Bia.Az

“Sülh müqaviləsi günü sabah da imzalana bilər, amma...” - NƏ BAŞ VERİR?

Siyasət
 18-01-2024, 11:57     174

Cənubi Qafqaz üzrə ekspert, “Azadlıq” radiosunun köşə yazarı Vadim Dubnovun AYNA-ya müsahibəsində Azərbaycan ilə Ermənistan arasındakı problem, sülh gözləntiləri, kənar siyasi oyunçuların Cənubi Qafqazdakı maraqları və 2024-cü ildən gözləntilər barədə danışıb. Beləliklə:

- 2024-cü ildə Moskva ilə İrəvan arasında münasibətlər necə inkişaf edəcək? Paşinyan yenə də Moskvaya daha loyal olacaq, yoxsa tamamilə Qərbə inteqrasiyaya başlayacaq?

- Düşünmürəm ki, Paşinyan Moskva ilə münasibətləri kəsmək və ya Qərbə getmək məsələsini ciddi şəkildə gündəmə gətirir. Mən əmin deyiləm ki, Qərblə inteqrasiya həqiqətən Ermənistan üçün gündəmdir. Qərbə inteqrasiya, Qərbə getmək çox böyük, ciddi dəyişikliklərdir, çox ciddi islahatlar deməkdir. Məncə, Ermənistan indi buna hazır deyil, hətta onun lideri də eyni vəziyyətdədir. Ona görə də düşünürəm ki, Moskva ilə münasibətlərin müəyyən xətti bərpa olunacaq. KTMT və digər strukturlar səviyyəsində münasibətlər mərhələli şəkildə bərpa olunacaq. Amma Qərblə yaxınlaşma istiqamətində bəzi ritual, simvolik addımlar atılacaq. Moskvada bəzi lobbiçiləri qıcıqlandıracaq şeylər olacaq, amma bunun fundamental xarakter daşıyacağını düşünmürəm.

- ABŞ Azərbaycanı dini etiqad azadlığı məsələlərinə görə “qara siyahı”ya salıb. Eyni zamanda, bu ilin fevralında Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi barədə də söhbətlər gedir. ABŞ-ın belə bir hərəkətindən sonra bu görüş baş tutacaqmı? Bunu Qərbin sülh müqaviləsinin imzalanmasını pozmaq üçün növbəti təxribatı adlandırmaq olarmı?

- Düşünmürəm ki, Azərbaycanın Qərblə, xüsusən də Fransa və ABŞ-la münasibətlərinin pisləşməsi potensialı daha da artacaq. Düşünürəm ki, 2024-cü il bu münasibətlərin düzəldilməsinə həsr olunacaq, çünki Azərbaycanın xarici siyasət strategiyası əsasən Qərblə Şərqdən bərabər məsafəyə köklənir və mənə elə gəlir ki, 2023-cü ildə Azərbaycan əsasən Şərqə doğru addımlar atıb. İndi isə vəziyyəti düzəltmək lazımdır, ləng gedəcək və bir çox amillərdən asılı olacaq, çünki Azərbaycanla Qərbin bir-birinə kifayət qədər sualları var.

Hesab edirəm ki, Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı vəziyyətin özü amerikalılarla fransızların Bakı ilə yeni fikir ayrılıqlarına səbəb ola bilər. Amma düşünürəm ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin hansısa mərhələli şəkildə normallaşması Azərbaycanın bərabər məsafədəki orbitinə qayıtmasına xidmət edəcək.

- Ermənistanın siyasi dairələrində 2024-cü ildə növbədənkənar parlament seçkiləri mövzusu fəal müzakirə olunur. Bu seçkilərdə Paşinyanın rəqibləri varmı?

- Növbədənkənar seçki kimi siyasi manevr var. Müddəti bitməmiş səlahiyyətlərin erkən qanuniləşdirilməsi. Paşinyanın da növbədənkənar seçkilər keçirəcəyi ilə bağlı ehtimallar var. Amma Paşinyan heç bir strateji qərar verməyib və növbədənkənar seçkilərlə bağlı məlumatlar mənə politoloqların spekulyasiyası kimi görünür. Baxmayaraq ki, bu, Paşinyanın birdən “ayılaraq” növbəti seçkini gözləməmək üçün növbədənkənar seçkilər keçirmək qərarına gələcəyini istisna etmir. Amma indi onun rəqibi yoxdur və bu, seçkilərin keçirilməsinə əsas vermir. Mənə elə gəlir ki, Ermənistanda seçki kampaniyasının reallığa çevrilməyə hazır olduğunu düşünmək üçün bu gün deyilənlər hələ kifayət deyil.

- Hələlik heç bir üçüncü tərəf Bakı ilə İrəvan arasında danışıqlarda irəliləyişə nail ola bilməyib, halbuki ötən ilin sonunda Azərbaycan və Ermənistan birgə bəyanat verib və bütün əsirləri dəyişdiriblər. Üçüncü tərəflər olmadan sülh müqaviləsinin bağlanması şansları nə qədərdir?

- Bəli, ötən ilin sonunda Azərbaycan və Ermənistan belə bir bəyanatla çıxış etdi, amma mənə elə gəlir ki, bu, vasitəçilərin ümumiyyətlə iştirak etmədiyi tədbir deyildi. Vasitəçilər olmasa, belə şeylər olmur. Sual olunur: vasitəçiləri hansı maraqlar və motivlər hərəkətə gətirir və bu vasitəçilər hansı texnologiyalardan istifadə edirlər? Ola bilsin ki, biz indi çox qədim və möhkəm texnologiyadan, Minsk Qrupunun texnologiyasından uzaqlaşmağın şahidi oluruq. O zaman hansısa prinsiplər, yeni ideyalar, planlar tərəflərin qarşısında masaya qoyulurdu. İndi məlum olub ki, bu vasitəçilərin heç biri Bakı və İrəvanın qəbul edə biləcəkləri planlarını təklif edə bilmir.

Düşünürəm ki, indi biz bu danışıqları təşkil etməkdən danışırıq və Ermənistan və Azərbaycan özləri bu yolu asfaltlayır, o zaman hansısa məqamda bu yol danışıqlar prosesi kimi rəsmiləşdirilə bilər. Danışıqlarda irəliləyişin olacağı ehtimalına mən əminəm. Bu il ciddi kəskinləşmələr olmamalıdır. Amma sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və bütün kommunikasiyalar məsələsində o qədər də optimist deyiləm. Çünki sülh müqaviləsinin imzalanması çətin deyil. O, hətta sabah da imzalana bilər. Amma siz istəyirsinizsə ki, orada heç olmasa əhəmiyyətli nəsə olsun, o zaman mənim fikrimcə, hələ ki, heç bir hazırlıq yoxdur. Xüsusən də bu məsələlərin bir çoxunun həllində təkcə Bakı və İrəvan deyil, həm də vasitəçilərin maraqları iştirak edir. Bu, kifayət qədər uzun prosesdir, lakin yüngülləşdirilmiş sülh müqaviləsinin bəzi versiyasını istisna etmir.
скачать dle 12.1