Bia.Az

Makronun bu cümləsi Ermənistanı silkələdi – Nəyə hazırlıq gedir?

Siyasət
 22-01-2024, 12:24     103

Fransa Prezidenti Emannuel Makron Silahlı Qüvvələr qarşısında çıxışı zamanı deyib ki, rəsmi Paris Ermənistanla bağlı tarixi qərar verib.

“Balkanlar, Ermənistan bizim diqqətimizi çəkdi və mövqelərimizi gücləndirməyə, xüsusən də Ermənistanla bağlı tarixi qərarlar qəbul etməyə səbəb oldu”, – o qeyd edib.
Fransa liderinin bu cümləsi Ermənistanda geniş müzakirələrə səbəb olub.
Maraqlıdır, Makron “tarixi qərar” dedikdə nəyi nəzərdə tutur?
Mövzu ilə bağlı Gloablinfo.az-a danışan politoloq Sultan Zahidovun sözlərinə görə, 2024-cü ildə Fransa ordusunun əsas məqsədi rəsmi Parisin xarici əlaqələrini və nüfuz dairələrini qorumaqdan ibarət olacaq:
“Makron burada əsas diqqəti Balkanlara və Ermənistana yönəldib. Bu çıxışın arxasında Fransanın digər regionlardan, əsas da Afrikadan sıxışdırılıb çıxarılması dayanır. Fransa Niger, Mali , Burkino Faso və digər ərazilərdə öz nüfuz dairəsini itirmək üzrədir. Həmin ölkələrin rəhbərləri Parisə qarşı sərt tədbirlər görüblər. Burada itirilən nüfuzu digər ərazilərdə bərpa etməyə çalışır.
Görünür, Fransa “parçala və hökm sür” siyasətindən vaz keçmək niyyətində deyil. Cənubi Qafqazda Fransanın son bir neçə ildə artan fəallığı sülhə və əmin-amanlığa hesablanmayıb. Öz məkrli planlarını həyata keçirmək üçün Ermənistandan proksi qüvvə kimi istifadə etməyə, Rusiyanın azalan nüfuzu kontekstində Cənubi Qafqazda nüfuz sahibi olmağa çalışır”.
Politoloqun fikrincə, Ermənistanla bağlı verilən tarixi qərarda iki nüansa diqqət yetirmək lazımdır:
“Birincisi, bu tarixi qərar Fransa və Ermənistan arasında bir neçə ay öncə baş tutmuş hərbi-texniki əməkdaşlıqla bağlı saziş ola bilər. Bununla da İrəvana silah yardımı xeyli artmış, “Bastion” zirehli maşınları verilmişdi.
İkincisi isə bu, ictimaiyyətə aydın olmayan qərar ola bilər. Güman ki, iki ölkə arasında növbəti sazişin imzalanması, hərbi-texniki sahədə təhlükəsizliyin təmin edilməsi də bura daxildir. Belə bir proses 1990-cı illərdə Ermənistan və Rusiya arasında təhlükəsizlik sazişi imzalanması ilə baş tutmuşdu. Bu saziş tərəflərdən birinə hücum halında digərinin yardımını nəzərdə tuturdu. Ona görə də qarşılıqlı mübadilə paktının imzalanması istisna deyil”.

Sultan Zahidov bu sazişin müəyyən problemlər yaradacağına da diqqət çəkib:
“Birincisi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına böyük əngəl yaradacaq. Ermənistanın daha da şirniklənib, ölkəmizə qarşı təxribat törətməsi də istisna deyil.
İkincisi, belə bir sazişin imzalanması onsuz da qarışıq vəziyyətdə olan Ermənistan-Rusiya münasibətlərini gərginləşdirəcək. Rəsmi Moskvanın İrəvanla bağlı ciddi addımları ola bilər. Hətta çevriliş də həyata keçirilməsi mümkündür. İki ölkə arasında təhlükəsizliklə bağlı sazişin imzalanması Ermənistanın Rusiya və KTMT təsirindən çıxması deməkdir. Türkiyə də belə bir sazişə qarşı olacaq. Fransanın Cənubi Qafqazda məkrli planlarını həyata keçirməsinə əsas sədd Azərbaycan-Türkiyə birliyidir. Makron “tarixi qərar” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamadığı üçün müxtəlif variantlar irəli sürülür. Hərbi müdafiə sazişi, ticari-iqtisadi razılaşma, Fransanın Ermənistanda baza yaratmaq istəyi ola bilər. Bu isə ən dəhşətli haldır, çünki Fransa-Rusiya, Rusiya-Ermənistan münasibətlərində böyük problemlər yaranacaq”.
Politoloqun sözlərinə görə, Fransa və Ermənistan arasında təhlükəsizlik sazişinin imzalanması o demək deyil ki, Paris hər dəfə İrəvanın “başı ağrıyanda” ona yardım edəcək:
“Fransa indiyə kimi maraq dairəsindəki hansısa ölkəyə belə yardım göstərməyib. Əksinə Ermənistan Fransanın məkrli planlarını həyata keçirmək üçün vasitə olduğunu anlamalıdır. Nikol Paşinyanın ağlı varsa, bu cür sazişlərdən imtina etməli, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmalıdır”.скачать dle 12.1