“Sentyabrda parlament buraxılmalı və yeni Milli Məclis formalaşdırılmalıdır” – AÇIQLAMA

Hazırkı parlamentin dövlətin və cəmiyyətin etimadını doğrultmadığı, ölkədə həyata keçirilən islahatlara lazımı dəstək verə bilmədiyi haqda fikirlər uzun müddətdir ki, səsləndirilir.Bütün bunlar ölkədə yenidən növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı ehtimalları artırır.
AĞ Partiya sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, müxalifət də hazırkı parlamentin buraxılmasının və yenidən Milli Məclisin formalaşdırılmasının tərəfdarıdır: “Xalqın və dövlətin etimad göstərdiyi və verilən qərarlara cəmiyyətin hörmət etdiyi parlamentin formalaşdırılmasını hər kəs istəyir. Heç kimə sirr deyil ki, hazırkı parlament Ramiz Mehdiyev daxil olmaqla, bir sıra xarici siyasi qüvvələrin təsiri ilə formalaşıb. Bu parlament fəaliyyət göstərdiyi müddətdə sübut etdi ki, Azərbaycanın müasir siyasi standartlarına cavab vermir. Yəni parlament iqtidarı belə müdafiə etməkdə acizdir. Bir mənada hazırkı tərkibli Milli Məclisi iqtidarın özünə yük kimi də qəbul edə bilərik. Ona görə də, parlament buraxılsa və yenidən seçkilər keçirilsə daha yaxşı olar”.