Bia.Az

ABŞ-ın məxfi Cənubi Qafqaz planı – Azərbaycan hazırlığa başlamalıdır

Siyasət
 15-06-2024, 20:27     593

Son 1 həftədə İrəvana səfər edən Amerika rəsmilərinin Azərbaycana gəlməməsinin səbəbi müəyyən suallar yaradır.

Onlar Ermənistanı yola gətirir, rəsmi İrəvana Azərbaycanın tələbləri ilə razılaşmağı tövsiyə edirlər deyə Bakıya gəlmələrinə gərək qalmır?
Mövzunu Globalinfo.az-a şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, ABŞ-ın keçmiş münaqişədən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması adı altında atdığı addımlar səmimi deyil:
“Aprelin 5-də Brüsseldə baş verən görüşdə Azərbaycanın iştirakı təmin edilmədi. Avropa Komissiyası, ABŞ və Ermənistanın iştirakı ilə reallaşan görüşdə Azərbaycan da iştirak etməli idi. Bu hallar iki ölkə arasında münasibətlərin normallaşması adı altında atılan addımlara kölgə salır. Birtərəfli səfərlərin edilməsi də səmimiyyətdən uzaqdır. Çünki İkinci Qarabağ müharibəsinə qədər həmin görüşlər iki tərəfin iştirakı ilə həyata keçirdi. Prosesi post-münaqişə dövrünə gətirən Azərbaycan indi danışıqlardan kənar qalır. Amma Ermənistan rəsmi Bakı və Ankaraya qarşı ərazi iddiasından əl çəksə, konstitusiyasında dəyişiklik etsə, sülh müqaviləsinin imzalanması birbaşa iki ölkə arasında heç bir ölkənin iştirakı olmadan reallaşa bilər”.
Politoloqun sözlərinə görə, ABŞ-ın sözügedən addımları Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına maneə yaradır:

“Azərbaycanda ciddi şübhələr, Ermənistanda isə revanşist qüvvələrin cəsarətlənməsinə şərait yaradır. Revanşist qüvvələrin əli güclənsə, bu səfərlərin sayı artsa belə, mövcud reallıq dəyişməyəcək. Sadəcə sülh müqaviləsinin imzalanması ləngiyəcək. ABŞ-ın Ermənistanla münasibətləri normallaşdırmaq, inkişaf etdirmək istiqamətində verdiyi açıqlamalar Azərbaycanı qıcıqlandırmağa hesablanıb”.
Xəyal Bəşirovun sözlərinə görə, bu hal gələcəkdə Ermənistanın daha pis vəziyyətə düşməsinə səbəb olacaq:
“Sülhə nail olmaq istəyən tərəflər bütün məqamlara rəğmən Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur etməlidir. Amma hazırda bunun əksinin şahidi oluruq. Azərbaycan Ermənistanla əbədi təhlükəsizlik, sabitlik yaradacaq sülh sazişi imzalamaq istəyir”.скачать dle 12.1