Bia.Az

Putin Navalnının həbsdən sağ çıxacağına zəmanət vermir

Siyasət
 16-06-2021, 12:48     202

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Cozef Baydenlə görüşü ərəfəsində ABŞ-ın “NBC News” kanalına müsahibə verib.

Novator.az saytının məlumatına görə, müsahibə zamanı “NBC News”un müxbiri prezident Putinə hazırda həbsdə olan rusiyalı müxalif siyasətçi Aleksey Navalnı haqqında da sual ünvanlayıb: “Navalnının həbsxanadan sağ çıxacağına zəmanət verməyə hazırsınızmı?”
Putin sualı birbaşa cavablandırmayıb. O deyib: “Bu ölkədə belə qərarları prezident vermir”.
Rusiya prezidenti qeyd edib ki, kimisə həbsdən azad edib-etməmək məsələsinə məhkəmə baxır: “Dustaqların sağlamlığı ilə bağlı məsələlərə isə həbsxana rəhbərlikləri, penitensiar müəssisələr cavabdehdir. Penitensiar müəssisələr daxilində tibb müəssisələri də fəaliyyət göstərir, ola bilsin, o qədər də yaxşı səviyyədə deyil həmin tibb müəssisələri. Bax, cavabdeh tərəf onlardır. Və mən ümid edirəm ki, onlar hər işi düzgün yerinə yetirəcəklər”.
Daha sonra Putin jurnalistə bildirib ki, həbsxanaya düşən istənilən şəxslə bağlı hansı ölçülər götürülürsə, qayda necədirsə, “adını çəkdiyiniz adama” qarşı da o qaydada, o ölçüdə davranılacaq.
“O adamın adı Aleksey Navalnıdır” deyən jurnalist vurğulayıb: “Cavabınızı eşidənlər belə qeyd edəcəklər ki, siz Navalnının həbsxanadan sağ çıxacağını deməyə hazır deyilsiniz”.
Jurnalistin replikasına Putinin reaksiyası belə olub: “Desinlər. Məndən ötrü fərqi yoxdur”.
“Siz Navalnının ölümünə göstəriş vermisizmi” sualına cavab olaraq Putin deyib ki, Rusiya hakimiyyətində kimisə öldürmək ənənəsi mövcud deyil: “Bizdə kimisə öldürmək vərdişi yoxdur”.
Putinlə Bayden iyunun 16-sı İsveçrənin Cenevrə şəhərində görüşəcəklər.
Rusiya prezidenti Vladimir Putinin ən sərt əleyhdarlarından biri kimi ad çıxaran, 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilən, dəfələrlə inzibati həbs cəzası alan, 2021-ci ilin yanvarında yendən həbsə atılan, hazırda 2 il 6 ay iki həftəlik azadlıqdan məhrum etmə cəzası ilə həbsxanada cəza çəkən, tutulandan sonra başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondunun fəaliyyəti də qadağan edilən 45 yaşlı Aleksey Navalnı 2020-ci il avqustun 20-də zəhərlənib. Həmin gün o, Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb, siyasətçi 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, avqustun 22-də Berlinə aparılıb, “Şarite” klinikasında müalicə alıb.
Almaniya hökuməti Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyini açıqlayıb. Bu, Almaniya Silahlı Qüvvələrinin toksikoloji laboratoriyasında aparılan analizdə üzə çıxıb. Fransa və İsveçin laboratoriyaları bu versiyanı təsdiqləyib.
Rusiya hakimiyyəti həm zəhərləmədə əli olduğu haqda ittihamları, həm də Aleksey Navalnının həbsxanada səhhətinin pisləşdiyi, saxlanma şəraitinin yaxşı olmadığı haqda deyilənləri rədd edir.
Mənbə: NBCnews.comскачать dle 12.1