Bia.Az

Kəmaləddin Heydərov üçün iki ssennari: FHN ləğv olunur? - İLGİNC İDDİALAR...

Siyasət
 8-02-2024, 10:52     100

Ötən günlərdə xəbər vermişdik ki, seçkilərdən sonra hakimiyyət bir sıra kadr və struktur dəyişikliyinə gedəcək. Bunu həm komandanı yeniləmək, həm də idarəetməni optimallaşdırmaq üçün edəcəyi qeyd edilir.

JAMAZ.İNFO-ya daxil olan məlumatda deyilir ki, ləğv edilməsi nəzərdə tutulan qurumlardan biri Fövqəladə Hallar Nazirliyidir. FHN-in son illər adı bir çox qalmaqallarda hallanmaqla yanaşı, fəaliyyəti də sistemli olaraq tənqid olunub. Əgər nazirlik əvvəllər Kəmaləddin Heydərovun şəxsi nüfuzu sayəsində ayaqda dura bilirdisə, hazırda bu nüfuz da heç bir işə yaramır.

Gələn məlumatlarda iddia olunur ki, FHN ləğv edilsə də, onun səlahiyyətləri başqa bir nazirliyə veriləcək. Belə ki, FHN-in birləşdiriləcəyi əsas qurum kimi, DİN-in adı çəkilir. Bu isə səbəbsiz deyil. Çünki bu nazirliyin bir çox idarələri uzun zaman DİN-in tərkibində olub. Məsələn, Yanğından Mühafizə İdarəsi və sairə.

Nəzərə alaq ki, fövqəladə hallarda FHN-dən tez əraziyə polis əməkdaşları yetişir. Binəqədidə baş verən son partlayış zamanı da DİN əməkdaşları FHN-dən tez əraziyə çataraq, daha böyük fəlakətin qarşısını almağa nail olmuşdular.

Nüfuzdan düşən və getdikcə daha dərin “bataqlıq”da batan FHN-in başqa bir quruma birləşdirilməsi məsələsi də müzakirə mövzusu ola bilər. Bunun Müdafiə Nazirliyi ola bilmə ehtimalları irəli sürülür. Bu da onunla əsaslandırılır ki, FHN-in tərkibindəki mülki müdafiə qoşunları bir zamanlar elə MN-in tərkibində fəaliyyət göstərib.

Mümkün versiyalardan biri də odur ki, FHN ləğv edilərsə, onun tərkibindəki bəzi idarələr DİN-ə, bəziləri isə MN-ə veriləcək.

FHN ləğv olunarsa, Kəmaləddin Heydərovun aqibəti necə olacaq? JAMAZ.İNFO xəbər verir ki, Heydərovun vəzifəsiz qalması real görünmür. Elə gələn xəbərlərdə də bu xüsusi vurğulanır. Çünki FHN şefinin hakimiyyət qarşısında xidmətləri heç də az deyil. Və bu xidmətləri bu və ya digər şəkildə qiymətləndirmək lazım gələcək.

Heydərovun hansı vəzifəni tuta biləcəyinə gəldikdə isə bununla bağlı iki versiya mövcuddur. Birincisi, Təhlükəsizlik Şurasının katibi postudur. Hazırda həmin vəzifədə Ramil Usubov əyləşib. Onun fəaliyyəti isə yox kimi bir şeydir. Eyni zamanda, son zamanlar Usubovun qohumlarının adının narkotik ticarətində hallanması da, TŞ katibin vəzifədən getməsi üçün siqnal rolunu oynayır.

Digər vəzifə kimi isə Prezidentin müşaviri postlarından biri göstərilir. Lakin Heydərovun hansı sahə üzrə müşavir ola biləcəyi bəlli deyil. Çünki onun işinə uyğun müşavirlik postu mövcud deyil.
скачать dle 12.1