər düşmənləri var. Biz Rusiyanı inandırmalıyıq ki, sizinlə səmimi dost olmaq istəyirik, eyni zamanda hansı yolla olursa-olsun Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edəcəyik. Əgər Rusiya buna mane olmağa cəhd etsə, Azərbaycanın timsalında yeni bir düşmən dövlət qazanacağına əmin olmalıdır. Bu tipli siqnalları Rusiyaya qardaş Türkiyə də, Pakistan da göndərməlidir. Bir daha təkrarlayıram, əgər vəziyyət göründüyü kimidirsə, Ceyhun Bayramovun Türkiyəyə, Pakistana səfər etməsinə ciddi ehtiyac var”, Q.Həsənquliyev əlavə edib.
скачать dle 12.1