Bia.Az

"Parlamentli respublika idarəetməsinə keçid real deyil" - AKTUAL

Siyasət
 8-02-2024, 15:50     172

Azərbaycanda dünən keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinə əsasən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, hazırkı Prezident İlham Əliyev qalib gəlib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransında bildirib ki, hazırda 6 min 537 məntəqədən 3 min 561-nin nəticələri daxil olub ki, bu, ümumi məntəqələrin 54,47 faizidir: "İndiyə qədər (dünən axşamadək) 2 milyon 715 min 667 bülleten sayılıb, etibarlı səslərin sayı 2 minyon 711 min 804-dür".

M.Pənahov nəzərə çatdırıb ki, ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb: İlham Əliyev – 92,10 faiz, Zahid Oruc - 2,20 faiz, Fazil Mustafa - 1,99 faiz, Qüdrət Həsənquliyev - 1,78 faiz, Razi Nurullayev - 0,79 faiz, Elşad Musayev - 0,66 faiz və Fuad Əliyev - 0,48 faiz.

Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,10 faizini toplayaraq qalib gəlib.

Qeyd edək ki, seçkilərin tam rəsmi nəticələri yaxın vaxtlarda elan olunacaq.

“Zəfər seçkisi” də adlandırılan dünənki seçkilərdən sonra Azərbaycanın yeni dövrə qədəm qoyduğu yüksək səviyyədə bəyan edilib. Yeni dövrdə Azərbaycanı nə gözləyir?

AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Məmmədov qeyd edib ki, ölkəmiz üçün tarixi dövr başladı:

- Əvvəlcə onu deyim ki, hər bir seçki xalqın iradəsinin hakimiyyət pramidasının zirvəsinə daşınması hadisəsidir. Dünən Azərbaycan xalqı siyasi iradəsini, siyasi mədəniyyətini nümayiş etdirdi, kütləvi şəkildə səsverməyə qatıldı. Ona görə də düşünürəm ki, bu seçkidə xalqımız qalib gəldi. Azərbaycan xalqı öz iradəsini nümayiş etdirdi, iradəsini hakimiyyət zirvəsinə daşıdı. Artıq deyə bilərik ki, cənab Prezident İlham Əliyev yenidən Azərbaycan lideri olaraq fəaliyyətini davam etdirəcək. YAP-ın namizədi, bizim namizəd seçkilərdə böyük səs çoxluğu ilə şəksiz qələbə qazandı. Bu gündən Azərbaycanda yeni dövr başlayır. Prezidentimiz bildirmişdi ki, bu seçki ilə yeni dövrün başlanğıcı olacaq.

- Yeni dövrdə Azərbaycanı nə gözləyir?

- Prezident İlham Əliyevin namizəd olaraq özünün platforması var. Istər xalqımızın, dövlətçiliyimizin strateji perspektivləri baxımından, istərsə də millətimizin prioritetləri, dövlətimizin inkişaf prioritetləri baxımından daha komplekt yanaşma həmin platformada əksini tapıb. Prezidentin namizəd olarkən teledebatlarda səlahiyyətli nümayəndələri bu platforma təqdim edildi. Xalqımızın İlham Əliyevə səs verməsini təmin edən əsas məqamlardan biri də məhz bu idi. Düşünürəm ki, həmin platformaya əsasən cənab Prezident fəaliyyətini davam etdirəcək və ölkəmiz daha da inkişaf edəcək.

- Belə fikirlər var ki, teledebatlarda daha çox İlham Əliyevin gördüyü işlərdən söz açıldı, vədlərdə yeni nələrsə yox idi...

- Mən bu fikirlərlə razılaşmıram. Azərbaycan Prezidentinin özünün dilindən səslənən fikirlər var idi ki, xalqın səsini almaqda bu fikirlər önəmli yer tutdu. Ölkə başçısı bildirdi ki, yeni ideya və yeni çağırışlarla üz-üzəyik. Bir dövr bağlanır, yeni tarixi dövr başlayır. Əlbəttə, vədlərlə bağlı müxtəlif yanaşmalar ola bilər və bu, təbiidir. Amma İlham Əliyevin seçki vədlərində yeniliyin olmamasını demək doğru yanaşma deyil. Prezidentin də dediyi kimi, Azərbaycanda yeni tarixi dövr başladı və bu dövr Azərbaycan dövlətinin daha da inkişafına aparacaq.

- Yeni çağırışlar dedikdə digər namizədlər idarəetmə sistemində dəyişikliklər təklif edirdilər. İdarəetmədə dəyişiklik gözlənilirmi? Məsələn, parlamentli respublikaya keçid mümkündürmü?

- Hər bir cəmiyyətin siyasi institutları onun ailə institutlarının davamıdır. Yəni siyasi sistem mentalitet, milli xarakter, milli psixologiya hadisəsidir. Məsələn, deyirlər ki, gəlin biz parlamentli respublikaya keçək, parlamentli idarəetmə olsun. Bu, tənqidə dözümsüzdür. Belə idarəetməyə keçid real deyil. Bizim tarixi dövlətçilik tariximiz mövcuddur. Demokratiya bəlkə də müasir baxımdan yeni hadisədir, son 3 yüz ilin hadisəsidir. Amma arxaik demokratiya dediyimiz hadisə var ki, biz o arxaik demokratiyanın inkişaf və təkamül mərhələlərinin hamısını keçmişik. Bütün dövrlərdə ənənəmizə sadiq qalmışıq.

Əsas məsələ yeni milli ideya məsələsidir. Prezident İlham Əliyev yeni milli ideyanın anonsunu vermişdi. Hər bir xalqın və dövlətin prioriteti var. Daimi prioritetlərə dövlətin inkişafı, iqtisadi islahatlar, əhalinin sosial rifahı, xarici siyasətin təkmilləşdirilməsi, vətəndaşların intellektinin artması, hüquqi, demokratik institutların inkişafı və s. aiddir. Bir də milli ideya, milli demokratiya prioritetləri var. Biz tariximizin elə bir mərhələsinə qədəm qoyuruq ki, bu, fövqəladə mərhələdir. Milli demokratiyamız tamamilə yeni keyfiyyətə yüksəlməlidir. Məsələyə bu prizmadan baxmaq lazımdır. Məsələn, Prezident İlham Əliyev milli ideyadan danışarkən bildirdi ki, dünyada yaşayan azərbaycanlıların hüquq və təhlükəsizliyi dövlətimizin əsas məsələsidir. Demək, Azərbaycan xalqının tarixi coğrafiyasında ortaq milli identikliyimiz yeni prioritetdir. Azərbaycan liderinin heç bir fikri əzbərə deyilmiş fikir deyil, mütləq alt qatında məntiq və plan var.
скачать dle 12.1