Bia.Az

Gəlinin öz toyunda ağlamağlığı... (Poema)

Ədəbiyyat
 Dünən, 16:49     251

Gəlinin öz toyunda ağlamağlığı...

 (poema)

I. Məclisin dəvəti

Zurna çalır...
Ovurdlar şişib, nəfəslər əsir…
Aşıq sazını sığallayır –
Simlərdə göynərti, səsində bir üsyan var:
“Mən bu dərədən ötmərəm,
Çadramı yellətmərəm…”
Zurnanın içində qopan inilti,
bir gəlinin sinəsində çatlayan hayqırtıdır.
Əl çalanlar bilmir,
gəlinin gülüşü saxta,
oyunu – zəncir.
Bu toydurmu?
Yoxsa tarix təkrar bir faciəmi yazır?
Zurna səsi çökür həyətə,
nəfəs içində gözlər süzülür.
Əl çalır padşah —
saxta gülüşlə səslənir:
"Sağ olsun aşıq!"
Kimsə bilmir,
bu “sağ olsun”
nəyin içində boğulur...
Əllərin arasından
bir sükut süzülür:
hər çəpikdə bir nəfərin boynu bükülür.
Fərraş çevikdir,
şallaq hazır.
Çubuq danışanı susdurmaq üçündür burada.
Söz — öz haqqına düşmən,
sükut — mərtəbədir.

II. İmamqulunun oyunu

Süzür İmamqulu.
Ayaqları palazda,
bədəni sümüksüz bir rəqs.
Oynayır,
amma sevinmir.
Gözləri bacaya dikilib —
orda heç nə yoxdur,
amma orda bəlkə də
bir az azadlıq var.
İmamqulu rəqs edir —
çünki dayanmaq olmaz.
Əmr var.
Əmr içində ruh boğulur,
bədən isə qıpırdayır.

III. Məşədi Həsənin falaqqası

Məşədi Həsən danışdı:
“Toydu, amma gəlin uşaqdır…”
Fərraş eşitdi —
Fərraş sevinir:
dəmir çubuğa yenə iş düşdü.
Padşah yerdən qalxır,
hakimiyyətin donuq təbəssümü üzündə…
Əmr edir:
“Fərraş! Falaqqaya sal!”
Sözə qiymət qoyan deyil bu meydanda –
danışan susar,
susmayan əzab çəkər.
Zurna susmur.
Ədalət dilsiz,
ağıl təhqir içində.
Ayaqları bağladılar,
ayaq altı bir taxta,
çubuq isə — padşahın ləyaqətidir.
Fərraş döyür.
Hər zərbədə bir sual susar,
hər sızıda bir həqiqət gömülür.
Zurna yenidən başlayır,
bu dəfə
ayağı qan-qancır Məşədi Həsən oynamalıdı
Çünki “xalq əylənməlidir”.

IV. Gəlinin gəlişi

Məclis gurultudadır.
Saz yanır.
Kəsmə hava doğranır dəf üzərində.
Süzürlər.
Sanki hər fırlanışda
bir gəlinin boynu bükülür,
bir arvadın gülüşü yarımçıq qalır.
Əl çalan əllər –
çoxunun öz qızını eyni yola salan əllər…
Uzaqdan bir pıçıltı:
“Gəlin gəlsin…”
Al yanaqlar,
gözlər yerdə.
Əlində sünbül kimi tellər.
Addımları dinc,
amma içində fırtına.
Çünki bu toya könül yox,
əmr gətirib onu.
Səkinin səsi
bir qəlbin dağılma səsidir.
Süzür gəlin.
Süzdükcə gözləri dolur.
Əlləri üzünə çəkir…
Və hönkürür.

V. Gəlinin səsi

“Siz bacımı da belə vermişdiniz…
O, çox ağlayırdı.
İndi də torpaq altındadır.
Məni də ona qoşursunuz?..
Ərim olmayacaq o kişi –
Atam yaşındadır.
Mən sevmirəm,
qorxuram.”
Gəlinin səsi titrəyir,
ama ətrafda daş kimi üzlər.
Bir anası kövrəlir —
o da illərdir bu sistemin içində.
O da ağlayır,
amma gecdir.
Kim dinləyəcək gəlinin səsini?
Kim saxlayacaq bu qızın göz yaşını
tarixin səhifəsində?
Şabaş deyil bu səslər –
vicdanın cırıltısıdır.

VI. Analar və Qızlar

Ağlaşma başlanır:
qızlar ağlayır,
gəlinlər susur –
çünki onlar da vaxtilə
bu oyunun içində oynadılmışdı.
Toy çalır,
amma
hər ritm bir qəlbi sındırır.
Zurna bəlkə də
ağı çalır – bilmədən.
Saz ağlayır – korun-korun.
Bu torpaqda
vəfa da alqı-satqı kimidir.
“Gözlədim səni on il” – deyən kişi,
qız böyüyəndə
on dörd yaşında ərə verir.
Və bunu vəfa sayır.
Sazın səsi bunu çəkə bilmir.
Zurna ağlayır.
Tarix bir daha yazılır:
Əli üzündə – bir qız.
Əli çubuqda – bir kişi.
Əl çalanlar –
təkrarın səssiz iştirakçıları.
Söz yenə aşıqdadır:
“Mən bu dərədən ötmərəm
Ağsaqqala getmərəm…
Hokkabaz oğlan gərək,
Kəkili saz oğlan gərək…”

VII. Aşığın son sözü

Aşıq baxır bu səhnəyə:
hər üz – bir kitab.
Hər qadın – bir zəncir.
Hər uşaq – bir sual.
Sazına qonan barmaq
bu dəfə bir kədəri doğurur:
“Ağsaqqala getmərəm,
Sözümə yetmərəm;
Bu dağda bir qız yandı,
Adı da unutuldu.
Mən adımı silmərəm,
Mən sükuta gömülmərəm…”
Söz bitdi.
Zurna susdu.
Toy dayandı.
Yalnız gəlinin göz yaşları –
hələ axırdı.

E P İ L O Q

“O həyətdə illər sonra...”

Həyətdə sakitlikdir.
O səsli-küylü toyun yeri
indi boş bir həyət…
Zurna susalı çox olub.
Aşıq da köçüb.
Gəlin? — onun adını heç kim yadında saxlamayıb.
Ancaq,
divarın dibində
bir yabanı çiçək var —
sanki göz yaşından bitib…
Uşaq səsi gəlir içəridən.
Qapının ağzında dayanıb soruşur:
— Ana, niyə bu evdə toy olmur. 
Ana susur.
— Bu həyətin bəzəkləri hanı?
— Bəs niyə heç kim oynamır?
Ana gülümsəyir,
amma bu gülüşdə
bir ömrün kədəri var.
Uşaq görmür.
Uşaq hələ bilmir —
o süzən gəlinin
kim olduğunu.
Uşaq dönür:
süzür yavaş-yavaş,
ayaqları torpağı öpür sanki…
Oynayır.
Amma
öz oyununu.
Öz istəyi ilə.
Və bu oynaq səsin içində
zurna səsləri yenidən doğulur —
amma daha acı deyil.
Bu dəfə toy
qadınların göz yaşına yox,
gülüşünə dayanır.
Bu dəfə
qız uşaqları ağlamır,
çünki
öz seçimlərini edirlər.
Bir zaman
göz yaşları ilə yuyulan həyət
indi
azadlığın addım səsləri ilə silkələnir.

Son misra:

Toy yenə vurulacaq…
Amma bu dəfə
Gəlinin gözlərində sevinc,
Çiynində kölgə olmayacaq…


Ədalət Qarabulud.

BİA.az
скачать dle 12.1