Bia.Az

İsa Qəmbərdən Ukraynaya dəstək CAGIRIŞI

Siyasət
 22-04-2021, 11:25     140

Milli Strateji Düşüncə Mərkəzi Ukrayna ətrafındakı gərginliyi müzakirə edib. Novator.az-ın məlumatına görə, qurumun sədri, siyasətçi İsa Qəmbərin yaydığı açıqlamada qeyd olunur ki, müzakirədə Rusiyanın Ukraynaya qarşı aqressiv işğalçı siyasətinin bölgədə durumu təhlükəli dərəcədə kəskinləşdirdiyi vurğulanıb: “Müzakirə iştirakçıları Azərbaycan hakimiyyətini müttəfiq Ukrayna dövlətinə tam dəstək verməyə çağırıb. Belə bir mövqe sadəcə 2020-ci ildəki 44 günlük savaş müddətində Ukrayna hakimiyyətinin Azərbaycana dəstək ifadə etməsinin qarşılığı kimi deyil, həm də ilk növbədə Azərbaycanın maraqlarına, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına xidmət edəcək. Milli Strateji Düşüncə Mərkəzi beynəlxalq birliyin, xüsusən ABŞ-ın, Türkiyənin və Avropa İttifaqının Ukraynaya ciddi dəstək verməsini yüksək qiymətləndirməklə yanaşı hesab edir ki, bu dəstək Rusiyanın Ukraynada yeni işğal əməliyyatının qarşısını almaqla məhdudlaşmamalı, həm də ilk növbədə Ukraynanın şərqinin işğalına son qoymaq və Krımı azad etmək məqsədinə yönəlməlidir”.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib, ölkənin şərqindəki iki separatçı rejimin əli ilə Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edib.

2021-ci ildə Rusiya-Ukrayna münasibətləri daha da gərginləşib, Rusiya qısa müddətdə Ukrayna ilə sərhədə və ilhaq etdiyi Krım yarımadasına 100 mindən çox qoşun yığıb.

Milli Strateji Düşüncə Mərkəzində siyasətçilər Arif Hacılı, Vaqif Hacıbəyli, Arzu Səmədbəyli və başqa şəxslər təmsil olunur. İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-1993-cü illərdə Milli Məclisin sədri postunu tutub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı olub.скачать dle 12.1