Bia.Az

“Yerimizdə otursaq…” - Müsavat başqanı

Siyasət
 1-04-2021, 13:25     60

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov martın 31-i Azərbaycanın Yuxarı Qarabağ bölgəsində, Xankəndi şəhərində sülhməramlı kontingent üçün nəzərdə tutulan 250 nəfərlik modul şəhərciyin açılışında iştirak edib. Açıqlamaya əsasən, bölgədə 25 belə şəhərcik olacaq və quraşdırma işləri aprelin 5-dək yekunlaşmalıdır.

Müsavat Partiyasının başqanı Arif Hacılı bu məsələyə sərt reaksiya verib. Novator.az-ın məlumatına görə, siyasətçi özünün “Facebook” səhifəsində yazır: “1960 nəfərlik hərbi kontingent üçün bu qədər çox şəhərciyin salınmasının mənası kimlərəsə hələ də aydın deyilmi?”
Rusiya və Ermənistan hərbi rəhbərliklərinin görüşlərinin intensivləşdiyini də vurğulayan Arif Hacılı qeyd edir ki, dövlət başçısı İlham Əliyev tez-tez nəyi necə və vaxt etməyi yaxşı bildiyini deyərək hamının yerində oturmasını istəyir: “Amma aydın görünür ki, xalq olaraq yerimizdə otursaq, ərazi baxımdan Yuxarı Qarabağı, suverenlik baxımdan Azərbaycanı itirəcəyik!”

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət adlandıran Dağlıq Qarabağ rejimi qurulub.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin odlu silahlarla silahlanmış 1960 hərbi qulluqçudan, 90 hərbi zirehli texnikadan, 380 ədəd avtomobildən və xüsusi texnikadan ibarət, bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.

Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.

2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.

BİA.AZ
скачать dle 12.1