Bia.Az

Ermənistan yeni hökumət ərəfəsində

Siyasət
 22-06-2021, 11:34     241

Ermənistanda iyunun 20-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri Nikol Paşinyana yenidən hökumət qurmaq imkanı verir. 1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci il aprelin 2-də bu partiyanın daxil olduğu “Çıxış” bloku qanunverici orqana 9 mandat qazanıb.

2018-ci il aprelin 9-da Ermənistan parlament idarə üsuluna keçib: icra hakimiyyətinin ali orqanı funksiyası Nazirlər Kabinetinə, dövlət idarəçiliyinə rəhbərlik baş nazirə ötürülüb.
2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan 2018-ci il aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində onun liderlik etdiyi blok qalib gəlib, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefasını tələb edib. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub.
20 iyun seçkisinin ilkin nəticələrinə əsasən, Vətəndaş Sazişi Partiyası 105 yerlik yeni parlamentə 72 mandatla düşür, ikinci prezident Robert Köçəryanın, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasının cəm olduğu Ermənistan bloku 27 mandat, üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə birləşdirən “Qürurluyam” bloku 6 mandat götürür.
Hökumət qurmaq üçün parlament mandatlarının azı 54 faizini almaq gərəkdir. İndiki nəticələrə görə, mandatların 68 faizindən çoxunu qazanan Vətəndaş Sazişi Partiyası təkbaşına hökumət qura bilir.
Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.
Novator.az bildirir ki, Tiqran Avinyan və Mger Qriqoryan baş nazirin müavini, Vaqarşak Arutyunyan müdafiə naziri, Rustam Badasyan ədliyyə naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Vaan Kerobyan iqtisadiyyat naziri, Atom Cancuqazyan maliyyə naziri, Ayk Çobanyan yüksək texnologiyalar sənayesi naziri, Suren Papikyan ərazi idarəçiliyi və infrastruktur naziri, Anait Avanesyan səhiyyə naziri, Vaqram Dumanyan elm, təhsil, mədəniyyət və idman naziri, Romanos Petrosyan ətraf mühit naziri səlahiyyətlərini icra edirlər.
Xarici işlər naziri, əmək və sosial məsələlər naziri postları boşdur.
Hökumətdə bu qurumlar birbaşa baş nazirə tabedir: Dövlət Nəzarəti Xidməti, Milli Təhlükəsizlik Xidməti, Ermənistan Polisi.
Nazirlər Kabinetinin nəzdində bu komitələr yer alır: Şəhərsalma Komitəsi, Dövlət Gəlirləri Komitəsi, Statistika Komitəsi, Kadastr Komitəsi, Nüvə Təhlükəsizliyi Komitəsi.
Hökumətə tabe olan müfəttişliklər bunlardır: Şəhərsalma, Texniki Təhlükəsizlik və Yanğın Təhlükəsizliyi Müfəttişliyi, Təhsil Müfəttişliyi, Təbiəti və Yerin Təkini Mühafizə Müfəttişliyi, Səhiyyə və Əmək Müfəttişliyi, Bazara Nəzarət Müfəttişliyi, Ərzaq Təhlükəsizliyi Müfəttişliyi.
Ermənistanda hökumətin strukturu qanunla müəyyən olunur, baş naziri və Nazirlər Kabinetinin başqa üzvlərini prezident təyin edir. Hazırda prezident postunu Armen Sərkisyan tutur. O, 2018-ci il martın 2-si parlamentdə prezident seçilib, aprelin 9-da səlahiyyətlərinin icrasına başlayıb. Dövlət başçısı funksiyası daşıyan prezidentin səlahiyyət müddəti 7 ildir.скачать dle 12.1