Bia.Az

Lavrov bizim əvəzimizdən Qarabağda YOL ÇƏKİR... - NƏ ETMƏLİ?

Siyasət
 20-08-2021, 14:39     215

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasını (BADA) Qarabağa dəvət edib. “Yeni Müsavat”ın məlumatına görə, Lavrovun BADA təmsilçilərini “Dağlıq Qarabağa diqqət yetirməyə” çağırdığı görüşdə səsləndirdiyi fikirlər xüsusilə erməni mətbuatında geniş şəkildə işıqlandırılıb.

Rusiyanın XİN rəhbəri qeyd edib ki, sözügedən ərazidə yol infrastrukturunun bərpası prosesi gedir. O bildirib ki, bu prosesin məhz Rusiyanın iştirakı ilə gerçəkləşməsi lazımdır. Sanki bu ərazilərin “ev sahibi” kimi çıxış edən Lavrov deyib: “İndi orada yol infrastrukturunun bərpası ilə bağlı aktiv iş gedir. Ona görə də bu perspektivli əraziyə diqqət yetirmənizi xahiş edirəm. Bu, məncə, açıq iqtisadi gəlir gətirəcək. Ancaq bizim yaxın qonşuluğumuzdakı iqtisadi inkişafın Rusiyanın aktiv iştirakı ilə baş verməsi vacibdir.”

Rusiya XİN rəhbərinin bundan öncə də provokasiya xarakterli, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü sual altına alan açıqlamaları olub. Hansısa beynəlxalq təşkilatı Azərbaycan ərazilərində fəaliyyətə dəvət etmək yalnız rəsmi Bakının səlahiyyətlərinə aiddir və bunun beynəlxalq hüquqa görə Rusiya XİN-ə heç bir aidiyyəti yoxdur. Sözsüz ki, bunu Lavrov da yaxşı bilir. Odur ki, Rusiyanın özünün ucsuz-bucaqsız əraziləri qala-qala XİN rəhbərinin beynəlxalq yük daşıyıcılarını Qarabağ ərazisinə çağırması da növbəti provokativ xarakterli çağırış, Bakıya təzyiqin tərkib hissəsi sayıla bilər.(azpolitika.info)

Ümumiyyətlə, Rusiya baş diplomatı prezident Putindən nisbətən fərqli ampluadadır. Onun tez-tez “Dağlıq Qarabağın statusu”, Minsk Qrupu, qaçqınların (erməniləri nəzərdə tutur - E.S) Qarabağa qayıdışı ilə bağlı bəyanatları olur. Bu da Azərbaycan tərəfini qane edə bilməz. 10 noyabr sənədinin imzalanmasından bu yana Lavrovun məsələlərin konstruktiv həlli ilə bağlı heç bir pozitiv mövqeyi olmayıb. İndi isə beynəlxalq yük daşıyıcılarını Qarabağ ərazisinə çağırır və yol çəkməyə hazırlaşır. Kim üçün? Nə üçün? Rusiyanın 10 noyabr sənədində belə bir səlahiyyəti göstərilibmi? Sülhməramlı kontingentin bölgəyə yerləşdirilib sülhyaratma prosesini həyata keçirməkdən başqa missiyası varmı? Lavrov niyə bizim yerimizə Azərbaycanın suveren ərazisində yol çəkməlidir?

Rusiya XİN başçısı heç zaman Qarabağ məsələsində obyektiv ola bilməyib. İndi də rus sülhməramlıların bölgədə çıxardığı hoqqalar, Qarabağdakı ermənilərə silah daşınması, Laçın dəhlizinin karvansaraya çevrilməsi, Ermənistan ordunun şəxsi heyətinin gətirilməsi Moskvanın yeni planlarının iç üzünü açmaqdadır. Ardınca, separatçı rejim nümayəndələrinin fəallaşması, Araikin yenidən Rusiyaya çağırılması göstərir ki, Moskva separatçılarla işbirliyindədir, onlarla çalışır və hətta Paşinyan özü proseslərdən təcrid edilib. Yəni Kreml Qarabağdakı separatçılarla daha çox işləməyə üstünlük verir.

Deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Lavrovun Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur. Onun sözlərinə görə, beynəlxalq təşkilatları Azərbaycan öz ərazilərinə dəvət edə bilər: “Bu çağırışla Rusiya daxili işimizə qarışır. Buna da Xarici İşlər Nazirliyi səviyyəsində cavab verilməlidir. Çünki böyük qələt edirlər, sən nə ixtiyarla başqasının torpağında yol çəkirsən? Biz Əsgərana da, Xocalıya da, Xankəndinə də yol çəkəcəyik. Sadəcə, Azərbaycanı qıcıqlandırmaq üçün belə edirlər. Bu çıxışı Lavrovun siyasi səhvidir”.

A.Abbas qeyd etdi ki, Qarabağdakı sülhməramlıların komandanı olan general Rüstəm Muradov da Lavrovdan geri qalmır, özünü ermənilərin yeznəsi kimi aparır: “Muradov deyir ki, 10 noyabrdan bəri Qarabağa 160 milyon dollarlıq sərmayə qoymuşuq. Əvvəla, bu çox böyük məbləğdir. Həmin ərazilərdə lap olsun, 30 min erməni yaşayır. Bu qədər pulu niyə və kim üçün xərcləmisiniz? Bu pul böyük korrupsiyadır. Sən orada nə iş görmüsən və nə ixtiyarla erməniyə ev tikirsən? Sülhməramlısan, get iki xalq arasında sülh yarat, yolları aç!

Mən Ağdamdan Şuşaya niyə 37 kilometr yolu gedə bilməyim, amma erməni İrəvandan Xankəndinə gələ bilsin?! Sənin missiyan Qarabağda su çəkmək, ev tikmək deyil. Biz erməni vətəndaşlara fərq qoymadan ev də tikəcəyik, məktəb də açacağıq, su da çəkəcəyik. Ümumiyyətlə, çox həddi aşırlar, bizi qıcıqlandırmaq istəyirlər". Deputat bununla belə, Azərbaycanın təmkinli siyasət yürütdüyünü, Prezidentin “Mən nəyi, nə vaxt edəcəyimi bilirəm” sözünə inandığını vurğuladı: “İndi üçtərəfli komissiya işini bərpa edib, gözləyirik, səbr edirik. Lavrovun deməyinə, rusların erməniyə silah daşımasına ən böyük cavabı cənab Prezident Kəlbəcər və Laçın səfəri ilə vermiş oldu”.

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Lavrovun bu çağırışı qonşu ölkənin səmimi olmadığının təzahürüdür. Onun sözlərinə görə, Rusiya XİN başçısı Ermənistanda yol çəkə bilər: “Əslində Lavrov Putinin imzaladığı üçtərəfli sazişin bəndlərinin icrası üçün ciddi işlər görməlidir, nəinki belə açıqlamalar verməlidir. Amma Lavrovun bu vəzifədə ömrü uzun olmayacaq, çünki seçkidə iştirak edəcək, öz fəaliyyət sahəni dəyişəcək. Ona görə bu postunda son cəhdlərini edir və Ermənistana axırıncı dəstəyini verir”.
скачать dle 12.1