Bia.Az

Media qanunundan sızanlar

Siyasət
 8-07-2021, 10:42     205

2021-ci il yanvarın 12-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Medianın İnkişafı Agentliyi yaradılıb. Prezident İlham Əliyevin həmin gün imzaladığı fərman həmçinin “Media haqqında” qanun layihəsi hazırlanmasını nəzərdə tutur.
“Turan”a danışan Medianın İnkişafı Agentliyinin rəsmisi Rüstəm Əhmədov deyir ki, qurumun da daxil olduğu işçi qrupun hazırladığı “Media haqqında” qanun layihəsində media reyestri məsələsi yer alır: “Media reyestri Azərbaycanda media subyektlərinə və onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılır. Reyestr audiovizual media subyektləri, çap mediası subyektləri, onlayn media subyektləri, informasiya agentlikləri və jurnalistlər bölmələrindən ibarət olacaq.


Audiovizual media subyekti barədə məlumatları Medianın İnkişafı Agentliyinə layihədə şərti olaraq Audiovizual Şura adlandırılan qurum təqdim edəcək. Çap mediası, onlayn media subyektləri, informasiya agentlikləri, həmçinin jurnalistlər media reyestrinə daxil edilmək üçün özləri agentliyə müraciət edəcəklər. Media reyestrinə daxil edilmiş media subyektinə şəhadətnamə, jurnalistlərə isə jurnalist vəsiqəsi veriləcək. Layihədə media reyestrinə daxil edilmək üçün xüsusi tələblər müəyyənləşdirilib. Media subyekti hüquqi şəxsdirsə dövlət reyestrində qeydiyyatda, fiziki şəxsdirsə mütləq fərdi sahibkar kimi vergi uçotunda olmalıdır.

Jurnalistlər də xüsusi tələblərə cavab verməlidirlər. Ali təhsili olmayan və məsələn, ictimai mənəviyyat əleyhinə cinayətlərə görə məhkum edilmiş şəxslər reyestrə daxil edilməyəcək. Jurnalistin əmək müqaviləsi olmalıdır və işlədiyi media subyekti media reyestrinə daxil edilməlidir. Bundan əlavə jurnalistika sahəsi üzrə azı üç il iş stajı tələb olunur”.

Media hüquqçusu Xalid Ağalıyev “Turan”a deyib ki, informasiya əldə etmək, hazırlamaq, yaymaq konstitusiya ilə, Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrlə yalnız jurnalistlərə verilən haqq deyil, hər bir vətəndaş bu haqqa sahibdir: “Dövlət jurnalistlərin daha effektiv işləyə bilməsi üçün onlara akkreditasiya kimi əlavə imkanlar yaradan tədbirlər görə bilər. Vahid vəsiqə qaydasını əlavə imkan yaradılması adı ilə tətbiq etmək doğru deyil. Qanuna uyğun yaradılan redaksiyalar var, redaksiya siyasəti var, onların vəsiqəsi dövlətin jurnalistika üçün yaradacağı imkanlardan yararlanmaq üçün yetərli olmalıdır”.скачать dle 12.1